Bakıda 23 yaşlı gənci qətlə yetirməkdə təqsirləndirilən Vəli Əliyev və Füzuli Nəcəfovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mirzə Xankişiyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.
Qeyd edək ki, hadisə bu il yanvar ayında “Nizami” metrostansiyasının yaxınlığında baş verib.  Saatlı rayon sakini, 1996-cı il təvəllüdlü Emin Şəmiyev bıçaqlanaraq öldürülüb. Əsgərlikdən yeni gələn Emin Şəmiyevin öldürülməsi ilə bağlı polis və prokurorluq əməkdaşları əməliyyat keçiriblər. 

Əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuş Vəli Əliyev və Füzuli Nəcəfov Şirvan şəhəri ərazisində saxlanılıblar.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.