Türkiyə Suriyanı bombaladı
Türkiyə Suriyanı bombaladı

Planet yeni və misli olmayan savaş təhlükəsi ilə çalxalanmağa başladı

Srağagün axşam saatlarında Türkiyə Suriyada bir neçə nöqtəyə zərbə endirib. Bu barədə Türkiyə Nazirlər Kabinetinin Bkı vaxtilə gecə saatlarında yayılan yazılı açıqlamasında bildirilib.

Açıqlamaya görə, Suriya hökumətinə aid olan silahlı qüvvələrin oktyabrın 3-də Türkiyənin Şanlıurfa rayonunun Ağçaqala qəsəbəsində 5 Türk vətəndaşının ölümü, 9 nəfərin yaralanması ilə nəticələnən silahlı zərbələrinə cavab verilib.: “Bu mənfur hücuma sərhəddə yerləşən silahlı qüvvələrimiz anında cavab verib. Suriya ərazisində radarla təsbit edilən nöqtələrə dərhal zərbələr endirilib, hədəflər vurulub”.
Açıqlamada daha sonra göstərilib ki, baş nazir Rəcəb Tayyip Ərdoğanın təlimatı ilə dərhal Xarici İşlər Nazirliyi diplomatik məlumatlandırmaya başlayıb. BMT baş katibi Ban Ki Moon və BMT Təhlükəsizlik Şurasının üzvü olan bəzi ölkələrin xarici işlər nazirləri ilə telefon danışıqları aparılıb. Qardaş ölkənin “Axşam” qəzetinin məlumatına görə, Əhməd Davudoğlu BMT-nin baş katibi ilə sərt danışıb və bəyan edib ki, Türkiyənin “səbri tükənib”.
Bu çərçivədə NATO baş katibi Anders Fogh Rasmussenlə də telefonla danışılıb, NATO Baş Məclisinin dərhal toplaşması barədə razılıq əldə edilib.
Türkiyə Suriyanın hərəkətinə görə sərt təpki verərək, məsələyə beynəlxalq hüquq çərçivəsində yanaşılmasına çağırıb. Bəyanatda Suriya rejiminin türk xalqının təhlükəsizliyini təhdid edən hərəkətlərinin cavabsız buraxmayacağı bəyan edilib.

Qərbdən və NATO-dan
Türkiyəyə tam dəstək

Türkiyənin Suriya həmləsinə ABŞ-ın münasibəti də gecikməyib. Bombardmandan az sonra ABŞ dövlət katibi Hillari Klinton bəyan edib ki, ölkəsi Türkiyənin cənub-şərqində qonşu Suriyadan atılan artilleriya nəticəsində beş nəfərin ölməsi ilə nəticələnən insidenti olduqca təhlükəli hesab edir. Xanım Klinton bildirib ki, yaxın saatlarda insidenti türkiyəli həmkarı Əhməd Davudoğlu ilə müzakirə etmək niyyətindədir. “ABŞ bölgədəki təhlükəli vəziyyəti NATO-dakı müttəfiqləri ilə müzakirə edəcək… Biz bunu Türkiyənin xarici işlər naziri Davudoğlu ilə də müzakirə etməyi planlaşdırırıq… Cünya ictimaiyyəti birləşməli və Bəşər Əsədini atəşi dayandırmağa, hakimiyyəti təhvil verməyə məcbur etməlidir”, - Hillari Klinton jurnalistlərə deyib.
Dövlət katibinin fikrincə, Suriya tərəfinin hadisədən təəssüfləndikləri ilə bağlı bəyanatları hakimiyyətdə qalmaq istəyinə xidmət edir.
Bu açıqlamadan dərhal sonra xanım Klinton Davudoğlu ilə anonsunu verdiyi telefon danışığını gerçəkləşdirib və ölkəsinin Ankaraya tam dəstəyini ifadə edib.
NATO Türkiyəni tam dəstəkləyir və Suriyadan Ankaraya qarşı istənilən təcavüzkar addımları dayandırmağı tələb edir. Bunu isə NATO bəyan edib. Bakı vaxtilə dünən gecə saat 2 radələrində təcili toplantısını başa çatdıran qurum Türkiyəyə dəstək bəyanatı yayıb.
Suriya Türkiyənin qəzəbi və dünya birliyinin Ankaraya dəstəyi müqabilində baş verənlərlə bağlı dərhal və çox ehtiyatlı açıqlama ilə çıxış edib. Suriyanın informasiya naziri Türkiyə ilə sərhəddə yaranmış insidentlə bağlı danışaraq ölkəsindən atılan mərmilərin Türkiyə ərazisində düşməsi nəticəsində ölənləri “şəhid” adlandırıb. Nazirin açıqlamasında bildirilib ki, rəsmi Dəməşq həlak olanların ailələrinə başsağlığı verir və baş vermiş hadisə ilə bağlı araşdırma aparılır. Suriyalı nazir Türkiyəni sərhədlərinə nəzarət etməyə də çağırıb.
“Suriyaya hücum etmək üçün bəhanə axtarmayın”. Bunu Rusiya xarici işlər naziri müavini Genadi Gatilov bildirib.
Nazir müavini qeyd edib ki, NATO və ərəb ölkələri Suriyaya hərbi müdaxilə etmək barədə düşünməməlidir: “NATO və Yaxın Şərq ölkələri Suriyaya hərbi müdaxilə ssenarisini tətbiq etmək üçün bəhanə axtarırlar”.
Xarici işlər nazirinin müavini vurğulayıb ki, Rusiyanı ən çox narahat edən məsələ Türkiyə-Suriya sərhədində yaşanan vəziyyətdir.
Dünən günorta satlarında isə məlum olub ki, Türkiyə hökuməti Suriya böhranını öz təhlükəsizliyi üçün təhdid hesab edir və öz sərhədləri xaricindəki hərbi əməliyyatlar üçün parlamentin təsdiqini almaq istəyir. Bu barədə “Röyter” Ərdoğan komandasının yüksək rəsmisinə istinadən məlumat yayıb. “Suriya ordusu tərəfindən edilmiş aqressiv hərəkət Türkiyənin təhlüksəzliyinə ciddi təhdiddir və hökumət sərhədləri xaricində hərbi əməliyyat üçün parlamentin dəstəyini almaq niyyətindədir və bunun üçün yollar axtarır” - deyə mənbə bildirib.
Tayyip Ərdoğanın baş məsləhətçisi İbrahim Kalın özünün Twiitter hesabında yazıb ki,Türkiyə Suriya ilə müharibədə maraqlı deyil. Ancaq öz sərhədlərini qoruyur. O deyib ki, diplomatik və siyasi təşəbbüslər davam edəcək.

