"Azərbaycanın qiymətli kağızlar bazarında ilk dəfə olaraq Azərbaycan dövlətinin də üzv olduğu beynəlxalq maliyyə institutları tərəfindən Azərbaycan Manatında qiymətli kağızların emissiyası barədə niyyət bildirilib".

Unikal.org-un məlumatına görə, bunu, “Azərbaycan kapital bazarı infrastrukturunun təkmilləşdirilməsi – inkişaf perspektivlər” mövzusunda tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov bildirib.

Palatanın icraçı sədri qeyd edib ki, qanunvericilikdə, beynəlxalq maliyyə institutlarının Azərbaycanın milli valyutasında qiymətli kağızlar emissiya etməsinə əngəl törədən boşluqlar var idi:

“Bu boşluqların aradan qaldırılması üçün qanunvericilikdə 3 fundamental dəyişiklər edildi. Artıq dəyişikliklər bu ilin Fevral ayından qüvvəyə minmişdir. Bu da beynəlxalq maliyyə institutlarının Azərbaycanda ilk dəfə milli valyutada qiymətli kağızlar emissiya etməsi üçün şərait yaratmışdır”.  

İbrahim Alışıov əlavə edib ki, beynəlxalq maliyyə institutlarının Azərbaycan bazarında milli valyutada emissiya edəcəyi qiymətli kağızlar hesabına kiçik və orta biznesin aşağı faizli maliyyə resurslarına çıxışı asanlaşacaq. Eyni zamanda, bu hadisə, Azərbaycanın kapital bazarında yeni səhifə açacaqdır.

Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Asiya İnkişaf Bankı (AİB) Azərbaycan Manatında istiqrazlar buraxmağa hazırdırlar. Artıq Asiya İnkişaf Bankı (ADB) ilk dəfə Azərbaycan manatında istiqraz buraxmaq planını potensial sərmayəçilərlə müzakirə edib.