23 Avqust 2019
"Hamilə qadınlar bir sıra hallarda ailədə ciddi şəkildə psixoloji zorakılıqlara məruz qalırlar "
"Hamilə qadınlar bir sıra hallarda ailədə ciddi şəkildə psixoloji zorakılıqlara məruz qalırlar " MÜSAHİBƏ 13:20 2012-09-29

"Hamilə qadınlar bir sıra hallarda ailədə ciddi şəkildə psixoloji zorakılıqlara məruz qalırlar "
"Hamilə qadınlar bir sıra hallarda ailədə ciddi şəkildə psixoloji zorakılıqlara məruz qalırlar "

Mehriban Zeynalova: "Son zamanlar ölkədə yenicə doğulmuş körpələrin küçəyə atılması faktları qeydə alınmaqdadır"

Ailədə qadın hüquqların ın tapdalanaması və abort söhbəti zaman-zamana gündəmə gəlməkdə, ictimai düşüncəni məşğul etməkdədir. Milli Məclisdən aldığımız məlumata görə, ölkədə abortların qadağan edilməsi barədə qanun layihəsi hazırlanıb və layihənin yaxınlarda müzakirəyə çıxarılacağ gözlənilir. "Təmiz Dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova ilə bu günki söhbətimiz abortu doğuran səbəblər, Azərbaycan ailəsinin sosial durumu və qadın hüquqları barədə olacaq.

