Azərbaycana İran tələsi
Azərbaycana İran tələsi

Vahid Azərbaycan oyununun gizlinləri

İrana qarşı beynəlxalq təşkilatların təzyiqləri artdıqca bir sıra qüvvələrdə Azərbaycanı bu prosesə bu və ya digər şəkildə qatmaq istəyir. Hazırda ortada iki ciddi iddia var ki, Azərbaycan bunlardan maksimum dərəcədə kənarda durmalıdır. Söhbət nədən gedir?

1. İrana hərbi müdaxilə olarsa Azərbaycan ərazisindən istifadə etmə
2. Şimali və Cənubi Azərbaycanın birləşməsi.Gəlin hər iki məsələyə ayrı-ayrılıqda baxaq.

Azərbaycan hərbi
poliqon rolunda

Artıq bir ildən çoxdur ki, məqsədli şəkildə belə bir rəy formalaşdırılır ki, Azərbaycan İrana hərbi zərbə endirmək üçün bufer rolunu oynayacaq və iddia ən yüksək səviyyədə hallandırılmaqdadır. Çox qəribədir ki, bu iddia daha çox İsrail və Rusiya siyasi dairələri tərəfindən gündəmə gətirilir və prosesdə maraqlı bəzi ştrixlər ortaya çıxır. Bunlar nədən ibarətdir? İlk növbədə məsələ budur ki, İrana hərbi zərbə vurmaq istəyən İsraildir və İsrail mediasında Azərbaycan bu ölkənin müttəfiqi kimi göstərilir, hətta İsrailin ölkəmizdə hərbi bazalarının olduğuda iddia olunur. Bundan isə belə bir nəticə çıxır ki, güya İsrail öz hərbi sirlərini açmaqla məşğuldur. Amma görünən budur ki, hazırda İsrail İran-Azərbaycan münasibətlərinin gərginləşməsində maraqlıdır və buna görə hətta dezinformasiya cəbhəsindən də istifadə etməyə çalışır. Bundan başqa İsrail zaman-zaman kənar faktoralrdan da Azərbaycana qarşı bəhrələnməyə çalışır. Bu baxımdan Rusiyada yaşayan yəhidi lobbisinin imkanlarından da istifadə olunur. Elə yəhüdi lobbisinin nəzarətində olan KİV-in yayımladığı son məlumatlarda buna əyyani misaldır. Belə ki, iddia olunur ki, İrana qarşı müharibə başlayanda İsrail Azərbaycandakı hərbi bazalardan yararlanacaq. Hətta İsrailin Azərbaycanda ,daha doğrusu bakı ətrafında artıq bazaları var. Bununla bağlı Müdafiə Nazirliyi İrana hücum olacağı təqdirdə Azərbaycanın öz hərbi hava bazalarını İsrailin ixtiyarına verəcəyi barədə məlumata münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sabiroğlu “Reuters”in xəbərinin üzərində dayanmağa əsas görmədiklərini bildirib: “İnformasiyanın hansı niyyətlə dövriyyəyə buraxılması ilk baxışdan diqqəti cəlb edir. Görünür, agentlik özünü buna inandırmağa çalışıb”.
Nazirlik sözçüsü Azərbaycanın regionda siyasi və hərbi stabilliyin bərpasının tərəfdarı olduğunu və bütün münaqişəli hadisələrin hər şeydən öncə dinc şəkildə həllinə üstünlük verdiyini vurğulayıb: “O ki qaldı hərbi hava bazaları məsələsinə, bununla bağlı qeyd etmək istərdik ki, bazaların istifadəsi yalnız Azərbaycanın özünə aiddir və bu məsələdə başqa mövzunun gündəliyə daşınmasına ümumiyyətlə, ehtiyac yoxdur”.
