Milli Məclisin payız sessiyası başladı
Milli Məclisin payız sessiyası başladı

Oktyabrın 1-də Milli Məclis 2012-ci il payız sessiyasının ilk plenar iclasına başlayıb

İclası spiker Oqtay Əsədov açaraq bildirib ki, toplantıda beynəlxalq tədbirlərə gedən bəzi deputatlar iştirak etmir. İclasın gündəliyinə 17 məsələ daxil olub. MM-də çıxış edən Ziyafət Əsgərov müxalifətə səslənəcək açıqlama ilə çıxış etdi:- "Soyuqqanlı olmaq lazımdır.Azərbaycanın İrana qarşı heç bir ərazi iddiası yoxdur". Vitse-spiker Milli Məclisdə Cənubi Azərbaycan və İranla bağlı qaldırılan məsələlərə öz münasibətini bildirib. Onun sözlərinə görə, qonşu İran Azərbaycanla dost dövlətdir və onunla müttəfiq münasibətlər var. Z. Əsgərov qeyd edib ki, İrana qarşı azərbaycanlılardan istifadə edilməsinə yol verilməyəcək.

Müxalifətin bu məsələdə milli hissləri ilə bağlı fikirlərini başa düşdüyünü bildirən vitse-spiker deyib ki, İran məsələsində soyuqqanlı olmaq lazımdır. "İran ərazi bütövlüyümüzü tanıyır. Və bundan başqa Azərbaycanın İrana qarşı ərazi iddiası yoxdur. O cümlədən Ermənistan Azərbaycanın öz dədə-baba torpaqlarında yaşasalar da, Azərbaycanın Ermənistanın bugünkü ərazisi ilə bağlı heç bir iddiası yoxdur. Odur ki, İranla bu gün dünyada qaldırılan kompaniya məqsədi başqadır. Və bunun da məqsədini başa düşürük".Ziyafət Əsgərov qonşu dövlətlərlə münasibətlərdə diqqətli olmağa çağırdı.
Milli Məclisin keçirilən iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycanda deputatların Etik Davranış Kodeksi ilə bağlı yeni təkliflə çıxış edib.
Ə.Hüseynli bildirib ki, deputatların Etik Davranış Kodeksi ayrıca layihə kimi qəbul edilə bilər və ya "Deputat statusu haqqında" qanunda yer ala bilər. Komitə sədri bununla bağlı layihə hazırlandığını bildirib.
Millət vəkili bu məsələnin Milli Məclisin payız sessiyasının gündəliyinə salınmasını təklif edib.
Millət vəkili Elmira Axundova payız sessiyasında təhsil prosesinin müxtəlif pillələri ilə bağlı daha çox qanun layihəsi görmək istədiyini deyib.
"Xüsusən də məktəbəqədər, orta və texniki-peşə təhsili sahəsində. Düşünürəm ki, bu qanunların yubanması təhsil sahəsində hal-hazırda həyata keçirilməkdə olan və gələcəkdə də davam etdiriləcək islahatları əngəlləyən faktorlardan biridir".
Deputat təklif edib ki, Milli Məclis tərəfindən son illər qəbul edilən qanunların icrası məsələsi payız sessiyasının gündəliyinə daxil edilməlidir.
"Heç kəsə sir deyildir ki, əsasən təşkilati və korporativ maraqlara toxunan qanunlar tez və operativ şəkildə icra olunur. Bununla belə sosial-iqtisadi, ekoloji, ictimai sahəyə aid olan bir sıra qanunlar həddən çox ləng icra edilir. Məsələn, keçmiş məhbusların sosial reabilitasiyası haqqında qanun. Bu qanunun prezident tərəfindən imzalanmasından 4 il ötməsinə baxmayaraq qanunda nəzərdə tutulduğu kimi bu qrup vətəndaşlar üçün bir dənə də olsun sosial reabilitasiyası mərkəzi hələ də yaradılmayıb. Halbuki sosial reabilitasiya mərkəzlərinin yaradılması həmin qanunun əsas özəyi idi. Tibbi sığorta haqqında qanunun imzalanmasından 5 il ötməsinə baxmayaraq bu istiqamətdə də heç bir iş görülməmişdir".
Deputat deyib ki, parlamentin yaz sessiyasında "İstehsalat və məişət tullantıları" haqqında Qanuna, həmçinin nəzərdə tutulmamış yerlərə zibil tullantıları atmağa görə cərimələrin həcminin artırılması ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib. Həmin dəyişikliyə görə zibil qutuları 100 metrdən bir yerləşdirilməlidir, bunu icra etməyən vəzifəli şəxslər isə cərimə olunmalıdırlar. "Çox yaxşı dəyişikliklərdir, amma dəyişən heç bir şey yoxdur.
Əgər ölkə başçımız tərəfindən imzalanan qanunlara qarşı olan bu cür münasibət davam edəcəksə, icra və qanunverici hakimiyyəti orqanlarının hörməti düşməkdə davam edəcək. Görüşlərim zamanı bu barədə mənə seçicilərim dəfələrlə bildiriblər və biz xalqın səsinə qulaq verməliyik.
