Bütün İslami şüarlar, ol cümlədən camaatla edilən cəm ibadətlər İslamın əzəmətinə, müsəlmanların vəhdətinə xidmət edir.

Ramazanın bitdiyi və şəvval ayının daxil olduğu məlum olduqda, bəndə fitrə zəkatını çıxarmalıdır və daha sonra bayram namazını qılmalıdır.

Unikal.org islaminsesi.info-ya istinadən bildirir ki,fitr bayramı ilə Qurban bayramı namazlarının qılınma qaydası eynidir. Bu iki bayram namazının vaxtı, gün çıxan vaxtdan zöhrə qədərdir. Fitr bayramında müstəhəbdir ki, gün qalxandan sonra iftar edib fitrə zəkatını verəndən sonra bayram namazı qılınsın.

Fitr və Qurban bayramı namazları iki rəkətdir. Birinci rəkətdə "Həmd" surəsindən sonra beş təkbir deyilməli, hər təkbirdən sonra bir qunut tutulmalıdır. Beşinci qunutdan sonra isə bir təkbir deyib ruku və iki səcdə edib ayağa qalxmalı, İkinci rəkətdə isə, "Həmd" surəsindən sonra dörd təkbir deyilməli və hər təkbirdən sonra qunut tutub beşinci təkbirdən sonra ruku və səcdələri yerinə yetirib təşəhhüd və salamları deyib namazı qurtarmaq lazımdır.

Fitr və Qurban bayramı namazlarında qiraətin ucadan deyilməsi müstəhəbdir. Bu namazlarda "Həmd" surəsindən sonra xüsusi bir surənin oxunması müəyyən edilməyib. Lakin, daha yaxşı olar ki, birinci rəkətdə "Həmd" surəsindən sonra "Şəms", ikinci rəkətdə isə ("Həmd" surəsindən sonra) "Ğaşiyə" surələri oxunsun. Yaxud da, birinci rəkətdə "Əla", ikinci rəkətdə isə "Şəms" surələri oxunsun. Həmçinin, Fitr və Qurban bayramı namazlarının qunutunda hər dua oxunsa kifayətdir, amma, daha yaxşı olar ki, bu dua oxunsun:

"Əllahummə əhləl-kibriyai, vəl-əzəməti və əhləl-cudi vəl-cəbərut və əhləl-əfvi vər-rəhməti və əhlət-təqva vəl-məğfirəti əs'əlukə bihəqqi hazəl-yəvm, əlləzi cəəltəhu lil-musliminə idən və li Muhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzida, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və alə Muhəmməd, və ən tuxricəni min kulli su'in əxrəctə minhu Muhəmmədən və alə Muhəmməd, sələvatukə ələyhi və ələyhim. Əllahummə inni əs'əlukə xəyrə ma səələkə bihi ibadukəs-salihun və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun."