Bu gün Azərbaycan Turizm və Menecment Universitetində ali təhsil müəssisəsinin ”Elm və innovasiyalar” şöbəsinin təşkilatçılığı ilə “İdarəetmədə multikultural dəyərlər” mövzusunda doktorant, dissertant və müstəqil tədqiqatçıların IV respublika elmi  konfrans keçirilib.

Unikal.org xəbər verir ki, ATMU-nun rektoru İlham Mədətov iştirakçıları salamladıqdan sonra bildirdi ki, konfransın keçirilməsində əsas məqsəd müasir dövrdə idarəetmənin multikultural inkişafı istiqamətində aparılan işlər çərçivəsində məhz multikultural dəyərlərin mükəmməl modelinə nail olmaq, tətbiqi tədqiqatların təbliği mexanizmini hazırlamaq, mədəni-etnik müxtəliflik amilinin dövlətçiliyin inkişafına xidmət üsullarını müəyyənləşdirib həyata keçirməkdən ibarətdir. Rektor idarəetmənin çoxcəhətli prosesi əhatə etdiyini, cəmiyyətin bütün fəaliyyət dairəsi ilə əlaqəli olduğunu dedi. Tədbirə ölkəmizin onlarla ali təhsil müəssisəsi nümayəndələrinin  qatılması faktını yüksək dəyərləndirdi.

ATMU-nun Elm və innovasiya şöbəsinin müdiri, fizika- riyaziyyat elmləri namizədi, dosent Nəsirullah Nəsirli “Yeni əsrdə turizmin inkişaf istiqamətləri” adlı məruzəsində turizmin kütləvi və sosial kateqoriya kimi çoxsaylı faktorların təsiri ilə formalaşdığını, eyni zamanda müasir dövrdə turizm bazarında tələbata təsir göstərən vacib amilləri qruplaşdırmaqla, qeyd edilən sahənin təsnifat göstəricilərini diqqətə çatdırdı. Universitetin Karyera və kommunikasiya şöbəsinin müdiri, i.ü.f.d., dos. Anar Eminov “Ümumilli lider Heydər Əliyevin iqtisadi siyasətində multikultural dəyərlərin təhlili” adlı məruzəsində ulu öndərin nəzəri-metodoloji və praktiki əhəmiyyətli baxışlarına elmi baxımdan münasibət bildirdi. 

“Azərbaycançılıq və multikultural dəyərlər”, “Turizmin inkişafında mədəni irsin rolu”, “Turizmin sosial-iqtisadi inkişafa təsiri”, “Müasir idarəetmənin inkişaf tendensiyaları” bölmələrində 52 məruzə dinlənilib. ATMU-nun professoru Məhərrəm Zülfüqarlının “Kommunist rejimi daxilində milli dəyərlər uğrunda mübarizə”, AMEA-nın İqtisadiyyat İnistitutunun aparıcı elmi işçisi, i.ü.f.d. Gülnar Səmədovanın “Azərbaycanda müalicəvi turizmin təhlili və qiymətləndirilməsi”, Azərbaycan Texniki Universitetinin müəllimi Axilles Talıbov “Azərbaycan Respublikasında turizm sahəsinin müasir inkişaf perspektivləri”, ”Xalq” qəzetinin məsul katibi İlqar Rüstəmov “Mətbuat azadlığı Azərbaycanda multikulturalizm siyasətinin mühüm amillərindən biri kimi”, Sumqayıt Dövlət Universitetinin əməkdaşları Jalə Fərhadova və Nərgiz Nəsirova “Qərbi Avropa ölkələrində multikulturalizm”, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistrantı Emil Ağayev “Altay Hacıyevin yaradıcılığında multikulturalizm ənənələri”, Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşı, i.ü.f.d., Elman Əzizov “Müasir turizm sahəsinin davamlı inkişafının təmini məsələləri”, Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşı Emin Quliyev “Turizm klasterlərinin sosial-iqtisadi inkişafa təsiri” adlı məruzələri iştirakçılar tərəfindən maraqla dinlənilib.

Konfrans yekun plenar iclasla başa çatıb.