-Mehriban xanım, Milli Məclisdə abortun yasaqlanması barədə qanun layihəsi hazırlanır və bu layihə, çox güman ki, qəbul ediləcək. Ölkədə abort faktları çoxmu qeydə alınır? Ümumən Şərq və İslam mədəniyyəti çərçivəsində böyüyüb tərbiyə almış Azərbaycan insanı aborta niyə imkan verir?
-Söhbət ondan gedir ki, Azərbaycanda edilmiş abort əməliyyatlarının sayı barədə dəqiq məlumat heç vaxt açıqlanmayıb. Amma bununla belə, ölkədə bu əməliyyatlar kifayət qədər həyata keçirilir və bunu kimsə dana bilməz. Aborta çıxış yolu kimi baxmağın bir sıra səbəbləri var. Elə bu gün səhər bizim qurumun qaynar xəttinə bir qadın zəng edib dedi ki, "5 aydır hamiləyəm. Əvvəlcə ərimdən ayrıldım, sonra barışdıq. Amma barışandan sonra ərim bildi ki, mən təkrarən hamilə qalmışam. İndi ərimlə qaynanam məni təhrik edirlər ki, 5 aylıq dölü abort elətdirim. Hətta qarşıma şərt də qoyublar: ya ailə, ya da körpə abort etdirilməlidir". Məsələ burasındadır ki, 5 aylıq dölün məhv etdirilməsi artıq cinayətdir və burada söhbət diri insanın şüurlu şəkildə məhv edilməsindən gedir.
Ölkədə baş tutmuş abortların əksəriyyəti ailələrdə qeydə alınan qadına qarşı zorakılıq faktları ilə bağlıdır. Çünki ölkəmizdə hamilə qadınlar bir sıra hallarda ailədə ciddi şəkildə psixoloji zorakılıqlara məruz qalırlar. Həm əri, həm baldızları, həm də qaynanası tərəfdən. Belə ailələr ölkədə çoxdur. Məsələn, nikahsız olaraq ərə verilmiş yeniyetmə qız uşaqları bu vəziyyətlərə daha çox düşməli olurlar.
Abortların baş verməsinin digər bir səbəbi isə iqtisadi amillərlə bağlıdır. Yəni ailə iqtisadi cəhətdən çətinliklər çəkir və buna görə də növbəti övladın dünyaya gəlməsini yeni çətinliklərin, iqtisadi sıxıntıların başlanğıcı kimi baxır. Buna görə də, necə deyərlər, problemi kökündən həll etmək istəyir.
Amma bu sırada bir amili də qeyd etməmək olmaz. Elə insanlar var ki, (bu fikrim xüsusən də cavan kişilərə aiddir) nizamsız ailə həyatı sürür, ailənin maddi-mənəvi məsuliyyətini daşımaq istəmir, bir sözlə, ailəyə gərəksiz bir şey kimi yanaşır. Belə variantlarda da abortlar ortalığa çıxır.
Abortların qadağan edilməsini ara-sıra ciddi şəkildə müzakirə edirlər. Amma mən bu məsələyə bir qədər fərqli şəkildə yanaşıram. Çünki yenicə doğulmuş körpənin küçəyə atılaraq amansız taleyin ümidinə buraxılmasındansa, onların elə əvvəlcədən abort edilməsi daha məqsədəuyğundur. Ona görə bu qənaətdəyəm ki, son zamanlar ölkədə yenicə doğulmuş körpələrin küçəyə atılması faktları qeydə alınmaqdadır. Hətta körpə uşaqların öldürülməsi və s. hallara da rast gəlməyə başlamışıq. Yenə də deyirəm, bu halların mövcud olmasındansa, abortdan əvvəl vəziyyət araşdırılmalı, səbəblər öyrənilməli, ailənin iqtisadi və psixoloji durumu dərindən öyrənilməli və bütün bunlardan sonra aborta razılıq verilməlidir. Bu mənada dövlət qurumları da işə qoşulmalı və doğulmamış körpənin xilası üçün müvafiq tədbirlər görülməlidir. Çünki ölkədə kimsəsiz küçə uşaqlarının sayının artması abort hallarının çoxalmasından daha çox problem yaradan məsələdir. Çünki küçədə böyüyən valideyinsiz uşaqlar gələcək cinayətkar qrupların əsasını təşkil edəcək. Bu uşaqlar yaşamaq və qidalanmaq üçün istər-istəməz kriminal mühitlərə üz tutacaqlar və yaxud kriminal dəstələrə çevriləcəklər. Belə mühitlərdə narkomaniya və taksomaniyanın yayılması üçün əlverişli şərait var. Bu mənzərəyə küçədə böyüyən uşaqların sağ qalmaq uğrunda tətbiq etdikləri zorakılıqları və dilənçiliyi də əlavə etsək, situasiyanın nə qədər mürəkkəbləşdiyini aydınca təsəvvür etmək olar. Ona görə də hesab edirəm ki, abortları qadağan edib dünyanın gözündə sivil bir ölkə kimi görünməyə çalışmaqdansa abortlara gətirib çıxardan amilləri aradan qaldırmaq lazımdır.
-Deməli, Sizin şərhinizə görə, bu günki cavan ailələrin maddi güzəranı abortların əsas səbəblərindən biridir?
