Bu gün bütün respublika ərazisində olduğu kimi, Abşeron rayonundakı ümumtəhsil məktəblərində də “Son zəng” tədbirləri keçirilib.

Unikal.org xəbər verir ki, bununla əlaqədar olaraq Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova, KİV nümayəndələri və digər rəsmi qonaqlar bir neçə məktəbə baş çəkiblər. 

Xırdalan şəhər 5 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə çıxış edən İ.Gülməmmədova qeyd edib ki, son 15 ildə ölkə ərazisində 3200-dən çox məktəb binası tikilib, bir çoxları üçün isə yeni korpuslar inşa edilib, digər təhsil ocaqları isə əsaslı şəkildə təmir olunub. Bu prosesdə Heydər Əliyev Fondunun və xüsusi olaraq  Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini vurğulayan başçı Abşeronda son 10 ildə 50-yə yaxın məktəb və məktəbəqədər təhsil müəssisəsinin inşa olunaraq istifadəyə verildiyini  söyləyib. 
Bildirilib ki, 2018-2019-cu tədris ilində Abşeron rayonu ümumtəhsil məktəblərini I siniflər üzrə 7094 şagird, IX siniflər üzrə 3657 şagird, XI siniflər üzrə isə 2387 şagird bitirib. Bu tədris ilində rayonun ümumtəhsil məktəblərində bir sıra nailiyyətlər əldə olunub. Eyni zamanda vurğulanıb ki, ötən il Abşeron məktəblərinin məzunlarının 74 faizi universitetlərə qəbul olunaraq tələbə adını qazanıblar. 

Sonra çıxış edən məktəbin drektoru Şahin Yusifov məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb. 

Bundan sonra təhsil və idman sahəsində naliyyətlər əldə edən şagird və müəllimlərə fəxri fərmanlar təqdim edilib.

Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Xırdalan şəhər 3 saylı uşaq bağçasına baş çəkərək orada yaradılan şərait, uşaqların təlim və tədrisi ilə maraqlanıb.

Bundan sonra isə Xırdalan şəhər 1, 2 və 9 saylı tam orta məktəblərdə keçirilən “Son zəng” tədbirlərinə qatılan İ.Gülməmmədova müəllimlərlə görüşüb, onların qayğıları, problemləri ilə maraqlanıb. Şagird və müəllim kollektivləri ilə xatirə fotoları çəkilib.