Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 29 şəhər və rayonda, o cümlədən müxtəlif təyinatlı məktəblərdə – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, eşitmə pozulmaları və danışma əngəlli şagirdlər üçün xüsusi məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə təhsil alan 9-cu sinif şagirdləri üçün buraxılış imtahanlarının ikinci mərhələsini keçirəcək.

DİM-dən Unikal.org-a verilən məlumata görə, imtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) 33 şagird də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər, eşitmə əngəlli şagirdlər üçün isə surdopedaqoqlar təyin edilib.

Bu gün ümumilikdə 32 827 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

Bu imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan saat 11:00-da başlanır.

İmtahanların idarə olunmasına 102 ümumi imtahan rəhbəri, 253 imtahan rəhbəri, 2839 nəzarətçi‑müəllim, 224 buraxılışı təşkil edən əməkdaş, 102 bina nümayəndəsi ayrılıb.