2019-cu il Azərbaycanda əhalinin maddi vəziyyətinin yaxşılaşdırılması, sosial rifahının yüksəldilməsi ilə başladı. Vətəndaşlarımız minimum əmək haqqı, pensiya, təqaüd və müavinətlərinin artırılması ilə bağlı ölkə rəhbərliyinin qəbul etdiyi ardıcıl qərarların sevincini yaşadığı bir vaxtda, Prezident İlham Əliyev manatın 2015-ci ildəki devalvasiyasının yaratdığı və minlərlə insanı narahat edən dollar kreditlərinin ödənilməsi probleminə də son qoydu.

Dövlət başçısının bu il fevralın 28-də imzaladığı “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana əsasən, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarına qədər olan əsas kredit borclarının devalvasiya hesabına artmış hissəsi dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. 900 minə yaxın vətəndaşın fayda görəcəyi bu Fərmanla Azərbaycan post-sovet məkanında problemli kreditlərin həlli üçün daha sistemli və əhatəli yanaşma nümayiş etdirdi, əhalinin maraqları yüksək səviyyədə nəzərə alındı, eləcə də bank sektoruna dəstək verildi.

Xatırladaq ki, devalvasiyadan sonra dollar kreditləri ilə bağlı məsələ həmişə gündəmdə olub, dəfələrlə müzakirə obyektinə çevrilib. Məlum olduğu kimi bu problemin həlli ciddi hazırlıq tələb edirdi. Ölkə iqtisadiyyatının stabilləşdirilməsi, yeni reallıqlara, o cümlədən yeni neft qiymətlərinə uyğunlaşdırılması və dayanıqlılığının təmin edilməsi zəruri idi. Bütün bu məsələlər yoluna qoyulduqdan sonra kredit probleminin həll edilməsinə, daha dəqiq desək manatın kəskin ucuzlaşması nəticəsində vətəndaşlara dəymiş ziyanın ödənilməsinə qərar verildi.

Ən son məlumatlara görə, dollar kreditləri üzrə kompensasiya alacaq 602 min insanın təxminən 72%nə ödəniş həyata keçirilib. Maliyyə Nazirliyi bu məqsədlə ilkin olaraq 351 milyon manat vəsait ayırıb. Paralel olaraq problemli kreditlərin restrukturizasiyası həyata keçirilir. Restrukturizasiya prosesindən faydalanacaq təxminən 300 min vətəndaş banklara dəvət olunaraq, illik cəmi 1%-lə, 5 il müddətinə milli valyutada yeni kredit müqavilələri bağlayır.

Prezidentin adıçəkilən Fərmanının uğurla icra edilməsi ilə 3 dövlət qurumu - Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), Mərkəzi Bank və Maliyyə Nazirliyi məşğuldur. Bu baxımdan MBNP-nin üzərinə düşən yük xüsusilə qeyd olunmalıdır. Qurum Fərmanın əhatə dairəsinə düşən vətəndaşların siyahısının müəyyən edilməsi, onlara ödəniləcək kompensasiyaların məbləğinin hesablanması, büdcədən lazımi vəsaitin ayrılması istiqamətində 2 aydan çoxdur ki, gücləndirilmiş iş rejimində çalışır.

Fərmanın icrası çərçivəsində MBNP ilk növbədə əsas kredit borcunun devalvasiya ilə bağlı manatla artım hissəsi üzrə güzəşt məbləğinin vətəndaşlar tərəfindən sərbəst hesablanması üçün elektron kalkulyatoru istifadəyə verib, daha sonra isə vətəndaşların onlara hesablanmış kompensasiya məbləği və restrukturizasiya edilməsi təklif olunan kreditlər barədə detallı məlumat ala bilməsi üçün elektron portalı (pk.fimsa.az) ictimaiyyətə təqdim edib.

