26 İyun 2019
25 İyun 2019
Alman diplomatlara dərs deyən azərbaycanlı   - Rasim Mirzəyevlə MÜSAHİBƏ
Alman diplomatlara dərs deyən azərbaycanlı  - Rasim Mirzəyevlə MÜSAHİBƏ CƏMİYYƏT 11:35 2019-06-12

Berlin Humbolt Universitetinin Azərbaycan Tarixi kafedrasının dosenti və AvroQafqAsiya Mədəni və Elmi Araşdırmalar  Mərkəzinin icraçı direktoru Rasim Mirzəyev Unikal.org-a müsahibəsində Almaniyadakı fəaliyyəti, həyata keçirdiyi layihələr və Humbolt Universitetində Azərbaycan dili və tarixinin tədrisi barədə bir çox maraqlı məqamları bölüşüb. 

Müsahibim haqqında qısa arayış: 

Dr. Rasim Mirzəyev 1962-ci ildə Azərbaycanın Zaqatala rayonunda Yeni Suvagil kəndində anadan olub. 1985-ci ildə BDU-nun filologiya fakultəsini, 1991-ci ildə Azərbaycan Elmlər Akademiyasının aspiranturasını bitirdikdən sonra elə həmin ildən Nizami adına Ədəbiyyat  İnstitunda baş elmi işҁi kimi ҁalışmağa başlayıb, eyni vaxtda “Əli bəy Hüseynzadənin ideoloji, ədəbi və estetik görüşləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Əli bəy Hüseynzadə haqqında bir cox məqalələrin, “Türkҁülüyün babası” adlı monoqrafiyanın müəllifi olmaqla yanaşı, bu böyük şəxsiyyət haqqında 1993-cü ildə AzTV-də 
ҁəkilmiş “Adam axrarıram” adlı sənədli filmin müəllifidir. Həmin illərdə o həm də gənc ədəbi tənqidҁi, jurnalist və qəzet redaktor kimi də respublikda artıq xeyli dərəcədə tanınmışdı. 1996-2000-ci illərdə “III ERA” adlı analitik jurnal təsisҁisi və baş redaktoru olub.  
Azərbaycanda ikən ictimai həyatda da ҁox aktiv fəaliyyət göstərən Rasim müəllim hələ tələbəlik illərində gizli antisovet qrupunun ən gənc üzvü olmuş, 80-ci illərin sonundan başlayan Xalq Hərəkatında fəal iştirak etmişdi. 90-cı illərin əvvəllərində isə o, həmfikirləri ilə birgə Demokratik Seҁkilərə Yardım Mərkəzi yaradaraq siyasi maarifҁiliklə məşğul olub.
2000-ci ilin aprelindən o, Almaniyada yaşayır. Rasim Mirzəyev burada da ictimai həyatda fəaldır. Almaniya Sosial-Demokrat Partiyasının üzvü və inteqrasiya məsələlərində təcrübəli mütəxəsis kimi o mütəmadi olaraq partiya fraksiyasının Bundestaqda keҁirdiyi konfranslara və müzakirələrə də dəvət alır.
Lakin bizim üҁün ən maraqlı olan Rasim müəllimin Almaniyada öz ana vətəni Azərbaycan naminə gördüyü işlərdir və onunla söhbətimiz də əsasən bu barədə olacaq.

“Mən almanlara əvvəllər ancaq bunu deyə bilirdim: 

“Hitler kaputt! Hende hox!””

Müsahibimizlə söhbətimiz onun Humbolt Universitetinin Berlinin tam otrasında, “Şəhər mərkəzi” metrosunun yaninda yerləşən binadakı iş otağında baş tutdu. Rasim müəllimlə söhbətimizə onun Almaniyaya ilk gəlişindən başladıq.

-Rasim  müəllim, necə oldu ki, məhz Almaniyaya gəlməyə qərar verdiniz?

