20 Oktyabr 2019
19 Oktyabr 2019
Məmur uşaqlarının pulları əlindən alınacaq
Məmur uşaqlarının pulları əlindən alınacaq SİYASƏT 13:01 2012-10-03

Məmur uşaqlarının pulları əlindən alınacaq
"Papaların gün balaları"nın aşırı dəbdəbəsinə və şıltaqlığına son qoyulur

Bu yaxınlarda təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na ilginc təklif əlavə edilə bilər. Cəmiyyətin və ekspertlərin razılıqla qarşıladığı fəaliyyət planına daxil edilməsi gözlənilən həmin təklif iri məmurların ailə üzvlərinin də gəlir deklorasiyaları verməsini nəzərdə tutur. Bu isə olduqca ciddi nüansdır və maraqlı tendensiyaların müjdəçisi sayıla bilər.
Xatırladaq ki, sentyabrın əvvəllərində təsdiq edilmiş Milli Fəaliyyət Planına görə, 40 ay ərzində korrupsiyaya qarşı mübarizə çərçivəsində 28 istiqamət üzrə 125 tədbirin həyata keçirilməsi nəzərdə tutulur. Planda vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatlar barədə bəyannamə təqdim edilməsi mexanizminin işlənib hazırlanması da yer alıb. Bu çərçivədə Nazirlər Kabineti və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya 2013-cü ildə bəyannamələrin elektron formasının işlənməsi tapşırılıb.
İlkin ehtimallara görə, Azərbaycanda 30 minə yaxın məmur və vəzifəli şəxs gəlirləri barədə bəyannamə təqdim etməlidir.
Bu arada isə fəaliyyət planına yalnız məmurların deyil, onların ailə üzvlərinin - yəni həyat yoldaşlarının, övladlarının və ata-analarının da gəlirləri, əmlakları və vəsaitləri barədə məlumat verilməsi təklif olunub. Artıq həmin təklifin fəaliyyət planında nəzərə alınacağına dair müsbət cavab verildiyi də gələn məlumatlar arasındaır.
Qeyd edək ki, dünya ölkələrinin əksəriyyətində ailə üzvlərinin gəlir və əmlak vəziyyətinə dair məlumatlar rəsmi şəxsin gəlir bəyannamələrinə daxil edilir. Bu məsələdə əsas arqument vəzifəli şəxslə ailə üzvləri arasında maliyyə məsələlərinin sıx əlaqədə olmasına əsaslanır. Yəni həmin məlumatların bəyannaməyə daxil edilməməsi sistemin effektivliyini azalda bilər, çünki bu halda rəsmi şəxsin korrupsiya yoluyla qazandığı vəsait hesabına topladığı varidatı ailə üzvlərinin adına rəsmiləşdirməklə, məsuliyyətdən yayına bilər.
Ekspertlər hesab edirlər ki, məmurların gəlir bəyannamələri təqdim etməsinin böyük sosial önəmi olacaq. Cəmiyyətdə gəzən bir çox söz-söhbətlərə son qoyulacaq. Yəni aydın olacaq ki, filankəs nazir təyin ediləndən sonra onun gəlirləri dəyişib, ya dəyişməyib. Bu cəmiyyətdə vəzifəli şəxslərə etimadın güclənməsinə gətirib çıxaracaq, çünki fəaliyyətləri açıq olacaq. Həm də vəzifəli şəxslərin təmiz işləməsi əmsalı güclənəcək. Eyni zamanda rüşvətxorluğun azalmasını şərtləndirəcək.
Bunu BMT-nin araşdırmaları da təsdiqləyir. Belə ki, həmin aaraşdırmalara görə, gəlir bəyannamələri təqdim edilən ölkələrdə korrupsiya əmsalı daha aşağıdır və korrupsiyanın miqyası da məhdudur. Qeyd edək ki, bu məsələ BMT-nin 2003-cü ildə qəbul etdiyi "Korrupsiya əleyhinə konvensiya"da da vurğulanıb. Sənədə görə, üzv dövlətlər vəzifəli şəxslərin qulluqdankənar fəaliyyəti, məşğuliyyəti, investisiyaları, aktivləri və əhəmiyyətli hədiyyələri və ya qazancları barədə müvafiq orqanlara bəyannamə vermək öhdəliyini doğuran tədbir və sistemləri müəyyən etməyə çalışmalıdır. Bu müddəa BMT-yə üzv dövlətlər qarşısında gəlir bəyannamələr sistemini öhdəlik kimi müəyyən edir. Yəni Azərbaycan bu addımı atmaqla, BMT-nin bu tövsiyyəsinə də əməl etmiş olur.
Məmurların ailə üzvlərinin də gəlir bəyannamələri təqdim etməsi isə həm də toplumdakı zərərli bir ənənin sonunu gətirə bilər. Əgər məlum təklif keçərsə, o zaman məmur balalarının atalarının varidatı hesabına lüks həyat keçirməsi, bahalı əyləncələrə baş vurması, avtoşluqdan kazino həvəsinədək bir çox mənfi davranışları minimuma enər.
Hazırda bir çox məmur uşaqları valideynlərinin vəzifəsinə və maddi gücünə arxayın olaraq, inanılmaz bir komforta shibdirlər, özlərini dəhşətli dərəcədə şıltaq aparır və sıravi ətəndaşlarla ən müxtəlif situasiyalarda ixtilafa girirlər. Özlərini cəmiyyətin "seçilmiş balalar"ı hesab edən bəzi məmur uşaqlarının valideynləri sayəsində qazandıqları sərvət onların gözünü tutub və çox "yuxarıdan getmələrinə" səbəb olub.
Ekspertlərin fikrincə, "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na haqqında dnışılan təklif əlavə edilərsə, artıq bu zərərli tendensiya kəskin sarsıla və əhəmiyyətli şəkildə sıradan çıxa bilər.
Ülviyyə Qasımlı