Bakıda polis bölməsində vəkilə qarşı zorakılıq olub.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, müvəkkilinin hüquqlarının müdafiəsi üçün Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə gedən Vəkillər Kollegiyasının gənc üzvü Orxan Kəngərliyə qarşı fiziki zor tətbiq edilib.

Bu barədə onun həmkarları da fikir bildirərək hadisəni pisləyib və həmin polis əməkdaşlarının qanun qarşısında cəzalandırılmasını tələb ediblər.

VK Rəyasət Heyətinin sədri Anar Bağırov da məsələyə münasibət bildirib: “İstənilən vəkilə qarşı təcavüzü şəxsən özümə qarşı təcavüz kimi qiymətləndirirəm! Məsələ tam araşdırılmalı və təqsirkar şəxslər qanunda nəzərdə tutulan ən ciddi cəzaya məruz qalmalıdırlar. Bunun üçün bütün zəruri tədbirlər tərəfimizdən görülür və görüləcək!”.

12:12

***

16:25 (YENİ-2)

Daxili İşlər Nazirliyi (DİN) Vəkillər Kollegiyasının üzvü Orxan Kərgərlinin Binəqədi rayonu 4-cü polis şöbəsində döyülməsi haqqında iddialara münasibət bildirib.

DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə e-huquq.az-a açıqlamasında deyib ki, vəkilin şöbədə döyülməsi ilə bağlı yayılan iddialar əsassızdır, qərəzlidir və  özünü müdafiə xarakteri daşıyır: “Məsələyə səbəb budur ki, Binəqədi qəsəbə sakini olan qadın mənzilindən oğurluq olması ilə bağlı Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə müraciət edib. Şöbə əməkdaşlarının isti-izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin qadının qohumu olan bir şəxs şübhəli şəxs qismində saxlanılıb. Bununla bağlı Binəqədi  rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb. Saxlanılan şəxs oğurluq əməli törətdiyini etiraf edib. Oğurladığı pulun bir qismini maddi sübut kimi istintaqa təhvil verib.