Respublikaçı Alternativ (REAL) Partiyasının icra katibi, tanınmış iqtisadçı Natiq Cəfərlininn "Unikal" qəzetinə musahibəsini təqdim edirik. Müsahib həm ölkədəki ictimai-siyasi proseslər, müxalifətdaxili münasibətlər, həm də iqtisadi durumla bağlı danışıb:

-Natiq bəy, öncə son dövrlər müxalifətdaxili münasibətlərin gərginləşməsindən, eləcə də Real Partiyasının digər siyasi təşkilatlarla çəkişməsindən danışmaq istərdik. Nə baş verir?   

-Bu məsələlərlə bağlı çox müzakirə aparmışıq, mövqelərimizi ifadə etmişik. Bu mənada, mövzuya yenidən qayıdıb, dərindən müzakirə aparmağa lüzum görmürəm. Amma qısa olaraq, onu deyə bilərəm ki, müxalifət partiyaları arasında məsələlərə fərqli baxışların olması yaxşıdır. Bu Azərbaycanda siyasi gündəmin zənginləşməsi baxımından da müsbət haldır. Amma çox təəssüf ki, partiyalar arasındakı fikir ayrılıqları ideoloji zəmində, hansısa platformalar müstəvisində baş vermir. Adətən şayiələr, qarayaxmalar, söz atmalar üzərindən olub. Bu günə qədər “Real”a atılan qarayaxmaların, atmacaların layiqli cavabı verilib. Mənə elə gəlir ki, buna yenidən qayıtmağa zərurət yoxdur. Təəssüf ki, müxalifət partiyaları arasında siyasi paxıllıq var. “Real”ın artan nüfuzu, beynəlxalq, daxili əlaqələrin genişlənməsi bəzən müxalifət partiyalarında qıcıq yaradır. Bu səbəbdən də bəzi müxalifət qüvvələri bizə qarşı qarayaxma kampaniyası apardılar, amma layiqli cavabla susduruldular. Bununla da bu məsələ bizim üçün qapadıldı.

-Deyirsiniz ki, “Real”ın gücünün artmasına görə bəzi qüvvələrin "hücumuna "məruz qalmısınız. Bilmək olarmı ki, “Real”ın gücü artıb deyəndə, nəyi nəzərdə tutursunuz?

-Bunu rəqəmsal olaraq da deyə bilərəm. Son bir ili götürsək, rəsmi üzvlərimizin sayı iki dəfədən çox artıb. Qeyd edim ki, bizdə üzvülük iki kateqoriyaya  bölünür. Belə ki, könüllülük institutu var ki, müəyyən səbəblərə görə ora rəsmi üzv ola bilməyənlər təmsil olunurlar. Həmin şəxslərə könüllü üzv kimi qeydiyyata düşmək təklif olunur. Son bir ildə könüllü üzvlərin sayı iki dəfədən çox artıb. Bildiyiniz kimi,  biz 40 min  imza kampaniyası keçirdik. Bizim təkliflərimizin  bir qismi artıq həllini tapıb, bir qismi isə nəzərdə tutulur ki, qanunvericilik  şəkilində həll olunsun. Bu özü-özlüyündə ölkədə situasiya yaratdı. Çünki bu günə qədər Konstitusiyanın verdiyi bu imkandan heç bir siyasi partiya istifadə etməmişdi. Biz 42 minə yaxın imza toplayıb parlamentə təhvil verdik. İndi də  Mərkəzi Seçki Komissiyasında imzaların yoxlanması gedir. Yəqin ki, yaxın günlərdə rəsmi cavab alacağıq .

-O fikirlər də səslənir ki , Real Partiyası Qərbin projesidir.Yəni, sabah hakimiyyətə gəldiyiniz, yaxud hər hansı səlahiyyət əldə etdiyiniz təqdirdə Qərb dairələrinin maraqlarına xidmət edəcəksiniz. Bu kimi ittihamlara nə cavab verərdiniz ?