-Düzü, sovet dövründə, tələbəlik illərində hansısa yolla “dəmir pərdə” arxasına keçmək, Qərbdə siyasi mühacir olmaq barədə düşünürdüm. Amma bizdə müstəqillik uğrunda Xalq Hərəkatı başlanandan sonra bu barədə daha heç düşünmədim.
Lakin 90-cı illərin sonunda illər boyu davam edən mübarizədən, gərgin işlərdən, maddi və mənəvi-psixoloji sıxıntılardan, üstəlik də elə öz çevrəmdəki insanlarla olan mental ziddiyyətlərdən son dərəcə yorulmşdum. Qeyd edim ki, hər zaman paralel olaraq 3-4 iş yerində ҁalışırdım. Ona görə də sadəcə bir müddət kənara çıxmaq, özümə gəlmək, eyni zamanda normal, hansısa sivil ölkədə bir qədər təcrübə toplamaq fikrinə düşdüm. Belə bir durumda ikən yaranmış fürsətdən istifadə edərək Almaniyaya gəldim. 
Amma nədən burda daimi olaraq qaldım?-sualına cavabım belədir:
Gəldim, gördüm, yaşadım, çalışdım, insanlara, cəmiyyətə qaynayıb-qarışdım, inteqrasiya olundum  və bir zaman anladım ki, Almaniya mənim üçün, uşaqlarım üçün ikinci Vətən oldu! Biz bu möhtşəm ölkəni, onun heyrətamiz şəhər-kəndlərini, əsrarəngiz təbiətini, maraqlı insanlarını sevdik, bu ölkənin qürurlu vətəndaşına çevrildik. Eyni zamanda,  öz kökümüzü, bura özümüzlə gətirdiyimiz mədəniyyəti və adət-ənənələri də unutmuruq, çünki bizlər-yeni alman vətəndaşları elə bu kökümüzlə, özünəməxsus mədəniyyətimizlə yerli almanlar üçün maraqlıyıq. 

-Bəs buradakı həyatınızda ilk illər hansı çətinliklərlə raştlaşdınız? 

-Burada rastlaşdığım çətinliklərə gələndə isə bunlar öncə təsəvvür etdiyimdən qat-qat çox oldu! Ən adi yaşayışdan, gündəlik-məişət qaydalarından, dövlətin qanunlarından, yerli cəmiyyətin xüsusiyətlərini öyrənib, özünü və ailəni onlara uyğunlaşdırmaqdan tutmuş ta iş -peşə məşğulluğuna qədər bütün sahələrdə durmadan çətinliklər qarşımıza çıxırdı. 
Bunların da ən ağırı alman dilini bilməməyimiz idi! Uşaqlar heç, onlar üçün bu məsələ yaşlılarla  müqayisədə xeyli dərəcədə rahat olur: onlar məktəbdə bir-iki ilə dilə yiyələnib, sonra gimnaziyaya və daha sonra da universitətlərə qəbul olundular.
Amma mənim kimi yazı-pozu adamının alman dilini mükəmməl bilmədən özünə yol açması bir qədər çətindir. Buraya gələndə bir azca ingiliscə bilirdim, almanca isə demək olar ki, heç nə.
Burada yadıma məzəli bir məqam düşür: ilk dövrdə alman həmkarlarım mənə deyəndə ki, “Rasim, sən bizimlə danışanda ingiliscəni yadından çıxart, çalış alamnca danış, olarmı?” Mən də cavabında deyirdim: “Əlbəttə, olar, niyə olmur ki!” Və dalınca da uşaqlıqdan sovet dava filmlərində hər zaman eşitdyimiz sözləri həmən təkrarlayardım: “Hitler kaputt! Hende hox!” (Yəni: Hitler gəbərdi! Əllər yuxarı!)
Bu yerdə, tanışlarım, təbii ki, gülməkdən uğunub gedərdilər...Bax, mənim almanca bildiklərim hələlik ancaq bunlardır, deyirdim...

