17 Oktyabr 2019
Ağdaşda Nəsimi şeir müsabiqəsi keçirildi - FOTO
Ağdaşda Nəsimi şeir müsabiqəsi keçirildi- FOTO CƏMİYYƏT 16:15 2019-06-08

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində 11-ci sinif şagirdləri arasında Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş Nəsimi şeir müsabiqəsi keçirildi. 

Unikal.org xəbər verir ki, Heydər Əliyev Mərkəzinin foyesində Nəsimiyə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi, məktəblilərin ifasında müxtəlif səhnəcik və kompazisiyalar təşkil edilmişdir. Müsabiqəni giriş sözü ilə açan Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Yeni Azərbaycan partiyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov bildirdi ki, 2019-cu ildə Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından olan böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Adı dünyanın ölməz sənətkarları sırasında şərəfli yer tutan, poeziyamızda yeni, çox əlamətdar bir dövrün başlanğıcı olan, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən qüdrətli sənətkar İmadəddin Nəsimi zəngin irs qoymuşdur. İmadəddin Nəsimi adı ilə məşhur olan Seyid Əli ibn Seyid Məhəmməd doğma dilimizdə sanballı əsərlər yaradan ilk sənətkarlardandır. İmadəddin Nəsimi Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir. Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Şeirlərinin təməl anlamını ilahi eşq təşkil edən Nəsimi fars, ərəb, Azərbaycan türkcəsində mükəmməl şeir nümunələri ortaya qoymuşdur. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Onun şeirləri bütün türk xalqları ədəbiyyatına və bütövlükdə klassik Şərq poeziyasına ciddi təsir göstərmişdir. Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz ulu öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdur. Həmin dövrdən etibarən Nəsimi irsinin və bütövlükdə klassik Azərbaycan mədəniyyətinin daha əhatəli araşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Nəsiminin yaradıcılığı artıq millimənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir. Azərbaycan ədəbiyyatı və incəsənətində Nəsiminin yaddaqalan obrazı yaradılmış, Bakının mərkəzində şairin əzəmətli heykəli ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu Nəsiminin adını daşıyır. 2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyinin qeyd edilmişdir. 2018-ci ilin sentyabr ayında ölkəmizdə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalının təntənəli şəkildə keçirilməsi ölməz şairin xatirəsinə dərin ehtiramın ifadəsidir. İmadəddin Nəsiminin adı həqiqət naminə, fikir azadlığı yolunda qəhrəmanlığın rəmzi kimi əbədiləşib, əsrlərdən bəri Şərq xalqlarının yaddaşında yaşamaqdadır. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2018-ci il 15 noyabr tarixdə “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdır. Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il 11 yanvar tarixdə imzaladığı digər Sərəncamla 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi ilə bağlı qərar qəbul etmişdir.

Daha sonra müsabiqə iştirakçıları tərəfindən Nəsiminin “Sığmazam”, “Ağrımaz”, “Ayrılır”, “Etməgil”, “Hardasan”, “Bəllidir”, “Neylərəm”, “Ey mənə nahaq deyənlər”, “Apardı könül”, “Yanaram”, “Dünya duracaq yer deyil” və sair qəzəlləri səsləndirilib və iştirakçılar münsiflər heyəti tərəfindən qiymətləndiriliblər. Müsabiqədə ilk üç yeri tutan qaliblərə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının Fəxri fərmanları təqdim olundu.
Sonda xatirə şəkili çəkdirildi. 

 


  • Ağdaşda Nəsimi şeir müsabiqəsi keçirildi- FOTO
  • Ağdaşda Nəsimi şeir müsabiqəsi keçirildi- FOTO
  • Ağdaşda Nəsimi şeir müsabiqəsi keçirildi- FOTO
  • Ağdaşda Nəsimi şeir müsabiqəsi keçirildi- FOTO
  • Ağdaşda Nəsimi şeir müsabiqəsi keçirildi- FOTO
  • Ağdaşda Nəsimi şeir müsabiqəsi keçirildi- FOTO
  • Ağdaşda Nəsimi şeir müsabiqəsi keçirildi- FOTO
  • Ağdaşda Nəsimi şeir müsabiqəsi keçirildi- FOTO
  • Ağdaşda Nəsimi şeir müsabiqəsi keçirildi- FOTO
  • Ağdaşda Nəsimi şeir müsabiqəsi keçirildi- FOTO