Bundan başqa, kompensasiyaların ödənilməsi prosesində ortaya çıxa biləcək problemləri həll etmək, vətəndaşlar üçün qaranlıq qalan məqamlara aydınlıq gətirmək üçün MBNP-nin nəzdində Apellyasiya Komissiyası yaradılıb. Komissiyaya daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” qanuna uyğun olaraq 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb olunduqda 30 iş günü müddətində baxılır. Müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və yaxud aidiyyəti üzrə sorğu göndərilməsi tələb edilən hallarda isə bu müddət 30 iş günü uzadıla bilər.

Bir sözlə, görünən odur ki, dövlət başçısının olduqca həssas dövrdə, manatın ikinci devalvasiyasından təxminən 1 ay sonra (2016-cı ilin fevral ayında) yaratdığı MBNP bu gün kompensasiya ödənişi ilə bağlı onun üzərinə düşən işlərin öhdəsindən layiqincə gəlməkdədir. Ümumiyyətlə, bu qurumun yaradılması Azərbaycanda maliyyə sektorunun inkişafı baxımından tarixi hadisə sayıla bilər.

Azərbaycanda inkişaf etmiş ölkələrin təcrübəsi

Xatırladaq ki, MBNP yaradılana qədər ölkədə kredit təşkilatlarının (banklar, bank olmayan kredit təşkilatları, kredit ittifaqları) fəaliyyətinə Azərbaycan Respublikasının Mərkəzi Bankı, sığorta şirkətlərinin fəaliyyətinə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti, qiymətli kağızlar bazarı iştirakçılarının ("Bakı Fond Birjası" QSC, Milli Depozit Mərkəzi, investisiya şirkətləri və s.) fəaliyyətinə isə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi nəzarət edirdi. Bundan başqa, vətəndaşların kredit tarixçələrinin toplanılmasını həyata keçirən Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) xidməti də Mərkəzi Bankın tabeliyində idi.

Halbuki, inkişaf etmiş ölkələrin əksəriyyətində maliyyə bazarı iştirakçıları vahid qurumun nəzarətinə verilib, Mərkəzi Bank isə yalnız pul siyasətinin həyata keçirilməsi ilə məşğul olur. Azərbaycan da bu yolu seçib. Maliyyə sektorunun çevik və şəffaf fəaliyyətinin, dayanıqlılığının təmin edilməsi, bu sahədə tənzimləmə və nəzarət sisteminin təkmilləşdirilməsi, eləcə də ictimai nəzarət sisteminin yaradılması publik hüquqi şəxs formasında MBNP-yə həvalə edilib.

Kreditləşmədə yeni prinsiplər

MBNP fəaliyyət göstərdiyi 3 ildən artıq izafi borclanmanın qarşısının alınması, məsuliyyətli borclanma vərdişlərinin inkişaf etdirilməsi və kredit riskinin azaldılması məqsədilə “Kredit təşkilatlarında sağlam kreditləşmə və məsuliyyətli borclanma prinsipləri”ni qəbul edib, gəliri yalnız milli valyutada olan vətəndaşlara xarici valyutada kreditlərinin verilməsini məhdudlaşdırıb, bank aktivlərinin keyfiyyətini qiymətləndirib, bank sektorunun kapital və likvidlik ehtiyaclarını müəyyən edib, həyata keçirdiyi kapitalizasiya proqramı hesabına sektora 1,7 milyard manat kapital qoyuluşunu təmin edib.

Palata həmçinin maliyyə bazarını qeyri-sağlam iştirakçılardan təmizləyib, kapitalizasiya proqramı çərçivəsində vəsait cəlb edə bilməyən 6 bankın lisenziyasını ləğv edib (nəticədə 2016-2017-cı illərdə bağlanmış bankların sayı 12-yə çatıb), 2 bankın könüllü konsolidasiyasını həyata keçirib. Bundan başqa, qurum 2016-cı ilin əvvəlindən bu günə qədər 67 bank olmayan kredit təşkilatının (BOKT) və kredit ittifaqının lisenziyasını ləğv edib. Bununla da, mikromaliyyə bazarındakı qurumların sayı 92-yə düşüb.


