Xəzər Dəniz Neft Donanmasına məxsus gəmidə baş verən partlayışda 13 nəfər yaralanıb. Onlardan 3-nün vəziyyəti ağırdır.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, yaralıların əvvəlcə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna gətirilməsi planlaşdırılsa da, vəziyyətlərinin ağırlığı nəzərə alınaraq Bakı Dəniz Vağzalına aparılıblar. 

Qeyd edək ki, ağır yaralı olan 3 nəfərdən ikisi azərbaycanlı, biri malayziyalıdır. 

xxx

22:23

Xəzər Dəniz Gəmiçiliyinin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev hadisə barədə Unikal.org-a açıqlama verib. O, İsrafil Hüseynov boru düzən gəmisinin borudüzmə zonasında hansısa texnoloji avadanlıqda qəza baş verməsi hadisəsindən xəbərdar olduqlarını açıqlayıb: "Gəmi ilə davamlı əlaqədəyik. Heyətdən heç kim xəsarət almayıb. Gəmini hazırda “Saipem” şirkətinə icarəyə vermişik. Qəza baş verən ərazidə həmin şirkətin nümayəndələri çalışırlar.  Bütün məlumatlar və ya işçilərin xəsarət alıb-almaması ilə bağlı məlumatları həmin şirkətdən ala bilərsiniz".

xxx

22:11

Xəzər Dəniz Neft Donanmasının "İsrafil Hüseynov” adına gəmisində yanğınla müşahidə olunan partlayış baş verib. 
 
Unikal.org
 xəbər verir ki, hadisə nəticəsində 13 nəfər yaralanıb.
 
Məlumata görə, hadisə gəmidə qaynaq işləri aparılarkən baş verib.