Qeyd edək ki, “Röyters” agentliyi Vaşinqtondan icazəsiz İrana hücum olacağı təqdirdə İsrailin Azərbaycana arxalanmaq, İranı vurmaq üçün Azərbaycan hərbi hava bazalarından yararlanmaq niyyətində olduğunu yazıb.
Agentlik bu məlumatları Azərbaycandakı keçmiş ordu zabitlərinə və Rusiyanın kəşfiyyat mənbələrinə istinadən yazdığını bəyan edib.
Qeyd olunub ki, hazırda Azərbaycan və İsrail əməliyyat başlayacağı təqdirdə hərbi bazalardan necə yararlanmağın yollarını birgə müzakirə edir.
Amma reallıq tam bunun əksinədir. Necə?
İlk növbədə yada salınmalıdır ki, Azərbaycan ötən il Tərəfsizlik blokuna qoşulmaqla dünyaya belə təsdiqlədi ki, hər hansı hərbi sazişlərdə iştirak etməyəcək və öz neytrallığını qoruyacaq. Bundan başqa Azərbaycan dəfələrlə bəyan edib ki, ölkə müharibə vəziyyətindədir və dağlı Qarabağ problemi bu gün əsas priroritet məsələdir. Bu isə o deməkdir ki, regionda baş verəcək hər hansı konfliktdə Azərbaycan hansısa formada iştirak etməyəcək və neytrallıq ən yüksək səviyyədə qorunacaq. Mövcud problemlə bağlı daha dolğun açıqlamanı həm də Azərbaycan prezidenti İlham Əliyev bir neçə ay öncə verdi. Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan öz ərazisindən hansısa ölkəyə qarşı hərbi müdaxilə etməyə icazə verməyəcək. Çox qəribədir ki, Azərbaycan tərəfi bu cür açıqlamalar verməklə neytrallığını saxlamağa çalışsada, İran nədənsə bunun tam əksinə olan mövqe sərgilədi. Belə ki, son bir il ərzində İran Azərbaycanla münasibətləri kifayət qədər gərginləşdirdi, iki şairi iki aydan çox girov kimi saxladı, bundan başqa yenidən viza rejimini bərpa etdi. Hətta münasibətlər o həddə çatdı ki, iki ölkə arasında diplomatik əlaqələrin kəsilməsi an söhbəti oldu. İran təkid etməkdə idi ki, Azərbaycan bu gün ABŞ və İsrailin bazasına çevrilib və İranda həyata keçirilən təxribatların əksəriyyəti Azərbaycanda hazırlanır. Amma ortada heç bir fakt yoxdur və belə bir təssürat yaranırdı ki, Iran sadəcə olaraq bundan istifadə etməklə Azərbaycan üzərində təzyiqlərini artırmağa çalışır və bununla yanaşı regionda yeni münaqişənin yaranmasına çalışırdı. Məhz buna görə də Ermənistanla münasibətləri qaydaya salan İran Azərbaycanla açıq konfliktə getdi. Amma Azərbaycan-İran-Türkiyə xarici işlər nazirlərinin birgə görüşündən sonra nisbətən loyallıq yarandı. Bu gün isə İran azərbaycana yönəli ittihamlara ara verib və həbs olunan şairləri azad edib. Ekspertlər hesab edir ki, İranın artıq bundan başqa çıxış yolu yoxdur və bununla çalışır ki, regionda özünə yeni müttəfiqlər tapsın.