-Burada yerli şəraitə uyğunlaşmaq, cəmiyyətdə yer tutmaq, ixtisasınız üzrə fəaliyyət göstərmək yəqin ki, bir az zaman aldı?... 

- Bu, əlbəttə, heç də asan olmadı. Burada peşəmə uyğun iş yeri-fəaliyyət sahəsi tapmaqda xeyli çətinliklərlə üzləşdim. Axı mənim əsas ixtisasım olan Azərbaycan ədəbiyyatşünaslığı burada heç kimə gərək olmayan bir sahə idi. Nəinki bu sahə, ümumiyyətlə bütövlükdə Qafqazşünaslığa dair Almaniyanın heç bir universitetində nə bir kafedra, nə də bir tədqiqat mərkəzi mövcud idi. Bu da o demək idi ki, mənim peşə ixtisasımla bağlı iş yeri tamaq şansım yoxa bərabərdi. Deməli, şansımı başqa sahələrdə, istiqamətlərdə axtarmaq məcburiyyətində idim.  Elə buna görə də elmi layihələrimi gah alman universitetlərindəki Asiya İnstitutunda, gah Şərqi Avropa Tarixi İnstitutunda, hətta İndologiya və Mərkəzi Asiya İnstitutunda yerinə yetirirdim. Buna baxmayaraq, bir az bəxtim də gətirdi. Elə oldu ki, AFR-dəki OBS Fondunun əcnəbi alimlərə tədqiqat işləri aparmaq üçün müsabiqə yolu ilə ayırdığı təqaüdü qazandım və Leypsiq Universitetində işləməyə başladım. Orada türkologiyadan dərs deyirdim, bir neçə aydan sonra gözlənilmədən Berlin Humbolt Universitetindən Mərkəzi Asiya və Qafqazla bağlı tədqiqat layihəsində birgə işləmək dəvəti aldım. Həmin elmi araşdırma layihəsi mənə o zamanacan bəlli olmayan, Almaniya tarixşünaslığında elə də ciddi qəbul edilməyən, lakin ABŞ-da hələ keçən əsrin 70-ci illərindən etibarən kifayət qədər yayılmış “Oral History”(şifahi tarix) deyilən bir tədqiqat metodologiyasına əsaslanırdı. Bu metodologiyanın məğzi bilavasitə yaşanılmış tarixi,  yəni tarixi hadisələri yaşamış insanların sonrakı xatirələrinə, xüsusi metodika ilə onlarla aparılan müsahibələrə söykənən “real-canlı tarixi” qeydə almaqdan ibarətdir.  Bu məsələ məni çox maraqlandırdı. Xalqımızın ən yeni tarixində xüsusi bir yeri olan, həm qəhrəmanlıq, həm də dərin faciəvi xarakter daşıyan 20 Yanvar hadisələrinin fəal iştirakçısı kimi proseslərin canlı şahidi olduğum üçün mən də bu mövzuda bir araşdırma ortaya qoymağı qərarlaşdırdım. Bundan əvvəl, hələ 2000-ci ildə Bakıda tarixçi alim, dostum Aydın Balayevlə birgə “20 Yanvar faciəsi sənədlərdə” adlı bir kitab çap etdirmişdik. Yeri gəlmişkən, bu günki Azərbaycanın ən ciddi, ən məhsuldar və ən təvazökar alimlərindən olan Aydın müəllim, təəssüf ki, çox böyük elmi işlərinə görə qətiyyən layiq olduğu qiyməti almayıb!
“Qara Yanvar” hadisələrinə həsr edilən bu işim bu günə qədər də almanca yazılan yeganə mənbədir. Həmin mətn Humbolt Universitetinin onlayn kitabxanasında yerləşdirilib. 
Daha bir məqamı qeyd edim ki, Universitet kitabxanasının Audio Fondunda Azərbaycanın klassik və müasir ədəbiyyatına dair bir sıra nümunələri öz səsimlə oxucular üçün yazdırmışam. Elə bu da ilk dəfə olaraq baş verdi, çünki o vaxtacan fondda bizim dilimizdə səsli heç nə yox idi.
Sonralar Bonn Universtetində yenə də “Oral History” metodologiyasına əsaslanan daha bir tədqiqat işi apardım. Bu da ikiyə bölünmüş Azərbaycan barədə idi. Mövzu konkret olaraq şimalda yaşayan cənubi azərbaycanlıların, daha doğrusu, bir neçə nəsli əhatə edən siyasi mühacirlərin  özünü identfikasiya problemlərini əhatə etsə də, məqsədim əslində alman elmi ictimaiyyətinin diqqətini parçalanmış Azərbaycan mövzusuna çəkmək idi. 
Folksvaqen Fondunun dəstəklədiyi bu araşdırmanın nəticələri də almanca elmi məcmuələrdə və toplularda dərc edilmişdir.

