20 Sentyabr 2019
Azərbaycan və Rusiya arasında əməkdaşlıq imkanları müzakirə edildi
Azərbaycan və Rusiya arasında əməkdaşlıq imkanları müzakirə  edildi İQTİSADİYYAT 17:52 2019-05-24

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri cənab Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Rusiyanın nüvə enerjisi üzrə dövlət korporasiyası  “Rosatom”un nümayəndə heyəti arasında görüş olub.  

Unikal.org xəbər verir ki, 360 təşkilatı özündə birləşdirən nüvə enerjisi üzrə beynəlxalq korporasiya şirkəti və Azərbaycan tərəfinin  rəsmiləri ümumi əlaqələrin durumu, gələcək perspektiv üzrə müzakirələrin keçirilməsi haqqında danışıqlar aparıblar. 
 
Tərəflər  nüvə elmləri, nüvə və radiasiya texnologiyaları, nüvə enerjisindən dinc məqsədlərlə istifadə və digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə  ediblər.   

Görüşdə Rusiya tərəfindən “Rosatom” şirkətinin direktor müavini Spasskiy Nikolay Nikolayeviç, Merten Aleksandr Aleksandroviç və “Rusatom” Beynəlxalq Şəbəkəsinin direktoru iştirak edib. 
 
Görüş zamanı  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  Milli Nüvə Tədqiqatları Mərkəzi ilə “Rosatom”  dövlət  korporasiyasının qurumları arasında kadr hazırlığı, nüvə-elmi tədqiqatlar işinin aparılması və gələcək perspektivlər müzakirə edilib.  
 
Danışıqların əsas mövzusu  “Rosatom” şirkəti ilə Azərbaycanın Milli Nüvə Tədqiqatları Mərkəzi arasında nüvə fizikası və reaktoru sahəsində mütəxəssisin hazırlanması, gələcəkdə bu işlərin genişləndirilməsi olub.  

Azərbaycanın Milli Nüvə Tədqiqatları Mərkəzinin böyük nüvə reaktoru və digər avadanlıqların olmadığını nəzərə alaraq “Rosatom” şirkətinin qurumları ilə bu istiqamətdə geniş işlər görüləcəyi qərara alınıb. 
 
Bundan başqa  milli nüvə, elmi tədqiqat  obyektlərinin qurulması, iki şirkət arasında bu  istiqamətdə qarşılıqlı memorandumun diplomatik qaydada imzalanması məsələsinə də toxunulub.
 
Növbəti mərhələdə “Rosatom” şirkətinin  böyük nümayəndə heyətinin Azərbaycana gəlişi  və  nüvə konfransının keçirilməsi planlaşdırılır. Azərbaycanlı mütəxəssislərin mütəmadi olaraq “Rosatom” şirkətinin keçirdiyi layihələrdə iştirakı və təcrübə mübadiləsi nəzərdə tutulub.