“İNVESTAZ” şirkətinin təşkilatçılığı ilə Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) biznes idarəçiliyi fakültəsinin maliyyə ixtisasının bir qrup fəal tələbəsi adıçəkilən şirkətdə olub.

Unikal.org xəbər verir ki, görüşün təşkilində başlıca məqsəd sənaye nümayəndələri ilə əməkdaşlıq çərçivəsində maliyyə bazarları barədə ətraflı məlumat əldə etmək idi. Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası İdarə Heyətinin sədri Ceyhun İbrahimov  universitet tələbələrilə bir araya gəldikləri üçün məmnun olduğunu dedi. Söhbət əsnasında fəaliyyət istiqamətlərini diqqətə çatdırdı. “İNVESTAZ” şirkətinin tədris meneceri Rövşən Məmmədov maliyyə bazarlarında aparılan əməliyyatların xüsusiyyətləri, zəruri və spekulyativ əməliyyatlararası fərqlər, spekulyativ əməliyyatlar zamanı əldə edilən iştirakçı gəlirlərinin formalaşması prosesindən danışdı.

Əyani bazar mühitinə istinad edən R.Məmmədov makroiqtisadi göstəricilərin müvafiq maliyyə alətlərinə, əmtəələrə, fond alətlərinə, eləcədə valyutalara birbaşa təsirinin necə müəyyən olunduğunu detallı izah etdi. Bazarların səmərəli fəaliyyətinin proqnozlaşdırılmasında  rəqəmlərin oxunması və iqtisadi təqvimdə əks olunan məlumat ardıcıllığının başlıca xüsusiyyətlərindən danışdı. ATMU tələbələrinə analitik təhlilçi kimi formalaşmaları üçün iqtisadi xəbər agentlikləri tərəfindən yayınlanan gündəlik məlumatların daimi izləyiciləri sırasında olmaları tövsiyyə edildi.