"Mayın 12-də I və IV qruplar üzrə keçirilmiş qəbul imtahanında qayda pozuntularına görə imtahandan 11 nəfər uzaqlaşdırılıb. Bunlardan 8-i sual kitabçalarını dəyişdirdiyinə, 2-i mobil telefondan istifadəyə, 1-i isə əyani vəsaitdən istifadəyə görə imtahandan uzaqlaşdırılıb, onların nəticələri ləğv ediləcək".

Unikal.org xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Təşkilati metodiki təminat və təlimlər sektorunun müdiri Adgözəl Həbibov bildirib.

A. Həbibov deyib ki, imtahana konspektlə gəldiyi üçün 3 abituriyentə xəbərdarlıq edilib: "Onların imğahana davam etməsinə icazə verilir. Amma onlara xəbərdarlıq edilib".

DİM sektor müdiri imtahan həyəcanının idarə edilməsinin əsas problem olaraq qaldığını söyləyib: "Biz yenə də görürük ki, imtahan prosesində abituriyentlərin halları pisləşir, onlar həkim briqadasına müraciət etməli olurlar. Mayın 12-də keçirilən imtahanda belə abituriyentlərin sayı 38 nəfər olub. Keçən qəbul imtahanı ilə bağlı qeyd etdik ki, abituriyentlər buraxılış vərəqələrini yükləyir. Lakin abituriyent üçün buraxılış vərəqi qədər vacib olan digər sənəd buraxılış kitabçasıdır. Buraxılış kitabçasında abituriyentin görməli olduğu işlər, imtahan sənədləri ilə iş və abituriyentə qoyulan qadağalar yer alır. Biz görürük ki, abituriyentlər müəyyən qədər bu prosesə etinasız yanaşırlar. Mayın 12-də keçirilən imtahanda sənədlərdə çatışmazlıq olması barədə imtahan qərargahına müraciətlərin sayı 14 olub. Qərargahda müəyyən dəqiqləşmələr aparıldıqdan sonra həmin şəxslərin imtahanda iştirakına icazə verilib. Keçən imtahanda təlimatda nəzərdə tutulan qaydalardan kənara çıxmaqla imtahan prosesini idarə edən nəzarətçilər də olub. Belə nəzarətçilərin sayı 4 nəfər idi. Biz həmin nəzarətçiləri cari nəzarətçilər bazasından çıxardıq".