-(Gülür ) Əslində, birinci dəfə deyil ki, bu kimi fikirlər səslənir. İnsanlar anlamadıqları hər hansı bir məsələni qlobal proseslə əlaqələndirirlər. Son dövrlər Azərbaycanda Türk seriallarının təsirindən proseslərin massonlar, yaxud hansısa beynəlxalq güclər tərəfindən idarə olunduqlarını  düşünürlər. Əslində, hazırkı hakimiyyət Qərbin maraqlarını təmin edə biləcək ən yaxşı hakimiyyətlərdən biridir. Çünki Azərbaycanın iqtisadi əlaqələri Qərblə, həm Avropa ilə, həm də Amerika ilə qurulub.Bütün beynəlxalq sazişlər, neft-qaz müqavilələri Qərb şirkətləri ilə bağlanıb. Hazırda Qərb şirkətləri Azərbaycanda böyük rola malikdirlər, ixracatımızın 80 faizini Avropa Birliyi ölkələri ilə edirik. Aldığımız məhsulların yarıdan  çoxunu Amerikadan, Avropadan alırıq. Bu "məntiqlə" yanaşsaq, Avropa üçün Azərbaycan hakimiyyəti daha idialdır. Nəyə görə onu dəyişməyə çalışsınlar?

-Natiq bəy, növbəti suallarım ölkə iqtisadiyyatı ilə bağlıdır. Hazırda ölkənin iqtisadi durumunu lakonik dəyərləndirmək lazım gələrsə, nə deyə bilərsiniz?

-Çox təəssüf ki, Azərbaycanda primitiv model formalaşıb. Ölkədə bir sektordan, neftdən asılı bir iqtisadi model hakimdir. Bu səbəbdən də Azərbaycanda bütün makro-iqtisadi parametrlər o amildən asılıdır. Təəssüf ki, ötən dövr ərzində ölkədə çoxşaxəli itisadi model qurula bilmədi. İki böhranlı ildən sonra bu gün müəyyən dərəcədə sabitləşmə dövrünü yaşayırıq. Artıq bir ildən çoxdur ki, neftin qiyməti artıb, təqribən 70 dollar civarındadır. Bu isə ölkədə müəyyən iqtisadi sabitliyin yaranmasına səbəb olub. Amma manatın məzənnəsinin sabitləşməsi, bank sektorunda müəyyən durğunluqdan çıxma elementlərinin görünməsi , ixracatda və idxalda müəyyən artımın olması neftlə bağlıdır. Ötən illərlə müqayisədə ölkədə idxalın həcmi artıb, çünki alıcılıq qabiliyyəti yüksəlib. Bütün bunların hamısı bir amilə bağlıdır. Ona görə də Azərbaycanda makro iqtisadiyyatdan danışmaqdansa, tək neftdən danışmaq bəs edir. 

-Belə demək mümkündür ki, baş verən hər hansı müsbət məqamda hökumətin fəaliyyətinin payı yoxdur...

-Bəli. Hazırkı iqtisadi sabitlikdə hökumətin apardığı hər hansı iqtisadi siyasətin rolu yoxdur. İdarəetmədə müəyyən dəyişikliklər olub. Yeni dövlət qurumları yaradılıb, agentliklər formalaşdırılıb. Amma bu da yenidən paralel strukturlaşmanın davamı kimi qiymətləndirilə bilər. 

-Bu gün vətəndaşı əməkhaqqı, pensiya və müavinətlər, bir də bazardakı qiymətlər maraqlandırır. Bu sahədəki vəziyyəti necə qiymətləndirirsiniz?