Əsas sual: Türkiyə
müharibəyə başlayırmı?

Eksprtlərə görə, yaranmış vəziyyət ABŞ dövlət katibinin 2 ay əvvəlki səfəri zamanı dediyi “uçuşa yasaq bölgələr də daxil olmaqla bütün variantları nəzərdən keçiririk” - sözlərindən daha da irəliyə gedildiyini göstərir. Akçakeleye düşmüş bombaya görə Suriyanın rəsmən üzr istəyib istintaq başladıldığını ən yüksək səviyyədən bəyan etməsi artıq heç bir dəyər ərz etmir.
Yaydan bəri təmkinini qoruyan Moskvanın Ankaraya xəbərdarlıqlarının dozasının sərtləşməsi, Malatyaya NATO radarları qurulundan bəri öfkəsini gizlətməyən İranın “Türkiyə Suriya məsələsindən uzaq dursun” səpkili onsuz da sərt dozajlı açıqlamalarının səngiməməsi “Ankaranı Şamın üzərinə yürümə” düşüncəsindən vaz keçirməyə kifayət etmədiyini görürük. Ərdoğan hökuməti 2 il əvvəl İraqın şımalında məskunlaşmış terror təşkilatına qarşı əməliyyat keçirmək üçün Məclisdən səlahiyyət alıb, indi səlahiyyətin sərhədləri genişləndirilərək Suriyada da hərbi əməliyyatların keçirilməsi üçün Məclisin qapısı bir daha çalınır. TBMM-nin hal-hazırkı arifmetikasında hökumətin oradan Suriyaya qarşı hərbi əməliyyatlar üçün səlahiyyət alması çətin görünmür.
“Sərhədin o tərəfində hərbi əməliyyatlar aparmaq üçün” Məclisdən tələb edilən budəfəki səlahiyyətin sərhədlərinin genişlənməsinə o səlahiyyətə sadəcə hər hansı bir maddə əlavə edilməsi kimi baxmamaq lazımdır; zira 1995-dən bəri “sərhədin o tərəfində hərbi əməliyyatlar aparmaq üçün” hökumətlərə Məclis tərəfindən verilən səlahiyyətin hədəfi bəlli idi - türk ordusu terror təşkilatının yaz və yay aylarında fəallaşmasının qarşısını almaq üçün hər il martın əvvəlindən başlayaraq bölgədə təxminən 10 gün davam edən əməliyyatlar keçirərkən nə Bağdadın, nə də Şimali İraq üsuli-idarəsinin reaksiyası ilə qarşılaşırdı. İraqın işğalından sonra isə Türkiyənin o bölgədə əməliyyat aparması xeyli çətinləşdi və bu gün artıq orada hər hansı əməliyyat aparılmasından da söhbət getmir. “Sərhədin o tərəfində hərbi əməliyyatlar aparılması” üçün hökumətin Məclisdən istədiyi səlahiyyətə Suriyanın əlavə edilməsi isə savaş elanına hazırlıqdır.

Və sonda:

Xatırladaq ki, srağagün Suriyadan atılan iki artilleriya mərmisi Türkiyə ərazisinə düşüb. Qardaş ölkənin “Vatan” qəzetinin verdiyi məlumata görə, artilleriya mərmisi Şanlıurfanın Akçakale rayon mərkəzinə, Gündoğdu küçinə düşüb.
Rayon mərkəzinə düşən birinci artilleriya mərmisindən sonra əraziyə polislər gəlib. Bu zaman küçədə yerləşən evə ikinci artilleriya mərmisi düşüb və nəticədə 1-i uşaq olmaqla, 5 nəfər ölüb, 13 nəfər yaralanıb. Yaralılardan 2-i polis əməkdaşıdır.

Murad İbrahimli