Ali Məhkəmədə hədə-qoruxu ilə tələb etmədə və dələduzluqda təqsirləndirilən Samid Abdullayevin kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Unikal.org xəbər verir ki, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, S.Abdullayevin kassasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, S.Abdullayev 2015-ci ilin sentyabrında Feysbuk sosial şəbəkəsi vasitəsilə tanış olduğu Ləman Məmmədovaya (ad və soyadlar şərtidir) özü haqqında həqiqətə uyğun olmayan yalan məlumatlar verib, onunla sevgi münasibətləri yaradıb. O, L.məmmədovanın etibarını qazandıqdan sonra qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğunu, işlərində problem yarandığını deyib.

S.Abdullayev bu yolla qadını aldadıb və 2015-ci ilin sentyabrın sonlarında "Nəriman Nərimanov" metrostansiyasının yanında bir həftəyə qaytaracağı vədi ilə ondan 1000 manat pul alıb.
O, həmin il oktyabrın 2-də "Əhmədli" metrostansiyasının yanında bir həftəyə qaytaracağı vədi ilə L.Məmmədovdan 10 600 manat və 500 ABŞ dolları alıb.

Bundan başqa, S.Abdullayev oktyabrın 9-da qadından "Nəriman Nərimanov" metrostansiyasının yaxınlığında 1500 manat, oktyabrın 25-də saat 11 radələrində Heydər Əliyev adına Beynəlxalq Hava Limanında 2000 ABŞ dollar pul alıb.

Daha sonra, o, L.Məmmədovanı rüsvayçı fotoları ilə şantaj etməyə başlayıb. S.Abdullayev qadını Nərimanov rayonu ərazisində yerləşən "Klub 45"də öpüşdüyü zaman çəkilmiş fotoşəkilləri və videogörüntüləri, internet vasitəsilə ona göndərdiyi sinə nahiyəsinin yarıçılpaq fotoşəkili ilə şantaj edib. Bu yolla o, qadından hədə-qorxu ilə pul tələb edib.

Samid bu hədələrlə Ləmandan ümumilikdə 12 691 manat pul alıb. Şantajlardan bezən qadın hüquq-mühafizə orqanlarına şikayət edib. S.Abdullayev həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Abdullayev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan S.Abdullayev apellyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onun apellyasiya şikayəti qismən təmin olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. S.Abdullayevin cəzası 6 il 6 aya endirilib.