Tarixin sirr beşiyi, alman heyrəti, əfsanə və şəfa ocağı
Tarixin sirr beşiyi, alman heyrəti, əfsanə və şəfa ocağı

Qədim Gədəbəy

Gədəbəy rayonu Azərbaycanın ən qədim insan yaşayış məskənlərindən biridir. Ərazidə olan tarixi mədəniyyət abidələri eramızdan əvvəl 12-7-ci əsrləri əhatə edən Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsi kimi tariximizə daxil olub. Azərbaycanın Kiçik Qafqaz dağ və dağətəyi ərazilərində e. ə. XIII- XVI əsrlərdə yayılmış arxeoloji mədəniyyət ilk dəfə Xocalıda və Gədəbəydə tətbiq olunduğundan bu abidələr Xocalı -Gədəbəy mədəniyyəti adlanır. Arxeoloji tədqiqatlar zamanı alimlər bu nəticəyə gəlmişlər ki, Xocalı-Gədəbəy mədəniyyəti son tunc və erkən dəmir dövrlərinin xüsusiyyətlərini əks etdirir. Bu ərazilərdən neolit insanlarının əmək alətləri, həmçinin ölülərin bükülü və uzanmış şəkildə olan kurqanları, sümükdən hazırlanmış bəzək əşyaları, nizə ucluğu, müxtəlif ölçülü silahlar, toppuz, bilərzik, xəncər, muncuqlar tapılıb.
Gədəbəyin adı hələ 1206-ci ildə alban tarixçisi Mxitar Qoşun əsrərində "Getabak" kimi verilib. İndiyədək "Gədəbəy" sözünün digər sözlərlə yanaşı "gəda" - fars mənşəli və "bəy" - türk mənşəli söz birləşməsi kimi qəbul edilməsi, əslində heç bir məntiqə sığmır. Bu da əsasən onunla əsaslandırılır ki, buranın birmənalı olaraq türk məkanı olması arxeoloji memarlıq abidələrində, yazılı və şifahi yozumlarda təsdiqini tapıb. Dağlıq yurdun yerləşdiyi ərazinin məkana uyğun olaraq "kədə", yəni qədim türk sözü olaraq, keşikçi, gözətçi mənasına gəlməsi daha ağlabatandır. "Bek" sözü də qədim türk sözü olaraq təpə, dağ mənasındadır.
Gədəbəydə Alban tarixinə aid müxtəlif memarlıq üslublarını özündə əks etdirən çoxlu sayda abidə mövcuddur. Həmin tarixi abidələr sırasında məbədləri, kilsə-vəngləri, qalaları misal çəkmək olar. Məlum olduğu kimi, Alban məbədlərinin digər abidlərdən fərqli xüsusiyyəti qapı və pəncərənin gündoğana və günbatana tərəf olmasıdır. Bu, həyatın faniliyinin təzahürüdür. Rayon ərazisindəki daş kitabələrin üzərindəki bəzi yazılar isə bu yerlərdə hətta Roma döyüşçüləri ilə aparılan müharibələrin yadigarlarıdır. Bəli, Gədəbəy müxtəlif tarixlərə malik dövrlərin incilərini yaşadan tarixi muzeydir. Həm yeraltı, həm yerüstü tarixi nişanələr sanki dövrləri ard-arda sıralayır.

