Azad Rəhimovun gəlir yerləri azalacaq
Azad Rəhimovun gəlir yerləri azalacaq

Nazirə məxsus biznes obyektləri özünü doğrultmur

Gənclər və idman naziri Azad Rəhimova məxsus “İtaldizayn” şirkətinə məxsus satış salonlarının bəziləri bağlanmaq təhlükəsi ilə üzləşib. Buna səbəb həmin salonlarda alış-verişin kəskin aşağı düşməsi, sifarişlərin görünməmiş dərəcədə azalması və onların gəlirliliyinin ürəkaçan olmamasıdır. Bu barədə adının çəkilməsini istəməyən mənbələrdən məlum olub.

Qeyd edək ki, Azad Rəhimov nazir postuna gətirilməzdən qabaq biznes fəaliyyəti ilə məşğul olub. Onun biznesinin əsasını mebel ticarəti təşkil edib. A.Rəhimov hələ o vaxtlar Avropanın tanınmış mebel brendlərinin ölkəmizdə satışını həyata keçirib. Ayrı-ayrı məmurların, biznesmenlərin sifarişini yerinə yetirən Azad Rəhimov daha sonra Bakıda “İtaldizayn” şirkətini açıb.
Nazirin ilk şirkəti Bakıda 1996-cı ildə İtaliyanın dəbli mətbəx avadanlıqlarını Azərbaycana gətirməklə fəaliyyətə başlayıb. Şirkət öz tarixi boyu nəinki mebel bazarında möhkəmlənib, həm də yeni, dinamik və diversifikasiyalı biznes yaratmağa nail olub. 1998-2006-cı il tarixinədək “İtaldizayn” Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyən Azad Rəhimov bu müddətdə nazirlərin sifarişi ilə Azərbaycana mebel gətirib.
Onu da deyək ki, Azad Rəhimovun “İtaldizayn”ına əksəriyyəti şəhərin mərkəzində yerləşən 22 salon və butik daxildir: “İdea”, “Creative System”, iki “Villeroy & Boch” butik və salonu, “Bang & Olufsen”, “Ambiance”, dörd “Swarovski” butiki, “Royal Collection”, “Royal Collection - Watches & Accessories”, “Yves Delorme”, “Baccarat - Bernardaud”, “Museum”, “Chopard”, “Carpets Boutique”, “Lladro”, “Roberto Coin - de Grisogono”; iki “Eurodesign” və “Transeurocom” telekommunikasiya şirkəti; “İD Catering” keyterinq şirkəti və “Creacon” inşaat şirkəti.
Nazirin satış salonlarının bəzilərinin alış veriş və müştəri sifarişi sarıdan ciddi əziyyət çəkdiyini deyən mənbə şirkət sahibinin bunu nəzərə alaraq onların bəzilərini müvəqqəti bağlatmaq, bəzilərinin isə təyinatını dəyişmək haqqında düşündüyünü deyib. Məlumatlarda bildirilir ki, gəlirliliyin rək açan olmamasının mühüm səbəblərindən biri gənclər və idman nazirinin artıq hökumət dəhlizlərinqdə əvvəlki qədər güclü ələ malik olmaması və bazarda üstün mövqelərini qoruyub-saxlaya bilməməsidir. Nəticədə onun şirkətinə real rəqib olacaq yeni şirkətlər meydna gəlib. Bu isə alıcı bazarını Azad Rəhimovun əleyhinə dəyişdirib.
Ülviyyə Qasımlı