Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏT PM) Baş Assambleyasının ikigünlük 53-cü plenar sessiyası öz işini davam etdirir.

Unikal.org xəbər verir ki, ötən gün plenar iclasda çıxışlardan sonra təşkilati məsələlərə baxılıb və prosedur qaydalarına müvafiq olaraq Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin sədr və sədr müavinləri seçilib. Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM) Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev adıçəkilən beynəlxalq təşkilatın sədr müavini seçilib.    
Həmçinin iclasda Eldar Quliyev QDİƏT PM tərəfindən fəxri medalla təltif olunub. Fəxri medal QDİƏT PM-in fəaliyyətinə xüsusi töhfələr vermiş, qurumun işinin təşkilinə yaxından dəstək göstərən şəxslərə verilir.
Qeyd edək ki, bundan öncə QDİƏT PM-in 52-ci sessiyası Ermənistanda keçirilimiş və həmin sessiyada Eldar Quliyev fəxri medaldan imtina etmişdi.
Bu gün keçirilən iclaslarda isə milli nümayəndə heyətimizin rəhbəri Eldar Quliyev Ombudsman təsisatının Azərbaycan Respublikasındakı fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.  
 E. Quliyev çıxışında həmçinin Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin 25 ildən artıq işğal olunmasından və işğalın bu gün də davam etdirilməsindən danışıb. Hal-hazırda Azərbaycanda hüquqları işğalçı dövlət tərəfindən pozulmaqda davam edən 1,2 milyondan çox qaçqın və məcburi köçkün yaşayır. Azərbaycan dövləti tərəfindən həmin şəxslərin bütün sosial məsələlərinin həlli diqqətdə saxlanılır, onlar üçün şəhərciklər salınır, işlə təmin olunurlar, övladlarının təhsil haqqı dövlət hesabına ödənilir və s. Buna baxmayaraq, onların ən böyük istəyi öz ata-baba yurdlarına qayıtmaqdır” – Eldar Quliyev bildirib. 
E.Quliyev xatırladıb ki, cəbhə bölgəsində atəşkəsin olmasına baxmayaraq, Azərbaycan itkilərə məruz qalır:  “Bir neçə gün öncə Azərbaycan ordusunun, zabiti, tabor komandiri 36 yaşlı Aqil Omarov erməni snayperi tərəfindən qətlə yetirildi, onun ailəsi, o cümlədə iki azyaşlı uşağı başsız qaldı. Sonrakı günlərdə isə yaşı hələ 20-yə çatmamış bir əsgərimiz öldürülmüşdür. Ermənistan Müdafiə Naziri buna görə qatili medal ilə mükafatlandırmış və çıxışında öldürmək lazım gəldiyini xüsusilə vurğulamışdır”.
Deputat Azərbaycanın sülh tərəfdarı olduğunu vurğulayıb: “Biz bu münaqışənin sülh yolu ilə həll edilməsinin tərəfdarıyıq. Respublikamızın Prezidenti İlham Əliyev də dəfələrlə bəyan edib ki, ərazilərimiz işğaldan azad olunmalı, bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyümüz bərpa olunmalıdır. Məcburi köçkünlərimiz öz yurdlarına qayıtdıqdan sonra Dağlıq Qarabağa ən yüksək muxtariyyət verilərək ermənilərlə birgəyaşayış təmin oluna bilər. Təhlükəsizliyi isə sülhməramlı qüvvələr təmin edə bilər. Lakin Ermənistan tərəfindən nümayiş etdirilən qeyri-konstruktiv mövqə onların qəsdən vaxt uzatmağa çalışdıqlarını, mövcud status-kvonu saxlamağa cəhd etdiklərini göstərir”. E.Quliyev Baş Məclisin Yerevanda keçirilən iclasında Azərbaycan nümayəndə heyətinin iştirak etməsinə baxmayaraq, dövlətimiz tərəfindən təhlükəsizliklərinə zəmanət verilməsinə rəğmən Ermənistan nümayəndələrinin bu günki toplantıya qatılmadıqlarını diqqətə çatdırdı.
“Ermənistan hələ də birinci Qarabağ müharibəsi zamanı əsir götürdüyü Azərbaycan vətəndaşlarını girov saxlayır. Bir neçə il əvvəl erməni separatçılarının işğalı altında olan əzəli Azərbaycan torpaqlarına valideynlərinin və qohumlarının qəbirlərini ziyarət etmək üçün keçmək istəyən üç nəfər mülki Azərbaycan vətəndaşlarından biri öldürülmüş, iki nəfəri isə indiyənə kimi girov saxlanılır. Azərbaycan rəhbərliyi Ermənistanın yeni hökumətinə girovları “hamının-hamıya” prinsipi ilə mübadilə etmək təklifi ilə müraciət etsə də, erməni tərəfi bunun əleyhinədir. Biz bütün girovları dəyişməyi təklif etmişik. Bu, bütün insan hüquqlarının pozulmasının birbaşa göstəricisi deyilmi?”- Eldar Quliyev deyib.