Kəndlər tarixən kiçik yaşayış məntəqələri olmaqla, şəhərlərin bir sıra ərzaq məhsullarına tələblərinin ödənilməsində əhəmiyyətli rola malik olub. Kənd əhalisinin torpaqla bilavasitə əlaqəsi, ərazinin təbii sərvətlərindən istifadə etməklə bolluq yaratması şəhər mühitində yaşayanların maddi rifahına birbaşa təsir edən amillərdəndir.

Kəndli istifadəsində olan torpaqda və məşğul olduğu təsərrüfat sahəsində əldə edə bildiyi məhsulu məhz şəhər bazarına çıxararaq satacağını, bununla imkanlarını daha da genişləndirəcəyini, güzəranını daha da yaxşılaşdıracağını bilərək, kənddə yaşayır və hər cür zəhmətə qatlaşır.

İsmayıllı kənd təsərrüfatı rayonudur. Respublikanın bu bölgəsi haqqında ulu öndər Heydər Əliyevin dedikləri rayon və onun əhalisi haqqında gözəl təəssürat yaradır: “İsmayıllı çox yaxşı rayondur. Mən buranı yaxşı tanıyıram, əhalisi çox zəhmətkeşdir”.

Bəli, bu, həqiqətən belədir və İsmayıllı rayonunun, xüsusilə də ucqar dağ kəndlərinin bugünkü inkişafı insanda böyük sevinc yaradır. Belə ki, firavan həyat naminə sosial problemlər getdikcə həll olunur, kəndlər simasını tanınmaz dərəcədə dəyişir. İşgüzar,  qurub-yaratmağı sevən zəhmət adamları dövlət tərəfindən göstərilən bu misilsiz qayğıya görə doğma yurda daha da ürəkdən bağlanır, öz torpaqlarını əkib-becərməklə  xoş güzəran sürürlər. Həm də sevindirici hal odur ki, vaxtılə çörək dalınca müxtəlif şəhərlərə işləməyə gedənlər də indi doğma kəndlərinə qayıdırlar.

Lahıc qəsəbə inzibati ərazisi özündə Ərəgit, Bağıli, Namazgah və Müşgəmir kəndlərini birləşdirir. Dövlət səviyyəsində uğurla icra edilən sosial tədbirlər nəticəsində bu kəndlər müasirləşir və camaatın rifah halı günü-gündən yüksəlir. Lahıc qəsəbəsinə çəkilən yol, təbii qaz, tikilən orta məktəb binası ətrafda olan 20-yə yaxın kəndin canlanması ilə müşahidə olunur.

Prezident İlham Əliyevin Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında imzaladığı Sərəncam əsasında Dövlət Turizm Agentliyi tərəfindən hazırlanmış layihələrin icrası da Basqal qəsəbəsi ilə bərabər daha 10 kəndin inkişaf edəcəyindən xəbər verir.

Yerlərdə əhali ilə görüşmədən, onların istək və arzularını, problemlərini öyrənmədən onlara necə yardımçı olmağın qısa yolunu tapmaq o qədər də asan məsələ deyil.  Elə bu səbəbdən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, iqtisad elmləri doktoru, Əməkdar elm xadimi Mirdaməd Sadıqov tez-tez ən ucqar kəndlərin əhalisi ilə səmimi görüşlər, səyyar qəbullar keçirir.

Qəbullarda bir qayda olaraq ərazinin mövcud problemləri aşkarlanır, onların yaranma səbəbləri, həlli yolları araşdırılır. Başçının yerli adam olması, kənd həyatını və kənd təsərrüfatını yaxından və köklü şəkildə bilməsi istənilən məsələnin həllini birmənalı şəkildə asanlaşdırır.

Rayonun 105 kəndindən elə ucqarlarında görüşlər keçirilir ki, sakinlər burada bu kimi tədbirlərin məhz Mirdaməd müəllimin rayona başçı təyin olunduğundan sonra keçirildiyini deyirlər. Belə səmimi görüşlərdə dövlət-vətəndaş birliyi əyanilik tapır və insanları yaşadıqları ən kiçik kəndi belə sevməyə sövq edir.

Dağ kəndlərində olan görüşlərdə söhbət bilavasitə torpağa bağlılıqdan, onu əkib-becərməkdən, halal zəhmət hesabına firavan yaşamaqdan gedir. Çoxsaylı belə görüşlərin nəticəsidir ki, ucqar kəndlərdə təsərrüfat yaratmağa, heyvandarlıq, bağçılıq, arıçılıq və digər sahələrə meyl salanlar gündən-günə artmaqdadır. Əlbəttə, görüşlərdə gənclərlə aparılan söhbətlərdə onlara göstərilən diqqət və qayğı da öz bəhrəsini verir. Əvvəlki illərlə müqayisədə indi orta təhsilini başa vurmuş çox gənc kənddə qalıb işləməyə üstünlük verir, eləcə də ali təhsilini paytaxtda və digər şəhərlərdə  bitirmiş mütəxəssislər kəndə üz tuturlar. Bu məsələdə keçirilən görüşlərin rolunu qeyd etmək çox düzgün olardı.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun əksər ucqar kəndlərdə sakinlərlə görüşləri qısa zamanda həmin kəndlərin abadlaşması, illərdən bəri yığılıb qalan sosial problemlərin həlli ilə nəticələnib. Külli miqdarda vəsait tələb edən məsələləri isə möhtərəm Prezidentimiz İlham Əliyevin İsmayıllıya səfərləri məqamında başçı onun diqqətinə çatdırır. Bu kimi hallarda başçının təşəbbüsləri reallaşır, sakinlərin arzuları həyat həqiqətinə çevrilir.

Son 1-2 ildə rayonun Sumağallı, Qalacıq kəndlərinə təbii qazın verilməsi, Təzəkənd-Ağbulaq-Qoşakənd, Quşencə-Zoğallıq kənd yollarının asfaltlaşdırılması, İvanovka kəndindəki mədəniyyət sarayının əsaslı təmiri  uzun illərdən bəri sakinləri narahat edən məsələ idisə, bu gün həmin kəndlərin sakinləri görülmüş işlərdən razılıqla minnətdarlıq edirlər.

Yerlərdə keçirilən görüşlərin  demək olar ki, əksərində iştirakçı oluram. Başçının səmərəliliyini aydın görən vətəndaşlar yaşadıqları ərazidə onunla növbəti görüşü səbirsizliklə gözləyirlər. Sakinlər uzaqgörən rəhbərə, düz yol göstərən ağsaqqala hər zaman ehtiyac olduğunu bildirir, Mirdaməd müəllimin bu istiqamətdə zəhmətinə yüksək dəyər verir, onunla yeni görüşlərə can atırlar.

Qədirbilən ismayıllılar onlara göstərilən dövlət qayğısında M.Sadıqovun da əvəzsiz xidmətləri olduğunu bilir, ölkəmizin digər rayonları kimi, İsmayıllının çiçəklənməsi naminə onun hələ uzun illər bu bölgəyə rəhbərlik etməsini arzulayırlar.

Elin gözü tərəzidir. İsmayıllı sakinlərinin istək və arzularını, hamımızdan yaxşı duya bilən Mirdaməd müəllimin hələ doğma rayonla bağlı, həyata keçirilməsini əhəmiyyətli bildiyi bir sıra vacib işlər vardır. Həmin planları gerçəkləşdirməkdə elə rayon sakinləri adından ona uğurlar, müvəffəqiyyətlər arzulayırıq.

Şahməmməd Soltanov,

Prezident təqaüdçüsü, “İsmayıllı xəbərləri” qəzetinin təsisçisi və baş redaktoru