Zərər zamanı verilən güzəştlər
Zərər zamanı verilən güzəştlər

Bazar iqtisadiyyatı inkişaf etmiş ölkələrdə vergitutmanın əsas prinsiplərindən biri vergi sisteminin sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməsidir. İnvestisiya fəaliyyətinin stimullaşdırılması istiqamətində dövlətin həyata keçirdiyi əsas tədbirlərdən biri kimi investorlar üçün əlverişli vergi mühitinin yaradılmasını göstərmək olar. Belə bir mühitin yaradılması investisiya fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri üçün müxtəlif vergi güzəştlərinin verilməsi yolu ilə həyata keçirilir.

İnvestisiya fəaliyyətini həyata keçirən vergi ödəyicilərinə vergi güzəştləri verilməklə onların üzərinə düşən vergi yükü nisbətən azaldılır və bunun nəticəsində kapital qoyuluşları üçün sərbəst maliyyə vəsaitlərinin formalaşdırılması təmin edilir.
Müasir vergi sistemlərində investisiyanın stimullaşdırılması məqsədilə vergi güzəştlərinin vergi dərəcələrinin aşağı salınması, zərərin gələcək dövrlərə keçirilməsi, kapital qoyuluşlarına vergi güzəştlərinin verilməsi, vergi tətillərinin tətbiqi, uzunmüddətli investisiya zamanı kapital artımından əldə edilən gəlirlərə güzəştli vergi rejiminin tətbiq edilməsi və s. formalarından istifadə olunur.
Zərərin keçirilməsi vergi güzəştlərinin verilməsinin daha geniş yayılmış formalarından biridir.
Beynəlxalq təcrübədə investisiya fəaliyyətinin stimullaşdırılması məqsədilə zərərin keçirilməsi formasında vergi güzəştinin verilməsinin iki əsas metodundan istifadə olunur. Bunlardan biri yaranmış zərərin gələcək və ya keçmiş dövrlərə keçirilməsindən ibarətdir. Bu metodun tətbiqi hesabat dövründə yaranmış zərərin gələcək və ya keçmiş dövrlərin mənfəəti hesabına kompensasiya edilməsi şəklində həyata keçirilir. Qeyd etmək lazımdır ki, yeni yaradılmış şirkətlərin fəaliyyətə başladığı ilk illərdə mənfəət əldə etmək imkanları müəyyən obyektiv səbəblərdən az olduğundan, birinci metodun tətbiq olunması həmin şirkətlər üçün daha çox əlverişlidir.
Zərərin keçirilməsi formasında vergi güzəştinin verilməsinin ikinci metodu sürətli amortizasiyanın tətbiqini nəzərdə tutur. Bu metodun tətbiq olunması ilə investisiya qoyuluşlarının həyata keçirilməsindən sonrakı illərdə müəssisənin vergi yükünün azaldılmasına və gələcək inkişafı üçün sərbəst vəsaitlərin formalaşdırılmasına imkan yaranır. Bir sıra ölkələrdə zərərin keçirilməsi ilə bağlı güzəştin verilməsi məsələlərinə yanaşmalar da müxtəlif formalarda həyata keçirilir. Misal üçün, Böyük Britaniyada maliyyə ilinin ticarət zərəri həmin ilin hər hansı digər gəliri ilə kompensasiya oluna və ya əvvəlki ilin hesabına ötürülə bilər (bəzi hallarda isə 3 il əvvələ də ötürülə bilər). Əgər bundan sonra ticarət zərəri qalarsa, qalmış məbləğ gələcək illərin ticarət mənfəəti hesabına kompensasiya olunur. Qeyd etmək lazımdır ki, qeyri-ticarət zərərləri yalnız gələcək illərin mənfəəti hesabına kompensasiya edilir və əvvəlki illərə ötürülə bilməz. Bu növ zərərlərə kapital itkisi və ya əmlakın icarəsindən yaranan zərərlər aid edilir.
Böyük Britaniyada zərərin keçirilməsi sahəsində tətbiq olunan daha bir qayda şirkətlər qrupu daxilində zərərin ötürülməsi ilə bağlıdır. Həmin qaydalara əsasən, üzv şirkətlərdən biri zərərin keçirilməsi hüququndan imtina etdiyi halda, onun ticarət zərəri digər üzv şirkətin vergi tutulan cari mənfəəti hesabına kompensasiya edilə bilər. Eyni zamanda, qaydalara əsasən üzv şirkətdə yaranmış zərərin qrupun bir neçə üzvünə ötürülməsi halı da mümkündür.
Burada “qrup” dedikdə səhmlərinin 50%-dən çoxu ana şirkətə məxsus olan törəmə şirkətlərdən və ya səhmlərinin 75%-i şirkət sahiblərinin konsorsiumuna məxsus olan şirkətlərdən ibarət qrup nəzərdə tutulur.
Azərbaycan Respublikasında zərərin keçirilməsi ilə bağlı vergi ödəyicilərinə güzəştin verilməsi məsələlərini tənzimləyən normalar Vergi Məcəlləsi ilə müəyyən edilmişdir. Məcəllənin 121-ci maddəsinə əsasən, müəssisənin gəlirlərdən çıxılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir.
Fiziki şəxsin sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirindən çıxılmasına yol verilən xərclərinin belə ümumi gəlirdən artıq olan hissəsi digər gəlirlərdən çıxıla bilməz, lakin gələcək dövrlərdə sahibkarlıq fəaliyyətindən ümumi gəlir hesabına kompensasiya edilməsi üçün üç ilədək davam edən sonrakı dövrə keçirilir.
Göründüyü kimi, zərərin keçirilməsi ilə bağlı vergi ödəyicilərinə vergi güzəştlərinin verilməsi müxtəlif formalarda həyata keçirilir. Lakin qeyd olunmalıdır ki, belə güzəştlərin verilməsi bütün hallarda eyni məqsədi daşıyır: müəyyən səbəblərdən hesabat ilini zərərlə başa vurmuş vergi ödəyicilərinin zərəri gələcək dövrlərin mənfəəti ilə kompensasiya edilərək vergi yükü azaldılır və bunun nəticəsində investisiya fəaliyyətinin inkişaf etdirilməsinə tələb olunan sərbəst maliyyə vəsaitlərinin formalaşdırılması üçün imkan yaradılır.

Akif Musayev
Azərbaycan Respublikası Vergilər Nazirliyinin
Vergi siyasəti və strateji araşdırmalar
Baş İdarəsinin rəisi