Cavanşirin
"Koroğlu" qalası

El arasında daha çox "Koroğlu qalası" kimi tanınan bu möhtəşəm abidə rayonun Qalakənd kəndində yerləşir. Bu qala sıldırım qayalıqda kompleks halda tikilib. Yəni, burada təkcə döyüş, müdafiə üçün deyil, həm də o dövrə məxsus bir sıra əlamətlər var. Onun dib - bünövrə hissəsi qalaça tikililəri formasında iri-iri daşlarla bənd edilib. Qalanın böyük bir tərəfini əhatə edən hissəsində heç bir qapı, oyuq və pəncərə qoyulmayıb. Çöl hissədən oyuqlar vasitəsilə içərini aydın görmək mümkün olmasa da, divarların qalınlığı bizdə müəyyən təsəvvür yarada bilər. Belə ki, qalın qala divarları Bakıdakı Qız Qalasının divarlarına bənzəyir. Qala elə bir yerdə bənd alıb ki, ondan nəinki yaxın ətraf, hətta çox uzaq məsafələr belə açıq-aydın görünür. Bəndlərdə əhəng-kirəcdən və bizə məlum olmayan hansısa maddədən istifadə olunduğu ehtimal edilir. Abidələrinin əksəriyyətlərində olduğu kimi daşların bənd-hörgü forması bu qala-abidədə də tətbiq edilib. Təəssüf ki, qala zaman-zaman həm təbii təsirlərdən, həm də insan əlindən dağıdılıb. Qalanın daxilində hər tərəfi daş bəndlərlə əhatələnmiş su anbarı var. Buraya su tavan hissədən damcılarla damır. Şübhəsiz ki, olduqca yüksək dağ zirvələrindən çəkilmiş həmin su ərazidəki qala və digər ətraf tikililərdə yaşayan əhali üçün imiş. Heyrət doğuran məqamlardan biri də suyun gildən hazırlanmış borularla gətirilməsidir. Alban tarixi dövrünə aid edilən bu qalada ayrı-ayrı vaxtlarda vaxtilə 7-8 mərtəbəlik dam yerlərindən Pompey, Bizans, Səfəvilər dövrlərinə aid pul sikkələri, alban qadınına məxsus bəzək əşyaları, qədim silah növləri, mis, gümüş, tunc, dəmir əşyalar üzə çıxarılıb. Qədim tapıntılar sırasında məlum qalaya və ətrafdakı qalaçalara aid hesab edilən təndirlər, daş dəyənəklər, xəncərlər, küpələr də var.
El arasında Koroğlu qalası adlandırılsa da, bir tarixi abidə kimi alban tarixini əks etdirirsə, onun məhz böyük sərkərdə Cavanşirə aid olması daha inandırıcıdır. Sadəcə, Cavanşir erası başa çatmış və sözügedən bu qala tarixin sonrakı dövrlərində Koroğlu qalası adlandırılıb. Onu da xatırladaq ki, Gədəbəydə alban tarixi abidələrindən çoxlu nümunə olduğu kimi, Koroğlunun da adına da çoxlu tarixi yerlər mövcuddur: Koroğlu qalası ilə yanaşı, Koroğlu zağası-mağarası, Koroğlu qalaçası, Koroğlu səngəri kimi yerlər buna sübutdur.

Müqəddəs
Gədəbəy suyu

Gədəbəy yalnız tarixi və qədim abidələri ilə deyil, həm də gözəl iqlimi, səfalı bulaqları ilə də məşhurdur. Belə məşhur bulaqlardan biri də rayonun Slavyanka kəndində yerləşən Novlu bulaqdır. Özünəməxsus xüsusiyyətlərə və müxtəlif faydalı minerallara malik bu bulağın suyu 2004-cü ildən Gədəbəy Mineral Suları MMC şirkəti tərəfindən "Gədəbəy" və "Slavyanka - 1" markaları ilə istehsala buraxılır. Rayonun Zəhmət kəndində dünya standartlarına uyğun yeni texnologiya ilə təchiz olunmuş fabrikdə müxtəlif ölçülü qablarda istehsal olunan bu su codluq səviyyəsinin aşağı olmasına, yəni yüngüllüyünə görə digər sulardan seçilir. Onu da əlavə edək ki, "Slavyanka - 1" və "Gədəbəy" markalı sular təbii kimyəvi tərkiblərinə görə insanlarda piylənmənin qarşısını alır. "Slavyanka - 1" və "Gədəbəy" suları həm də ona görə faydalıdırlar ki, Novlu bulağın suyu xüsusi ilə fltrlərdən keçərək ozonlaşdırılır və qablaşdırılmaq üçün hazır vəziyyətə gətirilir. Bu texnologiyanın tətbiqi nəticəsində bulaq suyunun özünəməxsus xüsusiyyətləri və minerallığı qorunub saxlanılır. Fabrikdə təbii mənbədən qablaşdırılmayadək olan proses insan əli dəyilmədən tam avtomatik həyata keçirilir. Keyfiyyətə xüsusi nəzarət olunur.
Müasir elm suyun yaddaşının olduğunu, onun ətrafda baş verən hadisələrə, hətta səslərə, musiqiyə belə reaksiya verdiyini çoxdan sübut edib. Məşhur yapon alimi Massaqinin apardığı tədqiqatlar da göstərir ki, suyun üzərində səsləndirilən musiqilər onun tərkibini dəyişə bilir. Alimin tədqiqatları nəticəsində məlum olub ki, suya oxunan Quran ayəsi onun tərkibini müsbətə doğru xeyli dəyişir, suya daha da saflıq, təmizlik, insan orqanizmi üçün faydalılıq gətirir. "Slavyanka - 1" və "Gədəbəy" markalı suların heç bir suda olmayan daha bir özəlliyi məhz bu amillə bağlıdır. Bu suyun yığıldığı hovuzda gecə-gündüz fasiləsiz Müqəddəs Kitabdan surələr oxunur. Deməli, "Slavyanka - 1" və "Gədəbəy" markalı sular təkcə təbiiliyinə və qablaşdırma texnologiyasına görə deyil, həm də tərkibinin saflığına, təmizliyinə, insan orqanizminə faydasına görə içilir və sevilir.