-Bir məqamı diqqətə çatdırmaq istəyirəm. Azərbaycanda real gəlirlə əhalinin dolanışığı arasında birbaşa əlaqə qurmaq olmur. Çünki rəsmi gəlirlərlə qeyri-rəsmi gəlirlər arasında böyük fərq var. Rəmi rəqəmləri götürsək, Azərbaycanda 1.6 milyon müqavilə ilə çalışan əhali var, amma əmək qabiliyyətli əhalinin sayı 5.6 milyondur. Deməli, 4 milyon əhalinin necə işlədiyi, necə dolandığı məlum deyil. Deyirlər ki, 800 min insan fermerliklə məşğuldur, amma bu da ondan götürülür ki, adına torpaq sahəsi var. Lakin hər adına torpaq sahəsi olan fermer deyil axı. Ölkədə kifayət qədər gizli məşğulluq var, yəni insanlar işləyir, amma əmək müqavilələri yoxdur. Ona görə də rəsmi gəlirlərlə dolanışıq arasında kifayət qədər fərq var.
Onu da deyim ki, son zamanlar rəsmi gəlirlərdə müəyyən artımlar oldu. Minimum əməkhaqqı, pensiya və müavinətlər artdı. Bu da ona görə idi ki, devalvasiyadan sonra vətəndaşa dəymiş zərər geri ödənilməmişdi. Amma bu gün də sona qədər ödənilməyib. Devalvasiyadan öncə bizdə minimum əməkhaqqı 105 manat idi, bu da o vaxtkı məzənnə ilə 136 dollar edir. Bu gün minimum əməkhaqqı 180 manatdır, indiki məzənnə ilə 106 dollar edir. Yəni, hələ də devalvasiyadan öncəki dövrə qayıtmamışıq. Ona görə də dövlətin insanlara qaytaracağı, çox həcmdə borcu qalıb. 

-Hər halda, bazarlardakı qiymətlər də rəsmi artımlara adekvat olmur. Daha çox olur. Bu barədə nə deyə bilərsiniz?

-Təəssüflə qeyd etməliyəm ki, Azərbaycanda qiymət artımı sürətlə gedir və bu gün də davam edir. Bunun bir neçə səbəbi var. Birinci səbəb odur ki, daxili istehsalımız çox aşağıdır. Elə sahələr var ki, 100 faiz xaricdən asılıyıq. Çox qəribədir ki, Azərbaycanda vergi və gömrükdə şəffaflıq artdıqca məhsulların maya dəyəri yüksəlir. Yəni, əvvəllər müəyyən sexemlər vasitəsiylə gömrükdən mal keçirəndə daha az ödəniş edilirdisə, gömrük rüsumlarının tamamını ödəyəndə malın qiyməti daha da bahalaşır. Bax, belə bir təzad yaranır. Sözsüz ki, bu amil də ölkədə qiymət artımına təsir göstərir. 
Amma kənd təsərrüfatı məhsulları ilə bağlı onu deyə bilərəm ki, yaxın həftələrdə mövsümi məhsulların bazara çıxması ucuzlaşmaya səbəb olacaq. Ənənəvi olaraq, noyabra qədər bu proses davam edəcək. Noyabrdan sonra pis ənənəyə uyğun olaraq, yeni il ərəfəsində qiymətlər yenidən qalxmağa başlayacaq. İkinci qiymət artımı dalğası isə Novruz bayramı ərəfəsində olacaq. İllərdir ki, Azərbaycanda belə primitiv qiymət dalğalanması sxemi yaranıb və hökumət də bunu tənzimləyə bilmir. 

-Bəs bu mövsümi sabitliyə manatın məzənnəsini də şamil etmək olarmı?

-Bildiyiniz kimi, manatın məzənnəsi inzibati qaydada tənzimlənir. Nəhayət ki, Mərkəzi Bank da bunu dolayısı ilə etiraf elədi. Əvvəl israr edirdi ki, Azərbaycanda üzən məzənnə rejimidir. Amma son bir ildir ki, üzən məzənnə rejimi sözünü leksikonlarından çıxarıblar. Nə qədər neftin qiyməti 60 dollardan yuxarıdır, Azərbaycanda devalvasiya və manatın dəyərdən düşməsini gözləmək əbəsdir. İndi də neftin qiyməti 75 dollardır, deməli, manata heç bir təhlükə yoxdur. Nə zaman ki, neftin qiymətində azalma başlayacaq, o zaman təhlükə artacaq. Amma bu təhlükə realdır, çünki hazırda Venesuelada, Liviyada baş verənlər, İrana qarşı sanksiyalar nəticəsində neftin qiyməti artıb, bu neft ölkələrində stabillik yaranan kimi, neftin qiyməti yenidən aşağı düşəcək və Azərbaycan üçün çətin dövr başlayacaq. 

Z.Məmmədli