“Mənim kurslarda hazılıq keçdiyim bəzi kadrlar
Ermənistanda da fəaliyyət göstəirlər”

-Bildiyimə görə, Siz pedagoji və elmi-analitik fəaliyyətinizi universitetdən xaric başqa sahələrdə də davam etdirirsiniz. Bu barədə də bizi bir qədər məlumatlandıra bilərsinizmi?

- On ilə yaxındır ki, Almaniya Xarici Işlər Nazirliyinin nəzdindəki Beynəlxalq Əməkdaşlıq Akademiyasında honorar əsasda tutor (dosent) kimi çalışıram. Orada xaricə, xüsusən Qafqaz  və Mərkəzi Asiya ölkələrinə müxtəlif vəzifələrdə işləməyə gedən insanlara -səfirliklərin diplomatik əməkdaşlarına, nazirliklərin məsləhətəçilərinə, GIZ, DAAD,  Göte İnstitutu kimi təşkilatların təmsilçilərinə və s. hazırlaşdırma kursları keçirik. Bu kurslar əsasən üç cür olur: birincisi, ölkələr üzrə bütün sahələri əhatə edən analizlər; ikincisi, mədəniyyətlərarası kommunikasiya və qabiliyyət; üçüncüsü isə dil kurslarıdır. Bunlardan yalnız dil kursları könüllüdür, qalan ikisi isə məcburidir.
Akademiyadakı  fəaliyyətim dövründə orada dinləyicilərim arasında xeyli maraqlı insanlarla qarşılaşdım və bəziləri ilə də dostlaşdım. Onu da deyim ki, onlardan bir hissəsi Ermənistanda fəaliyyət göstərmiş və ya göstərməkdədirlər.
Eyni zamanda, mən Vyana şəhərindəki bir analitik-informasiya mərkəzi ilə təxminən yeddi il əməkdaşlıq etdim. Cənubi Qafqaz ölkələri ilə bağlı siyasi- analitik (yalniz ekskluziv!) yazılar yazırdım. Sonradan elə oldu ki, nəinki Gürcüstan və Ermənistanla, hətta Şimali Qafqaz, Rusiya, Ukrayna ilə bağlı mövzuları da mənə həvalə etdilər. Baş verən müstəsna hadisələr, eyni zamanda region ölkələrindəki siyasi proseslərlə bağlı təhlillər yazırdım, proqnozlar verirdim. Onlar mənim analizlərimi çox yüksək qiymətləndiridilər və mənə verdikləri sifarişləri də günbəgün artırırdılar.
Təəssüf ki, üç il öncə mən bu işə vaxt qıtlığına və ən əsasən də sağlıq durumumda yaranan problemlərə görə son verməli oldum. Ondan sonra yenə mənə xeyli müddət Mərkəzdən ara-sıra zəng edib hər dəfə yenidən əməkdaşlığı davam etdirməyi israrla təklif edirdilər. Amma mənim buna daha halım olmadığından, bundan qətiyyətlə imtina etdim, çünki bu yazıları mən bir neçə il sərasər əsasən gecələr yatmadan, yuxuma haram qataraq yazdım və sonunda da fəsadlarını duydum...   

