Şirvan Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Şahin Quliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Unikal.org "Ölkə.Az"-a istinadən xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Ş.Quliyevin apellyasiya şikayəti təmin edilib, birincin instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib, ona bəraət verilib. Ş.Quliyev məhkəmə zalında azadlığa buraxılıb.

Dövlət ittihamçısı qərardan kassasiya protesti verib. Protest Ali Məhkəmənin hakimi Gülzar Rzayevanın sədrliyi ilə araşdırılacaq.
İttiham aktına əsasən, hadisə 2016-cı il noyabrın 26-da Beyləqan rayonu, Mil qəsəbəsində baş verib. 
İstintaqın gəldiyi nəticəyə görə, Şahin Quliyev həmin vaxt Səmayənin evində olan bacısı Səidə ilə pul müqabilində cinsi əlaqədə olmaq istədiyini bildirib. Səmayə də pul müqabilində onun bacısı ilə intim əlaqədə olmasına razılıq verib.

Bu zaman Şahin Quliyev Səmayəyə 10 manat verərək, cinsi münasibətdə olmaq üçün Səidə ilə birlikdə otaqlardan birinə keçib.
Onlar soyunduqdan sonra Şahin Səidəyə müəyyən qeyri-etik hərəkətlər etməsini təklif edib. Səidə onun bu sözlərindən əsəbiləşib və otağı tərk edib, digər otaqda olan bacısı Səmayə həmin təkliflə əlaqədar narazılığını bildirib.

Səmayə Şahinə hansı səbəbdən bacısına belə təkliflər etdiyini soruşub, ona iradını bildirib. Buna görə də onların arasında mübahisə yaranıb.
Mübahisə zamanı Səmayə Şahindən evdən həyətə çıxarıb, darvazanın qarşısına ötürərək getməsini tələb edib. Bu zaman Şahin qadından verdiyi 10 manatı qaytarmasını tələb edib.

Səmayə isə Şahinə bacısı Səidə ilə otaqda xeyli vaxt keçirdiyi səbəbindən pulu qaytarmaqdan imtina edib və ondan həyəti tərk etməsini istəyib.

Səmayənin bu hərəkətlərindən qəzəblənən Şahin onu qəsdən həyatı üçün təhlükəli olan zərər vurmaq qərarına gəlib.

Bu niyyətlə Şahin Səmayənin saçından tutub, onun qarın nahiyəsinə bir dəfə zərbə vurub. Səmayə Beyləqan rayon Mərkəzi Xəstəxanasına vaxtında çatdırılıb və intensiv tibbi yardımların göstərilməsinə baxmayaraq, dekabrın 1-də aldığı xəsarətlərdən xəstəxanada ölüb.

İstintaq orqanı tərəfindən Şahin Quliyevin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.