-Bu məqamda bir məsələni xüsusi vurğulamalıyam ki, ölkədəki ailələrin sosial müdafiə sistemi çox zəifdir. Bu da ondan irəli gəlir ki, ölkədəki qanunvericilik ailənin sosial müdafiəsi üçün çox yaxşı imkanlar yaradıb, amma bu qanun layihələrini gerçəkləşdirməli olan icra mexanizmləri lazımi səviyyədə işləmir. Yəni işin mahiyyətinə varanda görürsən ki, ailənin normal dolanması üçün əldə edilən məbləğ kifayət qədər deyil. Bu məbləğin yetərli dərəcədə olmaması və yaxud yeni körpə doğulanda ailəyə edilən birdəfəlik maddi yardımın zəifliyi ona gətirib çıxardır ki, valideynlər artıq yenə də abort barədə düşünməyə başlayırlar. Yəni ailənin sosial müdafiə sistemi güclü şəkildə işləyərsə, onda ölkədə doğulan körpələrin sayı da arta bilər. Məsələn, bu yaxınlarda qadınlar komitəsindən Sədaqət xanım təklif etdi ki, ölkədəki doğuşların artması üçün "Qəhrəman Ana" statusu tətbiq edilsin. Amma bu adın arxasında iqtisadi dəstək də dayanmalıdır ki, qadın dünyaya gətirdiyi körpənin qayğısına qala bilsin. O cümlədən ata da. Bir acı həqiqəti də etiraf etməliyəm ki, indiki Azərbaycan ailələrində ağsaqqal institutu, demək olar ki, ləğv edilib. Bu institut fəaliyyətdə olsaydı, abortların sayı xeyli şəkildə azalardı. Bu məsələlər deqradasiyaya uğrayıb və indiki ailə modeli əvvəlkilərə bənzəmədiyindən ölkədə, necə deyərlər, yarımçıq ailələr çoxalıb. Və bu məqamda qanunvericilik artıq heç bir iş görə bilməz. Ağsaqqallıq institutunun olmaması səbəbindən nikahı olmayan ailələr meydana çıxıb, bunun qaçılmaz nəticəsi kimi nikahsız övladlar dünyaya gəlir. Yəni gördüyümüz kimi, abort məsələsinə adicə bir tibbi prosedur kimi yanaşmaq düzgün deyil. Aborta gətirib çıxardan bir çox kompleks amillər var ki, onların həlli cəmiyyətdə də münbit psixoloji şərait yaradar və Azərbaycan cəmiyyəti də bir çox gərginliklərdən xilas olunar. Əgər biz bu gün abortu qadağan etmək istəyiriksə, onda gərək ailəni sıxan bütün problemləri də həll etmək üçün real addımlar ataq. Bütün məsələləri nəzərdən keçirəndən sonra qərar qəbul etmək olar: abortu qadağan edək, ya etməyək?
İş burasındadır ki, hazırda dünyanın əksər ölkələrində abort məsələsi müzakirə predmetinə çevrilib. Həm xristian mədəniyyətinə mənsub olan dövlətlərdə, həm də islam məkanında. Son zamanlar dini xadimlərimiz də bu məsələ ilə bağlı çıxışlar etməyə başlayıblar: "Allahın verdiyi canı ancaq Allah ala bilər". Xristianlar deyirlər ki, uşaq ananın bətninə düşəndən sonra artıq ruha malikdir və onu məhv etmək böyük günahdır. Abortun qadağan edilməsinin bir tərəfi də bu qənaətlərin geniş yayıldığı Qərb dövlətlərinə gedib çıxır. Amma İslam xadimləri də eyni fikirdədirlər.
-Yəni abort qadağan edilməməlidir?
-Mən bunun tam əleyhinə deyiləm. Lakin abort qadağan edilsə, digər fəsadlar da ortalığa çıxacaq. Məsələn, ev şəraitində baş tutacaq gizli doğuşlar və ya evdə ediləcək gizli abortlar. Nəticədə isə ölüm halları yarana bilər. Bunu da nəzərə almalıyıq. İnsanlar o səviyyədə imkanlı deyillər ki, gizli abortlar uğurla başa çatsın. Fikrimcə, bu qanunun qəbulundan sonra ev mamaçalarının fəaliyyətinə geniş meydan açılacaq. Bu zaman isə aborta məruz qalan ananın müəyyən xəstəliklərə tutulması qaçılmaz olacaq. Görürsünüzmü, adicə abort nə qədər məsələlərə toxunur?
-Ölkədə doğulan körpələrlə ölən körpələrin nisbəti hansı həddədir?
-Beynəlxalq təşkilatların hesabatlarına görə, Azərbaycan bu baxımdan lap axırda olmasa da, lap əvvəldə də deyil. Yəni Azərbaycanda bu göstərici xoşagəlməz həddə deyil.
-Abortun meydana gəlməsində ailədə, cəmiyyətdə qadına qarşı zorakılıq nə dərəcədə rol oynayır?
-Abortun gerçəkləşməsində bu amil həlledici rol oynayır. Sizə deyim ki, bu amillərin sırasında qanunsuz nikahlar ön planda çıxış edir. Bu da ona gətirib çıxardır ki, özünü gələcəyinə tam inamla yaşamayan gənc qadın təhlükəli addıma - aborta əl atmalı olur. Bu, qadının taleyinə qarşı zorakılığın bir növüdür. İkinci amil dini nikahlarla, yəni kəbinlərlə bağlıdır. Belə hallarda qadının mülkiyət hüquqları, valideynlik səlahiyyətləri avtomatik şəkildə pozulur. Üçüncü amil isə məişət zorakılığ deyilən halla bağlıdır. Televiziyalarda göstərilən cinayətlərin xronikalarına baxın, hər həftə Azərbaycanda, ən azı, iki qadın öldürülür və yaxud ölümcül hala salınır. Bizim apardığımız araşdırmalar da bu faktları kəskin şəkildə təsdiqləyir ki, Azərbaycan ailəsində ən az müdafiə oluna bilən kəs qadındır. Bu, çox ciddi bir məsələdir və ölkə miqyasında qadına qarşı zorakılıq getdikcə çoxalır. Və zorakılıq törədən şəxslər özlərinə bununla bəraət qazandırırlar ki, qadınları əxlaqsızdır və buna görə də onları öldürürlər. Həmin situasiyada qadının günah sahibi olub-olmaması bir yana qalsın, qadının, onun ailəsinin şərəfinə də ləkə yaxılır. Hələ bu qadının öldürülməsinə görə cəzanı müəyyən edən Cinayət Məcəlləsini də yada salsaq, mənzərə daha da xoşagəlməz olur.
Ailələrimizdə qadının döyülməsi də adi faktlardan biridir. Hər on ailədən, bəlkə də, beşində, yeddisində qadının döyülməsi baş verir. Bunu isə hamımız çox yaxşı bilirik.

Söhbətləşdi: Savalan