Vahid Azərbaycan
tələsi

Bu gün yaranan ikinci ciddi problem isə ABŞ-da baş verənlərdir. Belə ki, ABŞ Dövlət Departamenti konqresmenlərin göndərdiyi məktub əsasında cənibi Azərbaycanla , Şimali Azərbaycanın birləşməsi ideyasını gündəmə gətirib və bunu məqbul sayıb. Dünənə qədər bu ideyaya gülünc kimi yanaşan ABŞ-in birdən-birə belə bir təkliflə çıxış etməsi sözsüz ki, təsadüfi deyil. Çünki ABŞ bu təkliflə çıxış etməklə əslində İrandakı siyasətinin kontrlarını bir daha ortaya qoyub. Söhbət nədən gedir? Bu gün ABŞ İranın çökdürülməsi üçün hərbi yola yox ,ilk növbədə İrandaxili problemlərin yaranması yolunu tutub. Bu necə olacaq? Hazırda İrana qarşı iqtisadi embarqo quyulub və günü-gündən İran daxili iqtisadi krizis yaşayır. Nəticədə 6 ay ərzində İranda neft,benzin və ərzaqin qiyməti kəskin şəkildə artıb. Bundan başqa Avropa ölkələri İrandan neft almağı dayandırıblar və bu İranın iqtisadiyyatına ağır zərbədir. Ekspertlər hesab edir ki, İran bu səviyyədə gərginlikdə saxlanılarsa qısa müddətdə iqtisadiyyatında ciddi çatlar yaranacaq və nəticədə sosial partlayışdan qaçmaq mümkünsüz olacaq. ABŞ bununla yanaşı daha ciddi bir layihənində həyata keçirilməsinə start verib. Bu isə İranda etnosların toqquşmasını təşkil etməkdir. Qeyd edək ki, bu gün İran əhalisinin böyük əksəriyyəti,40 milyonu azərbaycanlıdır. Və ABŞ 40 milyonluq topluma müstəqil dövlət vəd etməklə əslində İran daxilində ciddi parçalanma yaratmağa çalışır.
Bunun üçün isə ABŞ-in əlində kifayət qədər güclər var. İlk növbədə ABŞ İranda yaşayan azərbaycanlıların gücündən istifadə etmək istəyir. Digər tərəfdən isə Azərbaycanında bu prosesə qatılmasına çalışır. Xatırladaq ki, hazırda Azərbaycan müxalifəti, o cümlədən böyük sosial baza təşkil edən Əbülfəz Elçibəyçilər bu ideyanın reallaşması üçün artıq hərəkətə keçib. Bunu nəzərə alan Azərbaycan hakimiyyəti artıq xəbərdarlıq bəyanatları ilə çıxış edirlər. Bu baxımdan Ziyafət Əsgərovun son bəyanatı maraqlıdır. “Azərbaycanın İrana qarşı heç bir ərazi iddiası yoxdur”. Bu sözləri Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov deyib. Vitse-spiker Milli Məclisdə Cənubi Azərbaycan və İranla bağlı qaldırılan məsələlərə öz münasibətini bildirib. Onun sözlərinə görə, qonşu İran Azərbaycanla dost dövlətdir və onunla müttəfiq münasibətlər var. Z. Əsgərov qeyd edib ki, İrana qarşı azərbaycanlılardan istifadə edilməsinə yol verilməyəcək. Müxalifətin bu məsələdə milli hissləri ilə bağlı fikirlərini başa düşdüyünü bildirən vitse-spiker deyib ki, İran məsələsində soyuqqanlı olmaq lazımdır. “İran ərazi bütövlüyümüzü tanıyır. Və bundan başqa Azərbaycanın İrana qarşı ərazi iddiası yoxdur. O cümlədən Ermənistan Azərbaycanın öz dədə-baba torpaqlarında yaşasalar da, Azərbaycanın Ermənistanın bugünkü ərazisi ilə bağlı heç bir iddiası yoxdur. Odur ki, İranla bu gün dünyada qaldırılan kompaniya məqsədi başqadır. Və bunun da məqsədini başa düşürük”.Z.Əsgərov qonşu dövlətlərlə münasibətlərdə diqqətli olmağa çağırdı.Amma ekspertlər bildirir ki, bu məsələ daha da ciddiləşəcək və müəyyən fəsadlar ortaya çıxacaq.

Son

İran İslam Respublikasının çökdürülməsi prosesini artıq dayandırmaq mümükün deyil. Suriya proseslərinin sona çatması o deməkdir ki, İran hədəfdə olacaq. Belə halda Azərbaycan münaqişənin tam mərkəzinə gələcək. Buna görə indidən Azərbaycan neytrallığını saxlamaqla real təhlükələrdən kənarda qala biləcək. Buna görə isə sözsüz ki, İranla münasibətlərə yenidən baxılmalı və qaranlıq məqamlara aydınlıq gətirilməlidir. Bu baxımdan Azərbaycan müxalifəti daha həssas olmalı və baş verəcək təxribatlardan kənarda durmalıdır. Çünki atılacaq hər bir addım sabah Azərbaycanı fəlakətə sürükləyəcək. Bunu da qeyd edək ki, İranla yanaşı Rusiya faktorunuda unutmaq olmaz. Artıq Rusiya bu təhlükələri görür və bu səbəbdən konkret addımlar atır. Bu günlərə Rusiyanın Azərbaycan və Gürcüstan sərhəddinə hərbi birləşmələr yığması unudulmamalıdır.

Mehdi Əli