"Azərbaycanda siyasi hakimiyyət uğrunda mübarizənin yazılmış və bir sıra hallarda yazılmamış qanunları mövcuddur və on illər ərzində siyasətdə olanlar bunu bilirlər. Ən başlıca məqam odur ki, iqtidara gəlmək istəyən qüvvə müəyyən oyun qaydalarını tanımalı, fəaliyyəti üçün çərçivə prinsiplərini gözləməli və ona əməl etməlidir". Bunu deputat Zahid Oruc bildirib.
"Əks halda özü irəliyə gətirdiyi tezislərin hədəfinə çevrilə və qurbanı ola bilər. İş ondadır ki, son hadisələr fonunda Azərbaycan müxalifətinin ideya və siyasi cəhətdən özünü dirçəlmiş sayması, bunu hakimiyyətin, onun ayrı-ayrı qollarının gözdən salınması üçün əlverişli fürsət kimi dəyərləndirməsi başa düşüləndir. Həmin sənədlər üzərində gəzişmələr edərək, hər bir məqamı təbliğat alətinə çevirmək və bu əsnada iqtidarla barrikada qaydasında savaşmaq hətta bir mübarizə halı və vəziyyəti kimi tamaşaçılarda qeyri-adi təəssürat doğurmazdı. Amma bunlar söylədiyim kimi hansısa bir bəyanatlarda, siyasi fikirlərdə, şərhlərdə üslub xətalarına, məsuliyyət yaradacaq ittihamlara səbəb olmamalıdır", - deyə Z. Oruc bildirib.
Zahid Oruc deyib ki, AXCP sədri Əli Kərimlini heç bir fakta əsaslanmadan Azərbaycanın dövlət rəhbərini atəşkəsin pozulması ilə əlaqəli Ermənistan rəhbərliyi ilə sövdələşmədə qınaması yolverilməzdir:
"Guya Hillari Klintonun səfəri öncəsi atəşkəsin pozulması, bilavasitə Azərbaycanın layihəsi olub və başlıca məqsəd də Klintonu demokratiya, insan haqlarından danışmaqdan vaz keçdirmək üçün Qarabağda belə həmlələr və tələlər qurulur. Halbuki, Ermənistan rəhbərliyinə qarşı ən amansız, güzəştsiz mövqeyi Azərbaycanın dövlət başçısı tutub. Qarabağ danışıqlarındakı prosesin məsuliyyəti və gərginliyi, onun çətinliyi də Azərbaycanın iradəsini orada qoymağı da məhz bu dövlətin lideri və onun Ali Baş Komandanı eləyib. Əli Kərimli bilməlidir ki, əgər ona qarşı məhkəmə davası açılmış olsa, dərhal başladacaqlar ki, müxalifətin ən aparıcı qüvvəsinin, prezident seçkiləri öncəsi böyük gücü daşıyan üzvünü sındırırlar, sıradan çıxarırlar. Axı bütün bu fəaliyyəti onlar özləri aparırlar, nəticəni sanki onlar yaradırlar və siyasi münasibətlər sistemindəki gərginliyi özləri bərqərar eləyirlər. Sonra isə onlara qarşı olan davanı siyasi müxalifətin tərkisilah edilməsi və ölkədən yox edilməsi kimi dəyərləndirirlər. Bunu onlar üçün çox bağışlanmaz səhv sayıram, kəskin hiddət və etirazımı bildirirəm. Əli Kərimli özündə minimum siyasi səriştə və təpər hiss edirsə, buna görə dövlət başçısından üzr istəməlidir".
Milli Məclisin sədri Oqtay Əsədov is Ramil Səfərovla bağlı məsələyə toxunaraq beynəlxalq təşkilatların Azərbaycana qarşı təzyiqlərini pisləyərək ATƏT-in Minsk qrupunu tənqid edib.
"Minsk qrupunun, Avropa Parlamentinin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı qətiyyətsizliyini ört-basdır etmək üçün belə təzyiqlərdən istifadə edirlər", - deyə spiker bildirib.
Oktyabrın 1-də, payız sessiyasının ilk iclasında Milli Məclis beynəlxalq təşkilatlara və parlamentlərə zabit Ramil Səfərovla bağlı rəsmi mövqeni bildirmək üçün yeni komissiya yaradıb. Komissiyanın sədri Valeh Ələsgərov, üzvləri Rəfael Cəbrayılov, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Mübariz Qurbanlı, Rasim Musabəyov, Sədaqət Vəliyevadır.
Milli Məclisin yeni komissiyası Avropa Parlamentinin Milli Ordunun zabiti Ramil Səfərovla bağlı qətnaməsinə etiraz əlaməti olaraq bəyanat verib.
Milli Məclisin keçirilən axşam iclasında müzakirələr bitdikdən sonra bəyanat beynəlxalq təşkilata ünvanlanıb.
Bəyanatda deyilir ki, Macarıstan tərəfinin Ramil Səfərovu Azərbaycana ekstradisiyası beynəlxalq konvensiyaya uyğun həyata keçirilib.
Milli Məclis bəyan edib ki, Avropa Parlamentinin Ramil Səfərovla bağlı qətnaməsi ikili standarların göstəricisidir.
"Azərbaycan Avropa Şurasının üzvi kimi digər ölkələrlə əməkdaşlığını davam etdirir, - deyə mətndə bildirilir.
Bəyanat Milli Məclisdə keçirilən səsvermə zamanı 93 səslə qəbul edilib.
Qeyd edək ki, Ramil Səfərovun Macarıstandan ekstradisiyası və onun Azərbaycanda azadlığı buraxılması bəzi beynəlxalq təşkilatlar tərəfindən narazılıqla qarşılanıb.