Prezident İlham Əliyev dünən sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda sahibkarlara problem yaradan dövlət qrumlarına da xəbərdarlıq edib.

Unikal.org xəbər verir ki, İlham Əliyev deyib: "Mən qeyd etdim ki, Azərbaycan bu gün xarici sərmayələrin qoyuluşu üçün öz imkanlarını təqdim edir və bu, hər bir ölkə üçün çox önəmli məsələdir. Şadam ki, qeyri-neft sektoruna investorlar tərəfindən böyük maraq var. Burada əsas məsələ bürokratik əngəlləri aradan götürməkdir. Biz potensial investoru cəlb etməliyik, investoru axtarmalıyıq, ona sübut etməliyik ki, Azərbaycana sərmayə qoysun. Ancaq bəzi hallarda hansısa yerli və ya xarici şirkət investisiya qoymaq istəyəndə onun qarşısında süni, bürokratik və digər əngəllər yaradılır. Bu, tamamilə qəbuledilməzdir, buna yol vermək olmaz. İnvestisiyaların cəlb edilməsi hər bir ölkənin iqtisadi inkişafı üçün əsas şərtlərdən biridir. Azərbaycanda dövlət investisiyaları qoyulur və qoyulmalıdır. Ancaq biz çalışmalıyıq ki, özəl sektor daha da böyük həvəslə investisiyalar qoysun. Biz buna nail oluruq və nail olacağıq. Dövlət hər zaman bu sahədə öz dəstəyini göstərəcək".