Bakıda 23 yaşlı gənci qətlə yetirməkdə təqsirləndirilən Vəli Əliyev və Füzuli Nəcəfovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Unikal.org "Ölkə.Az"a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin icraatına verilib. 

Qeyd edək ki, hadisə bu il yanvar ayında “Nizami” metrostansiyasının yaxınlığında baş verib. Saatlı rayon sakini, 1996-cı il təvəllüdlü Emin Şəmiyev bıçaqlanaraq öldürülüb. Əsgərlikdən yeni gələn Emin Şəmiyevin öldürülməsi ilə bağlı polis və prokurorluq əməkdaşları əməliyyat keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri, əvvəllər məhkum olunan Vəli Əliyev və Füzuli Nəcəfov Şirvan şəhəri ərazisində saxlanılıblar.

Məlum olub ki, qətlə metronun içərisində mübahisə səbəb olub. Bir qızın çiynindən düşən şalı yaşlı bir kişi götürən zaman Vəli Əliyev və Füzuli Nəcəfov gülməyə başlayıb.
Bu zaman orada olan Emin Şəmiyev Vəli və Füzulinin gülmələrinə iradını bildirib. Bu səbəbdən tərəflər arasında mübahisə düşüb.

Metrodan çıxdıqdan sonra onların mübahisəsi əlbəyaxa davaya çevrilib. Həmin şəxslər Emini ürək nahiyəsindən bıçaqla vurublar.

İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.