Kriminal avtoritet Emin Səfərovun qətlində şübhəli bilinən şəxs - Dövlət Miqrasiya Xidmətinin sabiq əməkdaşı Zaur Yusifovun saxlanılmasını sübut edən şəkil yayılıb. 

Unikal.org Oxu.az-a istinadən xəbər verir ki,  Z. Yusifov cinayət aləmində “Emin 444” və “Emin Masallinski” kimi tanınan kriminal avtoritet Emin Səfərova 60 bıçaq zərbəsi vurmaqda ittiham olunur. Z. Yusifova qarşı ifadəni cinayət işi üzrə digər ittiham olunan şəxs, Naxçıvan sakini, 24 yaşlı Tağıyev Həsən Mərdan oğlu verib. H. Tağıyev qətldən dərhal sonra həbs olunub.

Qətl mayın 10-a keçən gecə Binəqədi rayonunda, 6-cı mikrorayonun İsrafil Həşimov küçəsində baş verib. E. Səfərov kütləvi dava zamanı öldürülüb. Onun yaxınlarının bildirdiyinə görə, qətldən 10 gün əvvəl avtoritetlə 6-cı mikrorayonda yaşayan sələmçi Zaur Yusifov arasında ciddi münaqişə olub. E. Səfərov xəbərdarlıq edib ki, Z. Yusifov səlahiyyətlərindən sui-istifadə edərək yerli sakinləri incitməsinə göz yummayacaq. 

İlkin məlumatlara görə, qətl baş verən gecə Emin idmançı dostları ilə maşında olub. Z. Yusifovun atası Əli Yusifov avtomobilə yaxınlaşaraq Eminlə söhbət etmək istədiyini bildirib. Heç nədən şübhələnməyən Emin dostlarını buraxıb. Tək qalanda isə altı nəfər ona hücum edib.
E. Səfərova 78 bıçaq zərbəsi vurulub. H. Tağıyevin iddia etdiyi kimi 60 bıçaq zərbəsini Z. Yusifov vurub. Digər 18 bıçaq zərbəsini kütləvi davanın iştirakçıları Z. Yusifovun göstərişi ilə vurublar. Qeyd olunub ki, qətldə altı nəfər təqsirkardır. 

Z. Yusifov mayın 14-də H. Tağıyevin ifadəsi əsasında saxlanılıb. 

Saxlanılan Z. Yusifovun atası Əli Yusifov iddia edir ki, nə o, nə də oğlu davada iştirak etməyib və Emin öldürməyiblər. Lakin zərərçəkən tərəf iddia edir ki, Z. Yusifovdan başqa qətldə Əli Yusifovun digər oğlu da iştirak edib. Z. Yusifovun E. Səfərova hücum etməsini sübut edən şəkillər əldə olunub. Məhz bu zaman saxlanılan şəxs ayağından kəsilmiş-deşilmiş yarası alıb.

Hazırda işlə əlaqədar iki nəfər saxlanılıb.

Zərərçəkən tərəf tələb edir ki, Z. Yusifovun atası Əli Yusifov ittiham olunan şəxs qismində cəlb olunsun, çünki məhz o, Emin Səfərovu aldadıb və nəticədə Emin qətlə yetirilib. 

Xatırladaq ki, “Emin Masallinski” kriminal dairələrdə avtoritetə malik olub. Belə ki, onun “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) qruplaşmasının üzvü olduğu deyilir. Bundan başqa, Quli və Emin yaxın dost olub və səkkiz saylı cəzaçəkmə müəssisəsində birgə cəza çəkib.