Ayaz Mütəllibov siyasətin də mərkəzinə qayıdacaqmı?
Ayaz Mütəllibov siyasətin də mərkəzinə qayıdacaqmı?

Eks-prezidentin şəhərin mərkəzinə köçməsi yeni suallar yaradıb

Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov yaşayış yerini dəyişib. Eks-prezident Bilgəhdəki bağ evindən Bakı şəhərinin mərkəzinə köçüb.

Nəriman Nərimanovun heykəlinin yaxınlığındakı binalardan birinə köçən Ayaz Mütəllibov bundan sonra Yasamal rayonundakı dördotaqlı evdə yaşayacaq.
Bu mənzil A.Mütəllibova iki il əvvəl başqa bir mənzilinin əvəzinə verilib. A.Mütəllibov hazırda mühafizəçi və avtomobillə təmin olunub, onun üçün təyin olunmuş təqaüdü də alır.
Xatırladaq ki, son vaxtlar Ayaz Mütəllibov ictimai fəallığını artırıb və bir-birinin ardınca maraqlı müsahibələr verir. Bir neçə gün əvvəl "mediaforum"a verdiyi belə müsahibələrin birində eks-prezident jurnalistin "Yenidən siyasətə qayıtmaq ehtimalınız varmı, ola bilərmi belə bir şey" sualına cavab olaraq demişdi: "Hər şey ola bilər bu dünyada. İstənilən vətəndaş siyasətlə məşğul ola bilər. O cümlədən də mən. Ancaq mənim hələ ki, belə bir planım yoxdur". Jurnalistin "Hər halda siyasi fəaliyyətin üstündən tamamilə xətt çəkməmisiniz" replikasına da Mütəllibovun reaksiyası maraqlı olmuşdu: "Yox. Niyə də xətt çəkim ki? Həyatdır, hər şey ola bilər. Ölkəyə lazım olsa, nə olar, ölkənin, xalqın xeyrinə biz də məşğul olarıq".
Halbuki cəmi bir neçə y əvvələdək eks-prezident siyasət sözünü eşidəndə diksindiyini, bir daha siyasətlə məşğul olmaq istəmədiyini demiş və ömrünün bundan sonrakı hissəsini bağ evində ailəsi ilə birgə keçirmək istədiyini deyirdi.
Amma göründüyü kimi, eks-prezident qəfildən "U dönüşü" edib, belə ki, bağ evindən şəhərin mərkəzinə köçüb, diksindiyini və bir daha məşğul olmaq istəmədiyini söylədiyi siyasətə isə yenidən qayıda biləcəyinin mümkünlüyündən danışıb. Bunlar maraqlı tendensiyalardır və Ayaz Mütəllibovun siyasi iddialarının yenidən baş qaldırdığının ilk işartıları kimi qəbul olunur.
Hətta bizimlə söhbətində adının çəkilməsini istəməyən bir siyasi ekspert Ayaz Mütəllibovun bağ vindən şəhərin mərkəzinə daşınmasına maraqlı bir izah da verdi, dedi ki, bu, sabiq dövlət başçısının siyasətin kənarından siyasətin mərkəzinə doğru ilk addımı sayıla bilər.
Belə davam etsə, Mütəlliobvun özünə yaxın olan şəxsləri fəallaşdıracağı və bir zamankı komandasının üzvləri də başda olmaqla tərəfdarlarını yenə öz kölgəsi altına toplayacağı yönündə fərziyyələr çox keçmədən reallaşacaq. Necə deyərlər, yaşyarıq, görərik.
Azər Aslan