Təhsil Nazirliyi qarşısında aksiya
Təhsil Nazirliyi qarşısında aksiya

Polis rəisinin müavini yaralandı, 65 nəfər həbs olundu

Dünən Təhsil Nazirliyinin binası qarşısında dindarların etiraz aksiyası keçirib. Aksiyanın səbəbi orta məktəblərdə hicabın qadağan edilməsidir. Aksiya zamanı dindarlarla polis arasında ciddi toqquşma baş verib.

Dindarlar "Hicaba azadlıq!" şüarı səsləndiriblər.Həmçinin iştirakçıların əlində yüzdən çox şüar olub və daha sonra şüarların tutacağından polisə qarşı dəyənək olaraq istifadə ediblər. Nəticədə qarşıdurma olub. Polis aksiyaçıların qarşısını almaq üçün canlı baryer qurub. Aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə olunub. Aksiya iştirakçıları polisə ciddi müqavimət göstəriblər.
Keçirilən qanunsuz aksiyada Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırova və digər 3 polis əməkdaşına xəsarət yetirilib. S. Bağırov "Unikal"ın hadisə yerində olan əməkdaşına açıqlamasında xəsarətinin ağır olmadığını bildirib.
Klinik Tibbi Mərkəzdən verilən məlumata görə, xəstəxanaya ağır xəsarətlə daxil olan 3 polis əməkdaşından 2-si Daxili İşlər Nazirliyinin hospitalına aparılıb. Bir nəfər isə hazırda Klinik Tibbi Mərkəzdə müalicə alır. Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, qanunsuz aksiyada iştirak edərək, şəhərin mərkəzində ictimai asayişi pozduğuna görə 71 nəfər tutulub. Həmin şəxslər Nərimanov Rayon Polis İdarəsində saxlanılırlar.
Baş vermiş hadisə ilə bağlı Bakı şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir. Azərbaycan İslam Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydərli Təhsil Nazirliyinin qarşısında keçirilən aksiyanın partiya tərəfindən təşkil olunmadığını deyib:- "Aksiya keçirilməsi ilə bağlı partiyada heç bir qərar olmayıb və üzvlərimizdə aksiyada iştirak etmək barədə heç bir göstəriş verilməyib. Ola bilər aksiya zamanı hansısa üzvümüz ona qoşulsun, amma belə bir ehtimal çox azdır".
"Bu cür qarşıdurmalar bir sıra qüvvələrin maraqlarına xidmət edir. Bu sözləri isə "Məşədi Dadaş " məscidinin imam-camaatı Hacı Şahin Həsənli bildirib.
"Cəmiyyətdə din və dövlət qarşı durması yaratmaq heç bir tərəfə sərf etmir. Yəni Azərbaycanda radikallaşma meyllərinin yaranmasına bəzən süni məhdudiyyətlər səbəb olur . Ona görə hesab edirəm ki, Azərbaycanda hicab qadağası yoxdur. Sadəcə, bir sıra orta məktəblərdə məktəbli formasının tətbiq edilməsi ilə əlaqədar baş örtüyü ilə qızlar məktəbə buraxılmır. Amma bu bütün məktəblərdə belə deyil . Bununla bağlı qadağa qoyan hər hansı qanun yoxdur. Bu məsələlər hüquqi müstəvidə həllini tapmalıdır ki, cəmiyyətdə gərginlik və qarşıdurma yaranmasın. Çünki cəmiyyətdə gərginlik və qarşıdurmanın yaranmasında maraqlı olan başqa qüvvələrdə var ki, bu tip qarşıdurmanı kənardan stimullaşdırırlar. Bu məsələlər hüquqi müstəvidə nə qədər öz həllini taparsa yaxşı olar".
Hacı Şahin Həsənlinin sözlərinə görə, hicab standartlarının yaranması məsələni həll etməyin ən yaxşı yollarından biridir.
"Əgər vahid məktəbli forması varsa, hicab standartını da düşünmək olar ki, insanlar həm təhsil hüququndan azad olmasınlar, eyni zamanda onların vicdan və dini azadlığı da təmin olunsun. Buna görə də dialoq aparılması vacibdir".
"Mən həmişə bitərəf olmuşam. Aksiyanın təşkilatçılarından isə qətiyyən xəbərim yoxdur. Kimlərin təşkil etdiyini bilmirəm. Hər halda bu məsələ artıq gündəmə gəldi", - deyə Hacı Şahin vurğulayıb.
Fuad Əliyev