Səudiyyə Ərəbistanının şahzadəsi vəliəhd Məhəmməd bin Salman Fələstin prezidenti Mahmud Abbasa 10 milyard dollar təklif edib.

Unikal.org ” “Al Akhbar”a istinadən xəbər verir ki, o, bunun müqabilində M.Abbasdan ABŞ prezidenti Donald Tramp tərəfindən irəli sürülən və “Əsrin sövdələşməsi” adı ilə tanınan Yaxın Şərqdə sülh planını dəstəkləməsini istəyib.

Məhəmməd bin Salman Fələstin liderinə hökumətinin illik maliyyə ehtiyacları barədə sual verib. M.Abbas hər il 1 milyard dollara ehtiyacları olduğunu bildirib. "Sizə "Əsrin sövdələşməsi"ni dəstəkləsəniz, 10 il ərzində 10 milyard dollar verərəm", - Məhəmməd bin Salman deyib.

M.Abbas isə “bu təklif mənim siyasi həyatımın sonu demək olardı” deyərək təklifdən imtina edib.

Tərəflər arasında bu söhbəti fələstinli rəsmilərin sözlərindən qələmə aldığı bildirilən İordaniyanın Fələstindəki səfiri Xalid əl-Şavabkehin sözlərinə görə, həmçinin səudiyyəli şahzadə M.Abbasa D.Tramp Administrasiyasının fələstinlilərə daimi yaşamaları üçün torpaq verməyə hazırlaşdığını, Səudiyyə Ərəbistanı və başqa ərəb dövlətlərinin isə Fələstinə maliyyə dəstəyi ilə yanaşı, Qərb Sahilində layihələr həyata keçirməkdə kömək edəcəklərini deyib.

Digər tərəfdən, Fələstin liderinin müşaviri Mahmud Həbbaş da “Əsrin sövdələşməsi”nin İordaniya, Livan, Suriya, Sinay yarımadası, xüsusilə də Körfəz ölkələrində əsaslı dəyişikliklərə gətirib çıxaracağını, Fələstinin də İordaniyanın inzibati, İsrailin isə təhlükəsizlik nəzarətindəki bir quruma çevrilə biləcəyini iddia edib.

Qeyd edək ki, bu ilin aprel ayında ABŞ prezidentinin müşaviri Cared Kuşner Yaxın Şərqdə sülh planının iyun ayında açıqlanacağını bildirmişdi.