Azərbaycan yığması Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının 7-ci medalını qazanıb.

Unikal.org xəbər verir ki, növbəti mükafat sambo yarışlarında gerçəkləşib.

52 kq çəki dərəcəsində çıxış edən samboçumuz Ağasif Səmədov 4 bürüncü də olan millimizin hesabına 3-cü gümüş mükafatı yazdırıb. O, finalda ermənistanlı Tiqran Kirakosyanla qarşılaşıb. 1/4 finalda litvalı Gintaras Katkusu 5:0, yarımfinalda belaruslu Maksim Krasinskini məğlub edərək finala yüksələn təmsilçimiz bu dəfə yenilgiylə üzləşib.

Qeyd edək ki, bu gün xalça üzərində çıxan digər iki samboçumuz yarışı mükafatsız başa vurub. Cavidan Qarayev (62 kq) bürünc medal uğrunda qarşılaşmada, Abdulla Abdullayev (74 kq) isə təsəlliverici görüşdə uduzaraq mükafat şansını itirib.
Ümumilikdə isə sambo yığmamız yarışı üç medalla başa vurub. A.Səmədova qədər Mehman Xəlilov (57 kq) və Emil Həsənov (68 kq) dünən bürünc mükafat qazanıb.

xxx

13:37

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının sambo yarışları davam edir.

Unikal.org xəbər verir ki, bu gün Azərbaycanın üç samboçusu mübarizəyə başlayıb.

52 kq çəki dərəcəsində çıxış edən Ağasif Səmədov 1/4 finalda litvalı Gintaras Katkusu 5:0, yarımfinalda belaruslu Maksim Krasinskini məğlub edərək finala yüksəlib. O, çempion adı uğrunda qarşılaşmada ermənistanlı Tiqran Kirakosyanla görüşəcək.

Digər iki samboçumuz 1/4 finalda uduzublar. Cavidan Qarayev (62 kq) yunanıstanlı Savvas Karakizidisə, Abdulla Abdullayev (84 kq) xorvatiyalı Sumpor Dino Dominikə məğlub olub. 

Buna baxmayaraq, samboçularımız təsəlliverici döyüşlərə qatılacaq. C. Qarayev estoniyalı Vadim Fominlə, A. Abdullayev ermənistanlı Arsen Qazaryanla üz-üzə gələcək.