Siyasi mühacirlər yoxsa qaçanlar
Siyasi mühacirlər yoxsa qaçanlar

Müxalifətin sıraları seyrəlir

Son 5 il ərzində ölkədən mühacir edərək çıxanların sayı yüzə çatır. Qeyd olunur ki, bəzi mühacirlər var ki, onlarla bağlı cəmiyyətdə ümumiyyətlə məlumat yoxdur. Amma siyasi mühacir olaraq skandanaviya ölkələrində məskunlaşa biliblər. Gəlin,bu tipli son mühacir olayına diqqət ayırıb,sonra beş il ərzində mühacirlərin bu qədər artmasının səbəblərinə diqqət ayıraq.

Belə ki, İctimai Palatanın üzvü Yeganə Əmiraslanova Azərbaycanı tərk edib. Hazırda o, Almaniyadadır. Bu barədə Yeganə Əmiraslanovanın özü məlumat verib. IP üzvü ölkəni məcburi şəkildə tərk etdiyini və bu addımının kökündə aktiv siyasi fəaliyyətinin dayandığını bildirib. “Əslində mənim atamın müalicəsi ilə əlaqədar Almaniyaya getmək planım var idi. Lakin sentyabrın 24-də mən və ailə üzvlərim evdə olarkən qapı döyüldü.
Qapını açdıqda ”qonaqların" 4 nəfər mülki geyimli, naməlum şəxs olduğunu gördük. Onlardan ikisi özlərini təqdim etmədən, heç bir izahat vermədən dərhal içəri atıldı və məni hədələməyə başladılar. Bildirdilər ki, yaxın günlərdə nümayişkaranə şəkildə Ictimai Palatadan istefa verməsən və müxalifət liderləri haqqında müxtəlif ittihamlar səsləndirməsən aqibətin yaxşı olmayacaq. Açığı mən onlara heç nə demədim. Yalnız soruşdum ki, siz kimsiz. Onların isə cavabı bu oldu ki, yaxşı bilirsən biz kimik. Bu adamlar məni hədələyəndən sonra çıxıb getdilər. Mən məsələnin ciddi olduğunu görüb, Almaniyanın iki deputatı ilə əlaqə saxladım. Onlardan ölkələrində sığınacaq ala bilib-bilməyəciyimiz soruşdum. Alman deputatlar müsbət cavab verdilər. Mən də qərara gəldim ki, ölkəni tərk edim".Yeganə Əmiraslanova əlavə edib ki, ölkəni tərk etsə də, mübarizəsini davam etdirəcək: “Almaniyada müəyyən işləri yoluna qoyduqdan, Azərbaycanda olduğundan artıq aktiv siyasi fəaliyyətə başlayacam və ölkəmizdə demokratiyanın bərqərar olması üçün bütün səylərimi səfərbər edəcəm”.
İndi isə gəlin bəzi detallara diqqət ayıraq. Söhbət nədən gedir? Ölkədə siyasi proseslərdə o qədər də aktiv olmayan,sadəcə olaraq görüntü yaradan şəxslər nədənsə daha çox müammalı şəkildə yoxa çıxırlar. Məsələn, Yeganə Əmiraslanovanın özünü götürək. İctimai palatanın üzvü olan xanım, son parlament seçkilərinə qədər yeni Azərbaycan Partiyasının üzvü olmuşdu və Gədəbəydən deputatlığa namizədliyini vermişdi. Amma YAP onun namizəd olmasını qəbul etmədi və bununla da münasibətlər kəskinləşdi. Nəticə də Yeganə Əmiraslanova YAP-dan çıxdı və İctimai palatanın üzvü oldu. Bundan sonra müxalifət düşərgəsində olan Yeganə Əmiraslanovaya qarşı bir dəfə də olsa mətbuatda təzyiqlərin olması ilə bağlı açıqlama verilmədi. Çünki ortada heç bir təzyiq yox idi və əslində Yeganə Əmiraslanova müxalifət düşərgəsində heç bir təsir imkanlarına malik deyildi və çıxışlarıda digər İP üzvləri ilə müqayisə də çox loyal idi. Bu səbəbdən Yeganə Əmiraslanovanın birdən birə hansısa tanınmayan şəxslərin basqısına məruz qalması inandırıcı görünmür. Ən maraqlısı isə budur ki, Yeganə Əmiraslanova məhz yaxın qohumunu Almaniyaya müalicəyə aparan zaman siyasi mühacir olmaq qərarına gəlir və bu vaxt ona “təzyiqlər” başlayır. Bütün bunlar isə mütəxəssislərin dediyi kimi müxalifət düşərgəsindən sığınacaq almaq istəyənlə dəstəsi yaradılıb və bunun çox sadə texnologiyası var. Məsələn, müxalifət partiyalarına,əsasən Müsavat və AXCP-yə üzv qəbul olunur və bundan sonra bir neçə aksiyada iştirak edir, dövrü mətbuatda yazılarla çıxış edir və 3 ayın tamamında ölkəni tərk edirlər. Məhz buna görə də Almaniya Azərbaycandan siyasi sığınacaq almaq istəyənlərə qarşı sərt şərtlər qoyub.
Son 5 il ərzində başqa bir təbəqə də ortaya çıxıb ki, bunlarda əsasən orta sahibkarlıqla məşğul olanlardır. Müşahidəçilər qeyd edir ki, bu şəxslərin böyük əksəriyyətinin həqiqətən də ölkədə orta səviyyəli biznesləri olub. Amma iflasa uğrama ərəfəsində maraqlı çıxış yolu tapılır. Bunun üçün öncədən banklardan kreditlər götürülür,müxtəlif müəssisələrin adına keçirilir və sahibkar ölkəni tərk edərək ona qarşı siaysi təzyiqlərin olduğunu idida edir. Ekspertlər bildirir ki, ümumiyyətlə belə şəxslərə Avropada da maraq çoxdur. Çünki həmin sahibkarlar qısa zaman ərzində bu ölkələrə investisiya qoymağa başlayırlar.Hətta elə Avropa ölkələri var ki, ölkəyə yüz min manat sərmayə qoyan şəxsə rahatlıqla vətəndaşlıq verilir. Məhz iş adamlarıda bu üsuldan məharətlə yararlanırlar.

Mehdi Əli