“AB CON” MMC “Ziraat Bank Azərbaycan” ASC-ni məhkəməyə verib.

Unikal.org xəbər verir ki, MMC iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “Ziraat Bank Azərbaycan” ASC-nin təqsiri ucbatından şirkətə dəymiş 73 000 manat zərərin ödənilməsini və cavabdehin ödəməni gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini istəyib.

İddia ərizəsi onunla əsaslandırılıb ki, Türkiyə Respublikasının “Erciyes çelik boru san A.Ş” ilə “AB CON” MMC arasında 11 dekabr 2017-ci il tarixli boru alqı-satqı müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, türk şirkəti spiral qaynaqlı polad boruları “AB CON” MMC-nin mülkiyyətinə verməyi, MMC isə boruları qəbul edib, dəyərini ödəməyi öz öhdəsinə götürüb. 
Müqavilənin 9-cu bəndinə əsasən, alıcı firma – MMC satıcı firma - “Erciyes çelik boru san A.Ş”ya ümumilikdə 4 milyon 550 min 64 ABŞ dolları məbləğində ödəyib. Müqavilə üzrə satıcı firma 23507 ABŞ dolları məbləğində borunu bugünədək alıcı firmaya verməyib. 

İddia ərizəsində bildirilib ki, müqavilənin 4-cü bəndindən də göründüyü kimi “Türkiyə Halk Bankası” zamin bank olaraq 14 dekabr 2017-ci il tarixdə satıcı - “Erciyes çelik boru san A.Ş” tərəfindən öhdəliklərin tam yerinə yetirilməməsinə görə alıcı - “AB CON” MMC -yə dəymiş zərəri ödəmək öhdəliyini öz üzərinə götürüb.

“Türkiyə Halk Bankası”nın Azərbaycan üzrə vasitəçisi “Ziraat Bank ASC” 14 dekabr 2017-ci il tarixdə “No. 1116HE01762” saylı məktubu banklar arası SWIFT mesaj vasitəsilə öz aralarında razılaşdırıb və “Ziraat Bank” ASC saziş üzrə qeyd olunan zəmanət məktubunu imza və möhürü ilə təsdiq edib. 

Satıcı firmanın 23507 ABŞ dolları məbləğində borunu alıcıya təhvil verməmə poblemi ilə əlaqədar iddiaçı tərəfindən “Ziraat Bank” ASC-yə vaxtında ödənilmiş məbləğin hesabdan silinməsinə icazə verilməməsi barədə müraciət olunsa da, iddiaçıya məlum olmayan səbəbdən şirkətin rəhbərinin imza nümunələri “Türkiyə Halk Bank” göndərilməyib. 

Nəticədə “AB CON” MMC tərəfindən ödənilmiş məbləğ satılacaq mal-boru təhvil verilmədən “Erciyes çelik boru san A.Ş” tərəfindən bank hesabından qanunsuz və hüquqi əsas olmadan çıxarılıb. 

İddia ərizəsində qeyd edilib ki, göründüyü kimi “Ziraat Bank” ASC vaxtında lazımi sənədləri “Türkiyə Halk Bank” göndərmədiyi üçün satıcı firmanın boruları təhvil vermədən alıcı firmanın bank hesabına göndərdiyi pulu mənimsəyib. Nəticədə həmin boruları “AB CON” MMC başqa firmadan daha aıtıq qiymətə alıb və podrat öhdəliyini yerinə yetirb. Bununla da “AB CON” MMC-yə ümumilikdə 73 000 manat zərər dəyib.
Hakim Fərid Mədətlinin sədrliyi ilə keçirilən məhkəmə iclasın iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Cavabdehin nümayəndəsi isə iddia tələbini qəbul etmədiklərini, yuxarıda göstərilənlərlə bağlı bankın məsuliyyət daşıması iddiasının tamamilə əsassız olduğunu deyib.

Məhkəmənin qərarı ilə MMC-nin iddia tələbi təmin edilməyib.