Berlin şəhərində 28 May – Respublika günü və Azərbaycan Respublikasının diplomatik xidmətinin 100 illik yubileyi ilə əlaqədar rəsmi tədbir keçirilib.

Unikal.org-un tədbirdə iştirak edən əməkdaşı xəbər verir ki, Azərbaycanın və Almaniyanın dövlət himnlərinin səsləndirilməsindən sonra ölkəmizin AFR-dəki fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov tədbiri giriş nitqi ilə açıb. 

28 may 1918-ci il tarixində Azərbaycan xalqının öz müstəqilliyini elan etdiyini, azad, demokratik və dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın -  Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yarandığını qeyd edən R.Həsənov vurğulayıb ki, AXC müsəlman Şərqində ilk demokratik respublika olub və mütərəqqi ideyalar əsasında təşəkkül tapıb: “Əldə edilmiş müstəqilliyin qorunub saxlanması o dövrdə daha çox xarici amillərdən asılı olduğu üçün AXC mövcud olduğu müddət ərzində xarici siyasət məsələlərinə xüsusi önəm verib. Cəmi iki ilə yaxın fəaliyyəti dövründə Azərbaycan Hökumətinin gərgin fəaliyyəti nəticəsində AXC 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransının iştirakçısı olan böyük dövlətlər tərəfindən de-fakto tanınıb”-deyə səfir qeyd edib. 

Ramin Həsənov deyib ki, Azərbaycan Respublikasının diplomatik xidmətinin təsis edilməsi də məhz Cümhuriyyət quruculuğu dövrünə təsadüf edir: “ AXC-nin yaranması ilə onun dövlət orqanları sistemi, o cümlədən də Xarici İşlər Nazirliyi formalaşdı: “1920-ci ilin aprel ayının 20-də sovet-bolşevik rejiminin Azərbaycanı işğal etməsi nəticəsində AXC-nin beynəlxalq münasibətlər sistemində təmsil olunmasına son qoyulmasına baxmayaraq, 70 illik fasilədən sonra Azərbaycan xalqının milli azadlıq mübarizəsi nəticəsində 1991-ci ilin oktyabr ayının 18-də Azərbaycan Respublikası müstəqilliyini bərpa etdi. Müstəqilliyin bərpa edilməsindən sonra Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasında güclü dövlət quruculuğu, habelə müstəqil və çoxistiqamətli xarici siyasət strategiyası müəyyən edildi, bu gün Azərbaycanın milli maraqlarına əsaslanan çoxistiqamətli xarici siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”. 
Səfir R.Həsənov tarixi 200 il əvvələ gedib çıxan Azərbaycan-Almaniya münasibətlərinə  toxunaraq iki ölkə arasındakı münasibətlərin çoxşaxəli olduğunu və bütün sahələrdə dinamik şəkildə inkişaf etdiyini, bu il ölkələrimiz arasındakı diplomatik münasibətlərin qurulmasının 27-ci ildönümü olmasını iştirakçıların diqqətinə çatdırıb. Ötən ilin avqust ayında  AFR kansleri xanım Anqela Merkelin Cənubi Qafqaz regionuna səfəri çərçivəsində Azərbaycanda olduğunu, bu səfərin ikitərəfli əlaqələrin daha da intensiv inkişafına töhfə verdiyini qeyd edib.
Tədbird Almaniyanın dövlət rəsmisi də geniş nitqlə çıxış edib. 
Çıxışlardan sonra Almaniyada doktoranturada təhsil alan azərbaycanlı - Fəridə Rüstəmova, musiqi aləmində yüksək nailiyyətlər əldə etdiyinə görə Baden Württemberg əyaləti tərəfindən oxuduğu müddət ərzində istifadəsinə verilən 1745-ci ilin qədim skripkasında milli və alman klassik nümunələrindən ibarət musiqi parçaları ifa edib. 
Tədbir Azərbaycan və Avropa mətbəxinin nümunələrinin təqdim edildiyi ziyafətlə sona çatıb.
İştirakçılara Azərbaycan haqda materiallar təqdim edilib. 
Tədbirdə AFR Federal Parlamentinin vitse-prezidenti Klaudia Rot (Klaudia Roth), Bundestaqın deputatları, Kansler administrasiyasının, Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksək vəzifəli nümayəndələri, Almaniyanın ictimai-siyasi, iqtisadi və mədəni dairələrinin təmsilçiləri, Berlindəki xarici diplomatik missiyaların rəhbərləri, Almaniyadakı Azərbaycan diasporunun üzvləri və mətbuat nümayəndələri (ümumilikdə 600-ə qədər qonaq) iştirak ediblər. 

Həsən Babayev
Berlin şəhəri