Xəbər  verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Qırmızı körpü” gömrük  postunun rəisi Rəşad Babayevi tutduğu  vəzifədən azad edib.
R. Babayevin vəzifədən azad edilməsinə Azərbaycan vətəndaşı Xanım Şabanova ilə bağlı yaranmış insident səbəb olub. Vətəndaşın özü ilə gətirdiyi ev əşyalarının Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunda saxlanılması və həmin şəxsdən gömrük ödənişləri tələb olunub. Və bununla bağlı vəziyyət  araşdırılıb və post rəisi işdən azad olunub.
Unikal.org R.Babayevlə bağlı bəzi məlumatlar əldə  edib.  Əldə etdiyimiz məlumata görə,  "Qırmızı Körpü" gömrük postunun rəisi vəzifəsindən azad olunan Rəşad Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin əmisi  oğludur.

ƏVVƏL: 2019-05-20 21:03:17

***

Bu gün: 14:35

Dövlət Gömrük Komitəsi Unikal.org-da "Rüşvətə görə işdən çıxarılan gömrük rəisi nazirin əmisi oğludur" başlığı ilə gedən xəbərə münasibət bildirib. 

Komitənin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Unikal.org-a bildirilib ki, "Qırmızı Körpü" gömrük postu rəisi Rəşad Babayev olduğuna dair iddiaların yer aldığı məlumatlar yayımlanıb: "R.Babayev ümumiyyətlə "Qırmızı Körpü" gömrük postunun rəisi vəzifəsində çalışmayıb, Qərb Ərazi Baş Gömrük İdarəsinin rəis müavini işləyib, bir müddət sonra isə rotasiya qaydalarına uyğun olaraq, Cənub Ərazi Baş Gömrük İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub və hazırda da həmin vəzifəni icra edir. Dövlət Gömrük Komitəsi media qurumları və jurnalistlərə komitənin fəaliyyəti ilə bağlı informasiyaları yayımlayan, şərh edərkən rəsmi məlumatlara əsaslanmağı tövsiyə edir”, - deyə məlumatda bildirilir.

Ülvi Rzazadə