Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla görüşü iyunun 20-də Sankt-Peterburqda keçiriləcək.
Unikal.org  RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
 
Y. Uşakovun sözlərinə görə, prezidentlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dir müzakirələr aparacaqlar.
 
O, V. Putinin əvvəlcə Azərbaycan və Ermənistan prezidentləri ilə ayrılıqda görüş keçirəcəyini, daha sonra danışıqların üçtərəfli formatda davam etdiriləcəyini qeyd edib: "Təbii olaraq tərəfimizdən münaqişə tərəflərinə kömək etməklə bağlı aktiv səy göstəriləcək. Biz son hərbi əməliyyatların dayandırılmasında həlledici rol oynamışıq. Rusiya, ABŞ və Fransa prezidentlərinin 2009-2013-cü illərdəki birgə bəyanatlarında qeyd olunan prinsiplər əsasında Minsk qrupunun digər həmsədr ölkələri ilə birlikdə öz vasitəçilik missiyamızı davam etməyə hazırıq".

**** 

Prezident İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüşün yeri və vaxtı məlum olub.
Unikal.org "ru.1in.am" saytına istinadla verdiyi məlumata görə, görüş Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək.
Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşünün iyunun 26-da keçiriləcəyi bildirilir.
Görüşdə may ayının 16-da Vyanada əldə olunmuş razılıqların həyata keçirilməsi imkanları müzakirə ediləcək. 
Bir neçə gün öncə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov açıqlama verərək belə görüşün ola biləcəyini istisna etməmişdi. O bildirmişdi ki, görüşün təşkili ilə bağlı işlər aparılır.
"Bu istiqamətdə işlər aparılır. Biz belə görüşün keçirilə biləcəyini istisna etmirik. Görüş barədə hələ qəti qərar verilməyib. Əgər qərar qəbul edilərsə, mətbuata məlumat veriləcək", - deyə Peskov bildirib. 
Aprel ayının əvvəllərində baş verən 4 günlük müharibədən sonra Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Avstriyanın paytaxtı Vyanada görüşüblər. Bu həm də bu ilin ilk görüşü olub.  
İ.Əliyev və S.Sarkisyanın 3+2 formatında (prezidentlər və həmsədrlər) görüşündə danışıqların iştirakçıları regionda 1994-95-ci il sazişi formatında atəşkəsə əməl olunacağına dair razılığa gəliblər.
Görüşdə hər iki ölkənin xarici işlər nazirləri ilə bərabər ATƏT-in Minsk qrupunun həmsədrlər ölkələrinin də XİN rəsmiləri - ABŞ dövlət katibi Con Kerri, Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro iştirak edib.