Sığorta və qiymətli kağızlar bazarına müasir yanaşma

MBNP sığorta fəaliyyəti sahəsində də ciddi işlər görüb. Azərbaycanın İcbari Sığorta Bürosu keçici statuslu üzv qismində Beynəlxalq Yaşıl Kart sisteminə qoşulub, qeyri-həyat sığorta növləri üzrə əsas drayver olan icbari avtomobil sığortası tam avtomatlaşdırılıb, “Sığorta fəaliyyəti haqqında” qanuna sığortaçının müvəqqəti inzibatçısı ilə bağlı fəsil əlavə edilib, Türkiyənin kənd təsərrüfatı sığortası modeli olan “TARSİM” əsasında Azərbaycan üçün məqbul hesab edilən model seçilib. Sığortaçıların maliyyə dayanaqlığının qiymətləndirilməsi və sektorun sağlamlaşdırılması çərçivəsində kapital çatışmazlığı müəyyən olunmuş bir sıra sığorta şirkətləri ilə intensiv işlər aparılıb, kapital yetərsizliyi olan 5 sığorta şirkətinin lisenziyası ləğv edilib.

MBNP bu illər ərzində qiymətli kağızlar bazarını da diqqətdən kənarda qoymayıb, notariat qaydasında bağlanan əqdlərin effektivliyinin artırılması məqsədilə Ədliyyə Nazirliyinin “Elektron notariat” sistemi ilə Milli Depozit Mərkəzinin depozitar sistemi arasında real vaxt rejimində avtomatlaşdırılmış məlumat mübadiləsi təmin edilib, “Qiymətli kağızların listinqi, delistinqi və ticarətə buraxılması” qaydaları beynəlxalq təcrübəyə və yerli bazarın tələblərinə uyğun təkmilləşdirilib, Palata 2018-ci ilin iyun ayında “İOSCO”nun (Qiymətli Kağızlar Komissiyalarının Beynəlxalq Təşkilatı) assosiativ üzvlüyünə qəbul edilib. Qiymətli kağızlar bazarında vahid ticarət, ticarətsonrası və nəzarət sistemi olan CETA vasitəsilə bağlanmış əqdlərə və qiymətli kağızlara mülkiyyət hüququnun ötürülməsinə nəzarət təmin olunub.

MBNP maliyyə qurumları qarşısında hesabatlılıqla bağlı da ciddi tələblər qoyub. Səhmdar cəmiyyəti formasında fəaliyyət göstərən bankların, sığorta və investisiya şirkətlərinin maliyyə hesabatlarını rəsmi mətbuatda, internet səhifələrində və Palatanın Məlumatların Elektron Açıqlanması Sistemində vaxtında açıqlaması artıq ənənəyə çevrilib. Bundan başqa, MBNP-nin iştirakı ilə onun tabeliyinə verilmiş MKR xidmətinin bazasında ölkənin ilk özəl kredit bürosu - "Azərbaycan Kredit Bürosu" MMC fəaliyyətə başlayıb, fiziki və hüquqi şəxslərin maliyyə resurslarına çıxış imkanlarının artırılması üçün Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri istifadəyə verilib.

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş "Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planında MBNP-nin də görməli olduğu bir sıra işlər var. Qurumun qarşısında dinamik və sağlam institutlardan ibarət maliyyə sisteminin formalaşdırılması, maliyyə bazarlarının inkişafı, infrastrukturun gücləndirilməsi, tənzimlənmə və nəzarət mexanizminin təkmilləşdirilməsi, maliyyə bazarları iştirakçılarının bilik və bacarıqlarının artırılması kimi strateji hədəflər qoyulub və Palata bu hədəflərə tədricən nail olur.