“2008-ci iliin yayında Rusiya ilə Gürcüstan arasında real müharibə gözləntisi barədə bir neçə ay öncə xəbərdarlıq etmişdim”

-Yazdığınız təhlillərdən, verdiyiniz proqnozlardan ən maraqlısı və yaddaqalanı hansıdır?

-Deməli, 2008-ci ilin may ayının əvvəllərində işimlə əlaqədar bir qrup alman vətəndaşı ilə Gürcüstana gedirdim. Orada bir müddət öncə, həmin ilin aprel ayında parlament seçkiləri keçirilmişdi. Vyanadakı mərkəzdən xahiş etdilər ki, səfərdən sonra Gürcüstandakı seçkilərin nəticələri ilə bağlı onlar üçün bir analiz hazırlayım. 
Mayın ortasında geri qayıdandan sonra bir analiz yazdım. Ölkədə seçkilərdən sonrakı siyasi situasiyanı təhlil edərək, ehtimal olunan tendensiyaları da qeyd etdim və sonda yazdım ki, bütün bunlar Gürcüstan üçün çox vacibdir,  ancaq gürcü dövləti üçün bu gün ən vacib problem Rusiya ilə müharibə təhlükəsidir. Mənim bütün qənaətlərimə görə, çox böyük ehtimal bu il yayın sonuna kimi Rusiya Gürcüstana qarşı müharibə başlaya bilər. Əlbəttə, nəyə görə bu fikrə gəldiyimi də əsaslandırmışdım. Rusiyanin Cənubi Osetiya sərhədi yaxınlığında aylardan bəri gördüyü hazırlıq işləri, Saakaşvili hökümətinin hərəkətləri, gürcü siyasi elitasında müşahidə etdiklərim, əldə etdiyim bəzi başqa informasiylar və s. Məqamlara əsaslanmışdım.  Analitik mərkəzdən nədənsə, o zaman buna elə bir əhəmiyyət vermədilər. Yalnız avqustun 8-də Gürcüstanla Rusiya arasında müharibə başlayan gün onlardan mənə səhər tezdən zəng gəldi ki, ay Rasim, sən axı bunu o vaxt yazmışdın: bəs, hardan bildin bütün bunları? Burda heç kim belə bir şey gözləmirdi. 
Mənə Gürcüstandakı görüşlərim zamanı müəyyən siqnallar çatmışdı. Görüş keçirdiyim insanlar içərisində Saakaşvilinin partiyasından olan bir deputat da vardı. Söhbətlərdən  anlamışdım ki, gürcü hökuməti ciddi-cəhdlə Rusiya ilə müharibəyə hazırlaşır. Bu müharibə avantürasına getmək, ondan əvvəl isə şəxsən Putini təhqir etmək, Saakaşvilinin ən böyük səhvi idi. Dövlət rəhbəri bu cür yüngüllük eləyə bilməz! O çox böyük yanlışlıq edərək o vaxtkı ABŞ prezidenti C. W. Buşun yalançı və təhrikedici vədlərinə inandı. Nəticədə həm öz hakimiyyətini, həm də ölkəsini son dərəcə ağır vəziyyətə saldı. 
Yazılarımla bağlı belə məqamlar bir neçə dəfə olmuşdu deyə Vyanadakı analitik mərkəzdən bir çox postsovet ölkələri ilə bağlı analizləri hər zaman mənim yazmağımı istəyirdilər. 

“Aprel döyüşləri  zamanı Yerevanda idim, 
onda ermənilərə dedim ki, ...”