Simenslərin yadigarları

Gədəbəydə əvvəlki dövrə nisbətən bizə yaxın dövrü əks etdirən və məlum olan tarixi abidələr alman Simens qardaşlarının firmasına məxsus tikililərdir. Bu əcnəbi sənayeçi-sahibkarlar XIX əsrin ikinci yarısından XX əsrin ikini onilliyinədək Gədəbəydəki Mis dağında mis mədəni, eləcə də Gədəbəy və onun kəndi olan Qalakənd kəndində misəritmə zavodları, digər sənaye və yaşayış tikililəri yaratmışdılar. Məlum dövrün tikililərindən müxtəlif formada qalanları da var. Bütün bu növ tikililərin özləri də müvafiq dövrün memarlıq nümunələri kimi tarix və mədəniyyət abidələridir. Gədəbəydə Simens qardaşları və onların rəhbərlik etdikləri eyni adlı firma tərəfindən salınmış onlarla körpü var. Belə ki, Gədəbəylə Qalakənd kəndindəki zavodun nəqliyyat əlaqəsini yaratmaq üçün dəmir yolu xətti çəkilməli idi. Bir sıra yerlərdə məsələn, dərə və çay keçidlərində bu işin başa gəlməsi üçün körpülər salmaq zərurəti yaranmışdı. Bu körpülər tağlardan ibarətdir və tağların həm eninə, həm də uzununa olan ölçüləri müxtəlifdir. Bu, körpünün salındığı yerlərin relyef müxtəlifliyindən irəli gəlir. Ona görə də, yerlərə müvafiq şəkildə inşa edilən körpülər 7-8 tağdan ibarətdir. Deyilənə görə, tağların sayı bəzi yerlərdə 10-12-yə də çatırmış. Sözügedən həmin körpülər dərə, çay və uçqun yerlərdə yox, dəmir yolu xəttinin düz xətt boyunca olmaması ilə bağlı olaraq bu şəkildə salınmışdı. 7 tağlı və ya Qanlı körpü adlandırılan körpü də, o dövrün nadir memarlıq nümunələrindəndir. Belə ki, həmin körpü düz xətt boyunca deyil, qövsvarı salınıb. Yəni, qatar gələndə və ya qayıdanda o körpüdən dönüb gedirmiş. Bu da təbii ki, körpü olan yerin yarımdairəvi olması ilə bağlıdır. Bu yerlərdə uçqunların qarşısını əvvəlcədən almaq üçün dəmir yolu xətti boyu bəndlər də inşa olunmuşdu. Körpülərin əksəriyyətinin üstündə piyada hərəkəti mümkündür. Təəssüf ki, bu abidə zaman-zaman həm insan, həm də təbiət dağıntılarına məruz qalsa da, yenə öz əzəmətini və möhtəşəmliyini qoruyub saxlayır.

