Petro Poroşenko Ukraynada keçiriləcək növbədənkənar parlament seçkilərində qalib gələcəkləri halda ölkənin yeni Baş naziri olacağını istisna etməyib.

Unikal.org-un "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın beşinci prezidenti P.Poroşenko rəhbəri olduğu “Avropa həmrəyliyi” partiyasının bazar günü keçirilən qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, parlament seçkilərində qalib gəldikləri halda Baş nazir olmaq şansı böyükdür.

Xatırladaq ki, bugünkü qurultayda partiyanın növbədənkənar parlament seçkilərinə qatılacaq namizədlərinin siyahısı təqdim edilib. Partiyanın siyahısında ilk onluğa tanınan simalardan Petro Poroşenko, Ali Radanın sədri Andrey Parubiy, Ali Rada sədrinin birinci müavini İrina Qeraşenko, müharibə veteranı Mixail Zabrodskiy, televiziya aparıcısı Sofiya Fedina, Krım tatarlarının rəhbərləri Mustafa Cəmilov, Atyom Çiyqoz daxildir.

Qeyd edək ki, Ukraynada növbədənkənar parlament seçkiləri iyulun 21-də keçiriləcək.