Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ağgöl Milli Parkına direktor vəzifəsinə işə qəbul üzrə müsahibə təşkil olunub. 
Unikal.org xəbər verir ki, müsahibə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İDEA İctimai Birliyinin, Dövlət Turizm Agentliyinin və Zoologiya İnstitutunun mütəxəssislərindən ibarət  komissiya tərəfindən həyata keçirilib.  
ETSN-nin mətbuat katibi İradə İbrahimova jurnalistlərə açıqlamasında bildirib ki, milli parklara direktorluğa namizədliklə bağlı 30-a yaxın şəxs Nazirliyə müraciət edib: “ Bu gün xüsusi olaraq Ağgöl Milli Parkında direktor vəzifəsinə vakant yer var. 
Bu gün müsahibədə qoyulan bütün kriteriyalara cavab verən namizəd Ağgöl Milli Parkına direktor təyin olunacaq. Müsahibənin nəticəsi isə bu gün və ya sabah qiymətləndirmə aparıldıqdan sonra açıqlanacaq. Eyni zamanda, bu gün müsahibədə iştirak edən və kriteriyalara cavab verən digər namizədlərin də adları Nazirliyin kadr bazasına daxil ediləcək və milli parklarda direktor vəzifəsinə vakant yerlər olduqda isə həmin namizədlərə müraciət olunacaq”.
Nazirliyin rəsmisi bildirib ki, direktor vəzifəsinə işə qəbul üzrə müsahibədə iştirak edən namizədlər sahəvi biliklər, idarəetmə bacarığı, ümumi dünya görüşü, kollektivlə iş bacarığı, sahə üzrə beynəlxalq bilik və iş təcrübəsi, natiqlik, kompyuter bilikləri meyarları üzrə qiymətləndiriləcək:

“Çünki Milli parkların ərazisi kompleks ərazilərdir. Burada həm elmi iş aparılmalı, həm turizm fəaliyyəti inkişaf etdirilməli, həm də mühafizə işi təşkil olunmalıdır. Bu baxımdan da Milli park direktorları kompleks bacarıqları olan şəxslər olmalıdır. Əminliklə deyirəm ki, bu gün direktorluğa namizədlər çox açıq, şəffaf və demokratik yolla seçiləcək. Siz jurnalistlər də burada iştirak edərək bunun şahidisiz. Müsahibə yekunlaşdıqdan sonra komissiya üzvlərinin iştirakı ilə yenidən qiymətləndirmə aparılacaq və Ağgöl Milli Parkına direktor təyin edilən şəxsin kimliyi yaxın günlərdə ictimaiyyətə elan ediləcək”.
Müsahibədə iştirak edən Bulud Quliyev müsabiqə barədə mətbuatdan məlumat aldığını bildirib: ''Nazirliyin milli parklara direktor vəzifəsinə vakant yerlərin olması  barədə elanla tanış oldum və sənədlərimi təqdim etdim. Bu gün də müsahibə üçün Ağcabədi rayonundan gəlmişəm. Uzun illər Icra hakimiyyətində işləmişəm. Ağgöl Milli Parkının flora və faunasına da bələdəm. Əgər müsahibədən keçsəm, nazirliyin, dövlətin qarşımıza qoyduğu məsələlərin həyata keçirilməsinə var qüvvəmlə çalışacağam. Müsahibədə iştirak etdim və müsahibənin şəffaf və demokratik şəkildə keçirilməsindən razı qaldım''.
Müsahibədə iştirak edən yeganə qadın  namizəd Sevil Məmmədli də  müsabiqə barədə internetdən məlumat aldığını deyib: ''Istərdim ki, milli parklarda direktorlardan bir neçəsi qadın olsun və öz bacarıqlarını sübut etsinlər.  Eyni zamanda, seçiləcək namizəd biologiya sahəsində çalışan mütəxəssis olsun. Həmçinin o, Azərbaycanı tanıtmaq, nümayiş etdirmək üçün milli parkı təmsil edə bilmək qabiliyyətində olsun''.
Qeyd edək ki, müsahibə mərhələsində iştirak edən namizədlər Milli Parklara direktor seçildikdən sonra görəcəkləri işlər, gələcək planları, dünyagörüşləri barədə komissiya üzvlərinə geniş məlumat veriblər.
Qeyd edək ki, müsahibə mərhələsində iştirak edən namizədlər Milli parklara direktor seçildikdən sonra görəcəkləri işlər, gələcək planları, dünyagörüşləri barədə geniş məlumat veriblər.
May ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Parklara direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə elan etmişdi.