İşıqlı Gədəbəy

Dediyimiz kimi, XIX əsrin ortalarında Gədəbəy rayonu ərazisində mis filizi yataqları kəşf edilmiş və 1855-1856-cı illərdə yerli sahibkarlar tərəfindən misəritmə zavodu tikilmişdi. Artıq 1864-cü ildə Simens qardaşları Rus çarından Gədəbəydəki mis yataqlarına sahiblənmək hüququnu təsdiq edən şəhadətnamə almışdılar. Bundan sonra dünyaca məşhur mühəndis-elektrotexnik Verner fon Simens Gədəbəyə köçdü. 1867-ci ildə Gədəbəydə Mis Emalı Zavodu tikilməyə başlandı. Zavodun işçi heyəti əsasən azərbaycanlılardan ibarət idi. Simens qardaşları o dövr üçün mis emalı sahəsində olduqca gözəl nəticələr əldə eləmişdilər. Təkcə onu demək yetərlidir ki, Gədəbəydə emal olunan mis bütün Rusiya ərazisində şöhrət tapmışdı. Lakin Simens qardaşları bununla kifayətlənmədilər. Onlar xammalın rahat daşınması üçün Gədəbəydən keçəcək dəmiryolunun yaxınlığında daha bir zavod inşa etdilər. 1879-cu ildə Berlində keçirilən Beynəlxalq sərgidə Verner fon Simensin hazırladığı dəmir yolunun maketi böyük marağa səbəb oldu. Artıq 1884-cü ildə uzunluğu 31 km olan dəmir yolu çəkilərək istifadəyə verilmişdi. Bakıdan neftin daşınmasındakı fasilələr, zavodda misin əridilməsində ləngimələr yaradırdı. Buna görə də Simenslər özlərinə məxsus olacaq enerji mənbəyi yaratmaq qərarına gəldilər. Bunun üçün Qalakənd çayı üzərində hidroelektrik bənd tikməyə təşəbbüsünü irəli sürdülər. Bu isə yeni bir həyatın başlanğıcı demək idi. Üstəlik, hidroelektrik stansiyası ərazisində balıq yetişdirmə təsərrüfatı da yaradan Verner Simens möhtəşəm ideyalar sahibi kimi hər tərəfdə məşhurlaşmış elektrotexnik idi. Onun adı ilə bağlı elektro-generatorlar artıq bütün dünyada tanınırdı. Beləcə, ucqar Gədəbəydə gündüz dəyirmanların, zavodların işləməsində, gecə isə evlərin və küçələrin işıqlandırılmasında enerjidən geniş istifadə edilirdi. Onda nəinki Bakıda və Tiflisdə, hətta Peterburq və Moskva, London, Paris kimi böyük şəhərlərdə belə küçələr kerosin və qaz fənərləri vasitəsilə işıqlandırılırdı.
Gədəbəy və Qalakənd mis əritmə zavodları I Dünya Müharibəsi başlayana qədər tam gücü ilə fəaliyyət göstərmişdilər. Müharibənin başlanması, Rusiyadakı daxili gərginlik, iqtisadi böhran Simenslərdən də yan keçmədi. 1915-ci ildə dəmir yolu bağlandı. 1920-ci il dekreti ilə isə Azərbaycandakı İnqilabi Komitə bütün beynəlxalq şirkətlərin əmlakını milliləşdirdi. 1923-cü ildən Xalq Komissarları Soveti bu zavodun fəaliyyətini bərpa etsələr də, Simens qardaşlarının qurduğu bu müəssisə tədricən çökməyə başladı. Gədəbəydə mis-qızıl çıxarılmasına və buradakı zəngin yataqların istismarına bir də illər sonra müstəqil Azərbaycan Respublikasında rəvac verildi. 2009-cu ilin may ayından burada qızıl-mis açıq dağ mədəninin işlənməsinə başlanıldı. "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited" şirkəti Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq nəticəsində Gədəbəy yatağının işlədilməsinə başladı. Bu nəhəng kompleksdə müasir tələblərə cavab verən avadanlıq quraşdırılıb. Modern texnologiyadan istifadə olunaraq mürəkkəb kimyəvi proseslər nəticəsində burada qızıl, mis emal edilir. Çəkiliş qrupumuz həm mədəndə, həm hazırlıq sahələrində gedən işləri, həm də istehsal prosesinin gedişatını kameranın yaddaşına köçürdü. Həqiqətən, xeyli mürəkkəb və yüksək peşəkarlıq, diqqət, nizam-intizam tələb edən prosesdir. Ancaq illər əvvəl olduğu kimi bu gün də Azərbaycan insanları öz zəhmətkeşlikləri və peşəkarlıqları ilə fəxr edə bilərlər. Mədəniyyət və Turizm Nazirliyi 2012-ci ildə Gədəbəyi "Əfsanələr paytaxtı" elan edib. Həqiqətən biz də Gədəbəydən həm qədim tariximizə, həm çox da uzaq olmayan sənaye keçmişimizə səyahət etmiş kimi ayrıldıq. Ancaq Gədəbəyi təsvir eləməkdə bunlar da azlıq edir. Bura həm də özünün gözəl təbiəti və iqlimi ilə diqqətəlayiqdir. Deməli, Gədəbəy əfsanəsi yaşayır və bundan sonra da yaşayacaq. Əfsanələr paytaxtının hələ tədqiqini gözləyən neçə-neçə tarixi abidələri, sirli məkanları bu əfsanənin bir parçasıdır. Ona görə də Gədəbəy əfsanəsinin tam olması üçün bu qədim diyarın hər abidəsi öyrənilməli və tarix naminə gələcək nəslə çatdırılmalıdır.

İlham Tumas