Partiya sədrinə iki milyon dollar atıblar
Partiya sədrinə iki milyon dollar atıblar
Sabir Tanrıverdiyevin biznes layihəsi
Belorusiyada fiaskoya uğradı

Milli Dirçəliş Partiyasının sədri Sabir Tanrıverdiyevin hakim dairələr yanında etimadını itirməsi onun biznes fəaliyyətinə də mənfi təsirini göstərməkdədir. Elə onun nəzarəti altında olan Sumqayıt maşın bazarı ilə bağlı yaşananlar da bunun təsdiqi kimi çıxış edə bilər. Xatırladaq ki, bir müddət öncə adıçəkilən baxarda vergi yoxlaması həyata keçirilmiş və aşkarlanan pozuntular səbəbindən bazarın fəaliyyətinə son verilmişdi.
Bir müddət fəaliyyəti dondurulan maşın bazarı sonradan yenidən bərpa etsə də bu heç də Sabir Tanrıverdiyevin "yuxarılar"la problemini həll etməsi anlamına gəlməməlidir. Bununla bağlı "Unikal"a danışan məlumatlı mənbənin sözlərinə görə, Sabir Tanrıverdiyev artıq əvvəlki etimad və hörmətin sahibi olmadığı üçün onun maneəsiz olaraq respublikada bizneslə məşğul olmasında da problemlər yaranıb. Partiya sədri özünə qarşı olan mövcud etimadsızlığı aradan qaldırmaq məqsədilə çoxsaylı cəhdlər göstərməsinə rəğmən onun səyləri hər dəfəsində nəticəsiz qalıb. Mənbə bildirir ki, səylərinin nəticəsiz qaldığını görən Sabir Tanrıverdiyev alternativ yollar aramaq eşqinə düşüb və bu bu sevda ona heç də ucuz başa gəlməyib.
Belə ki, Azərbaycanda əl-qolunun bağlandığını hiss edən partiya sədri xaricdə biznes qurmaq niyyətinə düşüb və bu məqsədlə Belorusiya respublikasında yaşayan iş adamları ilə əlaqəyə girib. Mənbəmizin sözlərinə görə, həmin adamlar Azərbaycanın cənub bölgəsindən olan Azərbaycan vətəndaşları olub və uzun müddətdir ki, Belorusiya paytaxtı Minskdə bizneslə məşğuldurlar. Həmin iş adamları Sabir Tanrıverdiyevi inandıra biliblər ki, əgər o Miskdə nəzərdə tutulan bazarın tikintisinə öz maddi dəstəyini göstərsə yaxın gələcəkdə çox böyük məbləğdə qazanc əldə edə biləcək. İnlərlə yerində tanış olmaq üçün Sabir Tanrıverdiyevin iki dəfə Belorusiya paytaxtına səfər etdiyini bildirən mənbəmiz sonda partiya sədrinin bu təkliflə razılaşdığını deyir:
"Sabir Tanrıverdiyev əslən cənub bölgəsindən olan həmin iş adamları ilə anlaşıb, razılaşma isə belə olub ki, cənublular Minksdə bazar tikintisi üçün vacib olan ərazini alacaqlar. Yerdə qalan iş yəni, bazarın tikilib başa çatdırılması isə Sabir Tanrıverdiyevin öhdəçiliyində olub. İlk vaxtlar işlər plan üzrə gedib, belə ki, Minskdə baxar üçün yer alınıb, Sabir Tanrıverdiyev isə vəd etdiyi kimi ticarət obynetinin tikintisi üçün lazım olan məbləği ödəyib. Bu məbləğin isə nə az, nə çox düz 2 milyon dollar civarında olduğunu eşitmişəm. Amma bazarda tikinti işləri yekunlaşmağa doğru gedərkən şəriklər arasında narazılıqlar başlayıb və cənublu iş adamları partiya sədrini "oyundan kənar vəziyyətə" salıblar. Belə ki, bazarla bağlı bütün sənədləşmə işləri həmin iş adamlarının adına olub və Sabir Tanrıverdiyevin bu bazarla hər hansı bağlılığını isbatlayacaq konkret sənəd ortada olmayıb. Başqa sözlə, partiya sədri böyük məbləğli sərmayə yatırmasına baxmayaraq şərikləri tərfindən aldadılıb və nəticə etibarilə 2 milyon dollarlıq ziyana düşüb".
Əlində heç bir faktı olmadığından dövlət strukturlarına rəsmi qaydada şikayət edə bilməyən Sabir Tanrıverdiyevin bundan sonra hansı addımları atacağı isə maraq doğurur. Odur ki, bu istiqamətdəki araşdırmalarımızı davam etdirəcək və mövzuya yenidən qayıdacağıq.
Orxan Həsənli