Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri Ağstafada baş verən kütləvi qətllə bağlı birgə məlumat yayıb.

Unikal.org-un xəbərinə görə, açıqlamada bildirilir ki, iyunun 17-də saat 08:00 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndinin ərazisindəki kənd təsərrüfatı məhsullarının satış bazarında orada satıcı işləyən Sadıxlı kənd sakinləri - Şərqiyyə Musayevanın, oğlanları Novruz və Şəmiddinin, həmçinin Ağgöl kənd sakinin Zeynəb Cəlilovanın odlu silahla qətlə yetirilmələri, daha 3 nəfərin isə ağır bədən xəsarətləri alması barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, oradan iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülüb və zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanılıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.