Bu gün Xırdalan şəhərində səhiyyə işçilərinin peşə bayramı qeyd edilib. Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Heydər Əliyev Mərkəzində baş tutan bayram tədbirində rayon İcra Hakimiyyətinin başçısı  İradə Gülməmmədova, Mərkəzi Xəstəxananın baş həkimi Mehriban Qaralova və rayonun tibb ocaqlarının həkim kollektivləri iştirak ediblər.

Unikal.org xəbər verir ki, iştirakçılar əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə tər güllər qoyaraq xatirəsini ehtiramla yad ediblər. Sonra səhiyyə işçiləri Heydər Əliyev Mərkəzini ziyarət edərək ümummili liderin həyat və fəaliyyətini əks etdirən stend və fotoşəkillərlə tanış olublar.

Abşeron rayonunda, eləcə də respublika ərazisində fəaliyyət göstərən səhiyyə işçilərini peşə bayramları münasibəti ilə  təbrik edən İ.Gülməmmədova gələcəkdə bu cür bayramların Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda da qeyd edilməsini arzu edib. Rayonun səhiyyə sahəsində əldə olunan inkişaf və uğurlardan danışan başçı 20 il əvvəlki mənzərə ilə bugünki durumu müqayisə edib . O vaxtlar rayon ərazisində fəaliyyət göstərən tibb məntəqələrinin yararsız olduğunu qeyd edən İ.Gülməmmədova əlavə edib ki, son 10 ildə Abşeronda yeni-yeni poliklinikalar, ambulatoriyalar tikilib, köhnə tibb məntəqələri isə əsaslı şəkildə təmir olunaraq əhalinin istifadəsinə verilib. O, bildirib ki, hazırda Abşeron rayonunda 600 minə yaxın sakin yaşayır və onlara 1000-ə qədər həkim xidmət göstərir. Əhalidən rayon İcra aparatına səhiyyə sahəsi ilə bağlı şikayətin daxil olmadığını, hətta Bakı şəhər sakinlərinin Abşeron həkimlərinə müraciət etdiyini vurğulayan İ.Gülməmmədova yerli həkimlərin yüksək savada malik olduğunu bildirib.

Sonra Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mehriban Qaralova, Rayon Mərkəzi Xəstəxanasının həkimi Əminə İsmixanova, Mehdiabad qəsəbə tibb məntəqəsinin müdiri Qənitə İsmayılova, Novxanı kənd tibb məntəqəsinin müdiri Risalə Həsənova, Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin drektor əvəzi Müslimə Cəfərova  və Rayon Prokuroru Rahib Seyidov çıxış edərək Abşeron səhiyyəsinin tarixindən və bugünki nailiyyətlərdən danışıblar.

Bundan sonra bir qrup səhiyyə işçisi Abşeron rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif edilib.

Sonda Saray qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru, əməkdar müəllim Təyyübə Hüseynova anadan olmasının 60 illiyi münasibəti ilə  rayon icra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif olunub.