Avropa Liqasının Bakıda baş tutacaq finalının başlama saatı açıqlanıb.

Unikal.org xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 23.00-da (Avropa vaxtı ilə 21.00) start götürəcək. Onu da qeyd edək ki, UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununda azarkeş rekordu gözləyir. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Yazıda Bakıda ilk dəfə avrokubokların həlledici görüşünün keçiləcəyi, finalın oynanılacağı Bakı Olimpiya Stadionunda "AVRO-2020"nin final mərhələsinin 3 qarşılaşmasının da baş tutacağı vurğulanır:

"Şübhə yoxdu ki, azarkeş sayına görə Bakı finalı rekord vuracaq. Yəqin ki, bu görüşdə 1999-cu ildə Moskvada keçirilən "Parma" - "Latsio" finalının (62 min azarkeş) rekordu yenilənəcək".

Həmçinin qeyd olunur ki, bu Avroliqa tarixində videotəkrar sistemindən (VAR) istifadə olunacaq ilk final kimi tarixə düşəcək. Eyni zamanda oyun əlavə vaxta qədər uzansa, komandalar ilk dəfə olaraq 4-cü əvəzləmədən istifadə edə biləcəklər.

Qeyd edək ki, final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Həlledici matça "Ayntraxt" - "Çelsi" (ilk oyun - 1:1) və "Arsenal" - "Valensiya" (ilk oyun - 3:1) cütlərinin qalibləri vəsiqə qazanacaq.