Bu gün 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər keçirilir. 90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyası bəyanat yayıb.
Unikal.org Trend-ə istinadən bəyanatın mətnini təqdim edir:

"90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə 2016-cı il iyunun 18-nə təyin edilmiş təkrar seçkilərin azad, ədalətli, demokratik və şəffaf keçirilməsi məqsədilə seçicilər, çoxsaylı müşahidəçilər və seçki prosesinin digər iştirakçıları üçün seçki qanunvericiliyində nəzərdə tutulmuş bütün imkanlar yaradılıb.

Hazırda seçki prosesinin ümumən qanunvericiliyə uyğun davam etməsinə baxmayaraq, bəzi hallarda özlərini KİV fəaliyyəti ilə məşğul olan qurumların nümayəndələri kimi təqdim edən səlahiyyəti bəlli olmayan şəxslər seçicilərin iradəsinin azad ifadə olunmasına, seçki komissiyalarının, müşahidəçilərin və digər səlahiyyətli şəxslərin fəaliyyətinin normal həyata keçirilməsinə mane olan hallara yol verirlər.

Bu hərəkətlər namizəd İqbal Ağazadə üçün qanunsuz üstünlük və əlverişli şərait yaratmağa yönəlib, həmin şəxslər tərəfindən KİV nümayəndələrinin adından sui-istifadə hallarına yol verilib, məntəqə seçki komissiyalarının işinə müdaxilə etmə, habelə ayrı-ayrı məntəqələrdə və onların qarşısında qarışıqlıqlar salmağa və qarşıduma yaratmağa açıq cəhdlər edilib. Bununla da seçki hüququnun həyata keçirilməsinə maneələr törədlmiş və Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələbləri kobud şəkildə pozub.

19 saylı seçki məntəqəsində iki nəfər tərəfindən oxşar əməllərə yol verildiyindən bu hallar da rəsmləşdirilərək, onların məntəqədən kənarlaşdırılması və səsvermə prosesinin bərpa olunması üçün qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Bildiririk ki, ölkəmizdə keçirilən seçkilərin beynəlxalq standart və normalara cavab verməsi üçün Azərbaycan Respublikası Seçki Məcəlləsinin 40.15-ci maddəsinin tələbinə uyğun olaraq səsvermə günü səsvermə otağında olan bütün səlahiyyətli şəxslərin şəxsiyyətini və statusunu müəyyən etməyə imkan verən fotoşəkilli lövhəciyi olmalı, öz fəaliyyətlərini Seçki Məcəlləsinin 43-cü maddəsinin tələblərinə uyğun qurmalı olan KİV nümayəndələri də daxil olmaqla seçki prosesinin bütün iştirakçıları həmin Məcəllənin 2.2-ci, 2.6.7-ci, 2.6.11-ci, 2.6.13-cü, 2.6.16-cı, 43-cü maddələrinə əsasən seçicilərin öz iradələrini sərbəst və azad ifadə olunmasına mane olma, seçki komissiyalarının fəaliyyətinə əsassız müdaxilə etmə, səsvermə və səslərin sayılması prosesini pozma, hədə-qorxu, təzyiq, zorakılıq, böhtan xarakterli hərəkətlərə yol vermə, seçiciləri qanunsuz yollarla ələ alma və s. bu kimi qanunsuz fəaliyyətə yol verməməlidirlər.

İnanırıq ki, qeyd edilən tələblərə uyğun qurulmuş fəaliyyət seçki təcrübəsinin daha da təkmilləşdirməsinə öz müsbət töhvələrini vermiş olacaq".