"Cənubi Qafqaz böyük yanğının içinə atıla bilər"
"Cənubi Qafqaz böyük yanğının içinə atıla bilər"

Vaşinqtondan Cənubi Azərbaycan siyasəti barədə yeni mülahizələr gəldi

Okeanın o tayında güneyli soydaşlarımızın öz hüquqlarını suveren şəkildə reallaşdırması məsələsi hələ də xüsusi diqqət mərkəzində qalmaqda davam edir. Hesab olunur ki, İranla müharibə gözlənildiyindən tez başlasa, Güney Azərbaycanın müstəqilliyi də bir o qədər tez reallaşa bilər.
Məsələni şərh edən Vaşinqtondakı Vudro Vilson Mərkəzinin məsləhətçisi, beynəlxalq siyasət məsələləri üzrə ekspert Aleksandros Peterson məsələ ilə bağlı bildirir ki, Vaşinqtona İran azərbaycanlılarının özünütəyin hüququnu dəstəkləməyə dair edilən çağırışlar, İranda etnik azərbaycanlıların həqiqi mənada dəstəklənməsindən daha çox, Amerika-İran münaqişəsinə və ABŞ-ın daxili siyasətinə aiddir: "Təəssüflər olsun ki, Vaşinqtonda Azərbaycanda və İranda yaşayan azərbaycanlıların tarixi barədə anlayış həqiqi mənada azdır. Kimsə belə bir maraqlı məsələ qaldırıb ki, İranda çoxlu sayda azərbaycanlı yaşayır və güman edib ki, müstəqil Azərbaycan Respublikası ABŞ-ın yaxın müttəfiqidirsə, İranda yaşayan azərbaycanlıların da müstəqillik əldə edəcəyinə ümid etmək olar. Xüsusilə, söhbət münaqişə yaranacağı və ya ciddi qarşıdurma olacağı təqdirdə Amerikanın atacağı addımların dəstəklənməsindən gedir. Lakin hazırda bu mövzu ilə əlaqədar danışıqları ciddi hesab etmək olmaz".
Onun sözlərinə görə, ictimai fikri formalaşdıran müəyyən əhəmiyyətə malik qrup mövcuddur- siyasətçilər və KİV şərhçiləri bu ideyanın vaxtında fərqinə varıb: "Ona görə də, bu məsələdə təkcə konqresmen Den Rorabaher deyil. Həm də ki, İrandakı azərbaycanlıları dəstəkləyənlərin bəzilərində bölgənin tarixi və Azərbaycan-İran münasibətləri barədə heç cüzi təsəvvür belə yoxdur. Daha doğrusu, demək olmaz ki, bu dəstəyin göstərilməsi təklifi pis təşəbbüsdür, lakin hazırda bu təşəbbüsün Vaşinqtonda populyarlığının problemin əsl mahiyyəti ilə heç bir bağlılığı yoxdur".
Ekspertə görə, İranla istənilən hərbi münaqişə, güman ki, Cənubi Qafqaz üçün ciddi fəsadlar törədəcək: "İran rəhbərliyi Bakı-Tiflis-Ceyhan boru kəmərini və Xəzərdəki energetika infrastrukturunu təhdid etmişdi. İran öz ərazisinə endirilən zərbələrə "cavab" olaraq bölgənin əsas məqsədlərinə assimmetrik hücumlar həyata keçirə bilər. İran əhalisinin etnik azərbaycanlılardan ibarət hissəsi həqiqətən bu işə cəlb olunarsa, "oyun"un məcrası tamamilə dəyişə bilər. Bu hal Tehranı zəiflədə bilər, lakin həm də Cənubi Qafqazı böyük yanğının içinə ata bilər".
ABŞ-da qarşıdan gələn prezident seçkilərindən sonra Amerikanın bölgədəki siyasətinin dəyişib-dəyişməyəcəyi ilə bağlı ekspert "gün" portalına açıqlamasında bildirir ki, indiki administrasiya, çox güman, özünün siyasi kursunu dəyişməyəcək: "Çünki mahiyyət etibarilə daha bir prezidentlik dövrünü əldə etmək niyyətindədir. Respublikaçılardan ibarət administrasiya Rusiyaya münasibətdə xüsusilə Gürcüstanın işğal olunmuş əraziləri ilə bağlı daha ziddiyyətli mövqe tuta bilər. Lakin partiyalardan birinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mühüm fokus seçəcəyi çox az ehtimal olunandır. Gürcüstanda gələn il keçiriləcək prezident seçkilərində gözlənilməz nəticələr olarsa, yaxud bölgədə İranla hər hansı hərbi münaqişə başlanarsa, ABŞ-ın bölgəyə münasibəti kəskin dəyişə bilər. Lakin bu, Amerikadakı seçkilərdən daha çox, bölgənin özündə gedən hadisələrə aiddir".
Bu arada ABŞ prezidenti Barak Obama bildirib ki, İranın nüvə silahına sahib olması əsla qəbul edilə bilməz. Onun sözlərinə görə, İranın nüvə proqramı ətrafında yaranmış gərginliyi diplomatik yolla həll etməyə çalışacaqlar: "Ancaq bunun üçün nəzərdə tutulmuş vaxt da məhdudiyyətsiz deyil".
Həmçinin, ABŞ administrasiyası Konqresə İranın "National İranian Oil" şirkətinin İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ilə əlaqədə olduğunu bildirib. Bu təşkilat İranın uranın zənginləşdirilməsi üzrə proqramında iştirakda şübhəli bilinir. Eyni zamanda, ABŞ-ın Maliyyə Nazirliyi İİKK-nin ölkənin tanker donanmasını idarə edən "National İranian Tanker" şirkəti ilə əlaqəsini aşkarlamayıb. Nəzəri baxımdan əlaqələrin aşkarlanması həmin şirkətlə iş aparan xarici maliyyə institutlarına qarşı sanksiyalar üçün imkanlar açır. Belə ki, onların Amerikanın maliyyə sisteminə çıxışı bağlana bilər. Lakin müvafiq qanunvericilik həmin tədbirlərin məcburi qəbulunu nəzərdə tutmur.