Şəkidə növbəti ilansancma hadisəsi qeydə alınıb. Hadisə rayonun Böyük Dəhnə kəndində qeydə alınıb.
Unikal.org xəbər verir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, rayonun Böyük Dəhnə kənd sakini, 1958-ci il təvəllüdlü Füzuli Diqqət oğlu Seyidov ilan sancma xəsarəti ilə xəstəxanaya daxil olub.

"58 yaşlı Füzuli Seyidov Böyük Dəhnə kənd inzibati ərazisində özünə məxsus taxıl sahəsində işləyərkən ilan qəfildən onun sol ayağının baldır nahiyəsindən sancıb. O, xəstəxanaya daxil olan kimi ona ilkin tibbi yardım göstərilib, zəhər əleyhinə zərdab vurulub. Vəziyyəti orta idi. Amma yaxınlarının istəyi ilə Bakıya - 1 saylı klinik tibbi mərkəzin Toksikologiya şöbəsinə göndərmişik", - deyə Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Knyaz Məmmədov bildirdi.

Sonuncu dəfə iyunun 12-də Salyan rayonunda azyaşlını da ilan sancıb. Hadisə rayonun Kürsəngi kəndində qeydə alınıb. Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, 2012-ci il təvəllüdlü Elgün Nəzər oğlu Atayev gecə evdə yatdığı zaman ilan onu diz nahiyəsindən sancıb. Uşağın ağlamasına oyanan valideynləri onu dərhal xəstəxanaya çatdırıblar.

4 yaşlı uşağa ilan zəhəri əleyhinə zərdab vurulub və o, evə buraxılıb.