Ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə iyunun 19-da Sabirabadda vətəndaşlarla görüşüb.

Unikal.org xəbər verir ki, əvvəlcə ASC-nin sədri və Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Suraqəddin Cabbarov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyublar.

Kür–Araz Çaylarında Bəndlərin İstismarı İdarsəinin inzibati binasında keçirilən qəbulda Sabirabad və Saatlı rayonlarından olan 21 vətəndaşın müraciət və şikayətinə baxılıb. Müraciətlər əsasən suvarma suyuna tələbatın ödənilməsi, yeni subartezian quyularının qazılması, nasos stansiyalarının tikintisi və təmiri, suvarma kanallarının lildən təmizlənməsi, maddi yardım, həmçinin cəmiyyətin səlahiyyətlərinə aid olmayan müxtəlif məsələləri əhatə edib.

Ə.Əhmədzadə hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Cəmiyyətin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasından razılıq edib, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyunun 25-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri Zakir Quliyev Salyanda, Rafiq Aslanov isə Hacıqabul rayonunda vətəndaşları qəbul edəcəklər.