Milli Məclisin deputatı, Yeni Azərbaycan Pariyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov Korarx kəndində yaşayan seçicilərin nümayəndələri ilə görüşüb. 

Unikal.org xəbər verir ki, görşü açan Cavid Osmanov son 15 il ərzində Azərbaycanda görülən işlərdən və əldə olunan uğurlardan danışaraq bildirdi ki, dünya birliyinin layiqli üzvü olan müstəqil Azərbaycan bu gün ümummilli liderimiz Heydər Əliyevin müdrik strategiyasını uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin düzgün düşünülmüş və zamanın çağırışlarına uyğun məqsədyönlü siyasəti nəticəsində iqtisadi keçid dövrünü başa vuraraq modern inkişaf yolunda inamla irəliləyir. Azərbaycanın regionun lider dövləti olduğunu qeyd edən Cavid Osmanov son illər ərzində ölkədə görülən işlərdən söhbət açaraq Azərbaycanın tarixində olmayan bir inkişaf dövrü yaşadığını qeyd etdi. Daha sonra Cavid Osmanov ölkə daxilində, eləcə də Ağdaş rayonunda həyata keçirilən infrastruktur layhələrinə diqqət çəkərək qeyd etdi ki,  bu ilk növbədə, möhtərəm cənab Prezidentimizin apardığı uğurlu iqtisadi siyasətin nəticəsidir. 2004-cü ildən başlayaraq təkcə ölkədə üç “Regionların Sosial İqtisadi İnkişafı” Dövlət Proqramı artıq icra olunub başa çatıb. Bunun nəticəsində Azərbaycanda ümumi daxili məhsulun istehsalı 3,3 dəfə artıb, 2 milyona yaxın yeni iş yerləri açılıb, 15 min kilometrdən çox yollar çəkilib, aqro-parklar, aqro-məhəllələr salınıb, hümanitar sahədə çox ciddi islahatlar aparılıb, 3 min 200 ədəd yenu məktəb binası tikilib istifadəyə verilib, 640-dək xəstəxana binası tikilib və yaxud əsaslı təmir olunraq istifadəyə verilib, neft və enerji sahəsində Azərbaycanın artıq dünya bazarında, xüsusən qərb ölkələrinin Avropaya inteqrasiyası sahəsində çox ciddi addımlar atılıbdır. Asiyadan Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolu xətti tikilib istifadəyə verilib,  Qədim İpək Yolunun bərpası ölkə iqtisadiyyatına çox ciddi dividentlər gətirir. 

Görüş iştirakçıları ilə fikir mübadiləsi zamanı millət vəkili Azərbaycanın qazandığı uğurlardan narahatlıq keçirən dairələrin olduğuna da diqqət çəkərək qeyd etdi ki, hazırda erməni lobbisi və anti-Azərbaycan mövqeyi tutmuş şəxslər hər cəhdlə ölkənin nüfuzuna xələl gətirməyə və cəmiyyətdə dezinformasiyalar yaymaqla  insanlarda çaşqınlıq yaratmağa çalışırlar. Bu iyrənc işlərdə isə qrantlar müqabilində ələ aldıqları bəzi radikal və anti-milli şəxslərdən istifadə edirlər. Cavid Osmanov qeyd etdi ki, Azərbaycan mayın 29-da Avropa Liqasının final oyununun Bakıda yüksək səviyyədə keçirilməsi ilə bağlı bütün zəruri tədbirləri həyata keçirməsinə baxmayaraq bütün mötəbər tədbirlər ərəfəsində olduğu kimi, bu dəfə də Azərbaycanı istəməyən qüvvələr ölkəmizə qarşı şər, qarayaxma, böhtan kampaniyalarına başlayıblar. Azərbaycanda 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi, 2015-ci ildə Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları və bu kimi müxtəlif beynəlxalq tədbirlər və bir neçə ildir ki, Formula 1 yarışları yüksək səviyyədə keçirilib. Eləcə də 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ” futbol komandası “Çelsi” ilə eyni qrupda yer almışdı. “Çelsi” komandası həmin mərhələ zamanı Bakıya gəlmişdi. Bu tədbirlərlə əlaqədar ölkəmizə gələn turistlər, qonaqlar, beynəlxalq tədbirlərin nümayəndələri, futbolçular, azarkeşlər hər zaman yüksək məmnunluq hissi ilə öz ölkələrinə qayıdıblar. Onlar üçün bütün təhlükəsizlik məsələləri tam təmin olunub, yüksək səviyyədə qarşılanıb və yola salınıblar. Çox təəssüflər olsun ki, belə bir qarayaxma kampaniyasına başlanılıb. Bütün bunların arxasında isə antimilli ünsürlər dayanır. Cavid Osmanov vurğuladı ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda beynəlxalq tədbirlər yüksək səviyyədə keçirilir və bundan sonra da keçiriləcəkdir. 

Görüşdə çıxış edən kənd sakinləri Elmir Hüseynov, Rəfail Məhyəddinov, Nuridə Əhmədova, Rahim Rəhimov, Səxavət Babayeva, Məhəmməd Gülafov və Süleyman Cəfərov millət vəkilinə onlarla görüşə gəldiyinə, maraqlı söhbətə görə minnətdarlıqlarını bildirdilər. Qeyd etdilər ki, Azərbaycanın davamlı inkişafının hər bir vətəndaş gündəlik həyatında hiss edir və yaranan problemlər vaxtında dövlətimiz tərəfindən həll edilir. Ölkəmiz durmadan inkişaf edir, insanların sosial rifahı ildən-ilə daha da yaxşlaşır. Sabitliyin, ictimai asayişin və əmin-amanlığın bərqərar olduğu bir ölkədə yaşamağın özünün böyük bir xoşbəxtlik olduğunu qeyd edən görüş iştirakçıları vurğuladılar ki, bütün bunlar cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi düşünlmüş uğurlu siyasətin nəticəsidir. Cənab Prezidentimiz hər zaman xalqımızı düşünür və xalqımızın, ölkəmizin firavan gələcəyi üçün çalışır. Bunun üçün də ağdaşlılar hər zaman cənab İlham Əliyevin ətrafında sıx birləşiblər və bundan sonra da bu belə olacaqdır.