-Qeyd etdiniz ki, Cənubi Qafqaz ölkələri ilə bağlı analitik yazılar, proqnozlar yazmısınız. Gürcüstanla bağlı olan məsələni vurğuladınız. Ermənistanla bağlı bu kimi proqnozunuz olubmu?

- Təbii ki, olub. Bax, indicə yadıma maraqlı bir məqam düşdü. Demək, 2016-cı ilin martın sonu, aprelin əvvəlində Yerevanda Almaniyanın Fridrix Ebert Fondunun təşəbbüsü ilə Qafqazda konfliktlər və təhlükəsizlik məsələlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilirdi. Qeyd edim ki, bu Fond bizim partiyaya, Almanyia Sosial-Demokrat Partiyasına aiddir. Buraya ABŞ-dan tutmuş dünyanın hər tərəfindən Qafqaz üzrə mütəxəssislər dəvət olunmuşdular. Fridrix Ebert Fondunun Qafqazdakı nümayəndəliyinin rəhbəri olan alman xanım məni şəxsən tanıyırdı, üstəlik o konfransın təşkilatçılarından olan və Ermənistanda çalışan bir gənc alman mütəxəssisı də əvvəllər Akademiyada mənim tələbəm olmuşdu. Onların hər ikisi məndən həmin konfransda iştirak etməyi xahiş etdilər. Mən də məmnuniyyətlə bu şansdan yararlanmağı qərara aldım. Martın 31-də, konfransın birinci günündə, mənim çıxışımdan sonra ekspertlərdən biri mənə sual verdi ki, Azərbaycan tərəfindən müharibə başlanması ehtimalı nə dərəcədə yüksəkdir və yeni müharibə başlayarsa, Azərbaycanın onu udmaq şansları varmı? Axı deyirlər, Azərbaycan ordusundakı hərbi texnikaların vəziyyəti heç də yaxşı deyil, əhali müharibədən bezib və s. Mən cavabımda dedim: “Nə qədər ki, Ermənistan tərəfi qətiyyən güzəştə hazır deyil və heç bir kompromisə getmək istəmir, Azərbaycanın hər an müharibəyə başlanması gözləniləndir, çünki başqa yolu qalmır. Yeni müharibənin alovlanacağı təqdirdə Azərbaycanın hərbi müvəffəqiyyət ehtimalına gəlincə isə, mən erməni tərəfinin yerində olsaydım, heç cürə özümə belə arxayın olmazdım.  Çünki Azərbaycanın nə kimi hərbi-texniki potensialının olduğunu hiss etdikdə, bu, artıq onlar üçün çox gec ola bilər!  Üstəlik də, əgər sabah savaş başlasa, sadə azərbaycanlılar da  kütləvi şəkildə ordu ilə birgə cəbhəyə vuruşmağa gedəcəklər. “
Bu sözləri dediyim günün səhəri, yəni aprelin 1-də Azərbaycan ordusu Qarabağda hücuma keçdi və orada olan konfrans iştirakçılarının əksəriyyəti - o cümlədən Ermənistan nümayəndələri - nahar fasiləsi zamanı mənə yaxınlaşaraq bir gün əvvəl dediklərimin necə dürüst olduğunu təkar-təkar təsdiq etdilər. Həm Azərbaycan ordusunun böyük hərbi-texniki gücü, həm də əhalinin müharibədə qələbə yolu ilə itirilmiş torpaqları qaytarmaq əzmi  barədə fikirlərimin təsdiqləndiyini özləri etiraf etdilər.
Sonrakı üç gündə Yerevanın mərkəzində qalarkən bu hücumun Ermənistanda necə dəhşətli bir effekt doğurduğunun şahidi oldum... 
 (ardı var...)

Həsən Babayev
Berlin şəhəri


  • Alman diplomatlara dərs deyən azərbaycanlı  - Rasim Mirzəyevlə MÜSAHİBƏ